BSU-nun təşkilatçılığı ilə Bolqarıstanda “Mən Azərbaycanı tanıyıram” mövzusunda uşaq rəsm müsabiqəsi keçirilib

 

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilmiş Bolqarıstan üzrə “Mən Azərbaycanı tanıyıram” mövzusunda 6 yaşından 18 yaşınadək uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. 

Müsabiqədə Bolqarıstanın müxtəlif bölgələrindən həm məktəblilər, həm də məktəbdənkənar müəssisələrin və rəsm dərnəklərinin üzvləri iştirak ediblər. Mərkəzə göndərilən 60-dan çox rəsm kağız üzərində sərbəst texnika ilə (karandaş, pastel, akril, sulu boya, qrafiti və s.) işlənib. Uşaqlar xalqımızın rəngarəng adət-ənənələrini, mədəniyyətini, Azərbaycanın multikultural ölkə olduğunu rəsmlərdə nümayiş etdirərək Azərbaycan barədə biliklərini göstəriblər.

Müsabiqəyə təqdim edilən bütün rəsmlər Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin “Feysbuk” səhifəsində yerləşdirilib və gələcəkdə həmin rəsmlərin canlı sərgisinin təşkili nəzərdə tutulur.