Vətən müharibəsi şəhidi Nicat Şükürlünün xatirə lövhəsinin açılışı olub

      

         

Oktyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) məzunu,Vətən müharibəsi şəhidi Nicat Ayaz oğlu Şükürlünün xatirə lövhəsinin açılış mərasimi keçirilib. Mərasimdə BSU-nun müəllim və tələbələri, Səbail RİH-in məsul əməkdaşları, şəhidin ailə üzvləri,döyüş yoldaşları, YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi partiya təşkilatının, Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin,Tələbə Gənclər Təşkilatının fəal üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhid Nicat Şükürlünün Badamdar qəsəbəsində yerləşən Şəhidlər xiyabanındakı məzarını ziyarət edərək məzarı önünə gül dəstələri qoyublar və əziz xatirəsini ehtiramla anıblar.Sonra şəhidin yaşadığı küçədə onun xatirə lövhəsi açılıb.

Mərasimdə çıxış edən Səbail RİH-in başçısı Vüqar Zeynalov Azərbaycanın suverenliyi naminə həlak olan hər bir şəhidin keçdiyi həyat yolunun təkrarolunmaz olduğunu vurğulayıb.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova şəhid Nicat Şükürlü ilə bağlı xatirələrini bölüşərək onun yüksək bilik və mədəni səviyyəyə malik, milli ruhlu, vərənpərvər bir gənc olduğunu vurğulayıb, böyük Şəhriyarın "Analar ağısı" şeirini səsləndirib.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri ali diqqət və qayğı xüsusi vurğulanıb.

Şəhid Nicat Şükürlünün valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,Nicat Şükürlü BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin məzunu olub.