BSU-da Zəfər Gününə həsr olunan rəsm sərgisi keçirilir

Bakı Slavyan Universitetində (BSU) 8 Noyabr-Zəfər Gününə həsr olunan rəsm sərgisi keçirilir. Qeyd edək ki, sərgidə BSU-nun tələbələrinin və BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin şagirdlərinin çəkdikləri rəsmlər nümayiş olunur. Rəsm sərgisində işğaldan azad edilmiş rayonlarımız, Azərbaycanın nadir incisi, Qarabağın tacı Şuşa şəhərinin, Qarabağın rəmzi xarı bülbülün, məşhur şair və xeyriyyəçi Xurşidbanu Natəvanın, şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin, BSU-nun şəhid məzunlarının rəsmləri, həmçinin Vətən müharibəsi ilə bağlı kompozisiya yer alıb. Eyni zamanda Vətən müharibəsindəki Zəfərimizin birinci ili ilə əlaqədar olaraq tənəffüs zənglərinin “Xudayar təsnifi” və digər vətənpərvərlik musiqiləri ilə əvəz edilməsi BSU-nun müəllim və tələbələrinin Qələbə əhvali-ruhiyyəsini daha da artırıb.