Bakı Slavyan Universitetinin tələbələri Hərbi Qənimətlər Parkında ekskursiyada olublar

      

   

Noyabrın 2-də Bakı Slavyan Universitetinin fəal tələbələrinin bir qrupu qarşıdan gələn 8 Noyabr-Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkında ekskursiyada olub.

Park Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunub. Tələbələr Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü Ermənistan Silahlı Qüvvələrinə məxsus tank, "Qrad" qurğuları, top, müxtəlif hərbi texnika və sursatlarla tanış olublar. Parkın ərazisində tank əleyhinə beton dirəklər, alçaq dirəklər üzərində tikanlı məftillərdən tor, hündür dirəklər üzərində məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərəçarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələri nümayiş etdirilir. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir. Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələrinin mum manikenləri nümayiş etdirilir. 

Hərbi Qənimətlər Parkına ekskursiya tələbə-gənclərə qürur hissi yaşadıb.