Noyabrın 4-də Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsində 8 Noyabr- Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və tədbir iştirakçıları fakültənin tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qarabağın azad edilməsi uğrunda apardığı Vətən müharibəsində qazandığı Zəfərin böyük tarixi-siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr Qələbəmizi təmin edən əsas amillərdən biridir.
Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov Füzuli rayonunun işğalı zamanı yaşadıqlarını unutmadığını və Zəfər Gününün şəhidlərin müqəddəs ruhuna ən yaxşı məlhəm olmasını bildirib.
Çıxış edən Azərbayan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Səməngül Qafarova bildirib ki, biz qazandığımız Qələbəni tarixi köklərin üzərində quran qalib xalqıq. Ona görə qalibik ki, dünya miqyasında, siyasətdə, müharibənin bütün istiqamətlərində güclü, cəsur, Müzəffər Ali Baş Komandanımız və yenilməz ordumuz var.
Sonda Azərbaycan filologiyası fakültəsinin tələbələri Sadəgül Baloğlanova, Nərgiz Ağasoy və Ziyad Sarıyev vətənpərvər ruhda şeirlər səsləndiriblər.
Sonda xatirə şəkli çəkdirilib.