BSU-nun tələbələri “Beynəlxalq zəfər düşərgəsi”ndə iştirak ediblər

      

   

Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin lll tədris ili tələbəsi Murad Hüseynli, Filologiya və xarici dil müəllimliyi fakültəsinin ll tədris ili tələbəsi Rəqsanə Rəhimova Türkiyənin Qaziantep şəhərində Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə keçirilən “Beynəlxalq zəfər düşərgəsi”ndə iştirak ediblər. 

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.

Düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar müxtəlif tarixi abidələrə və turizm məkanlarına səfər edib, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunublar.

Tədbir çərçivəsində hər iki ölkənin gəncləri arasında vətənpərvərlik ruhunun aşılanması, Vətən müharibəsi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qəhrəman qazilərlə görüşlər də keçirilib.