Bakı Slavyan Universitetində "Vətən müharibəsi və yeni geosiyasi konfiqurasiya" mövzusunda dəyirmi masa keçirilib

       

      

       

      

   

Sentyabrın 28-də Bakı Slavyan Universitetində (BSU) 27 Sentyabr-Anım Günündən 8 Noyabr-Zəfər Gününədək həyata keçiriləcək tədbirlər silsiləsindən ölkənin aparıcı mütəxəssislərinin iştirakı ilə Anım Gününə həsr olunan "Vətən müharibəsi və yeni geosiyasi konfiqurasiya" mövzusunda dəyirmi masa keçirilib.Qeyd edək ki, səsləndirilən "Qələbə marşı" tədbirə xüsusi rəng qatırdı.

Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa iştirakçılarını salamlayan tədbirin moderatoru, BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, sentyabrın 27-si ölkəmizdə Anım Günüdür.Biz bu gün Azərbaycanın müasir tarixinin şərəfli bir dönəmini müzakirə etmək üçün toplaşmışıq. Bu gün yalnız bizim üçün deyil, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlı üçün mühüm tarixi əhəmiyyət kəsb edən bir gündür. Azərbaycan böyük Qələbəni əldə etmək üçün uzun illər siyasi,iqtisadi, hərbi və diplomatik sahələrdə fəaliyyət göstərdi və bu da öz müsbət nəticəsini verdi. Azərbaycanın öz milli maraqlarını təmin etmək üçün hücum diplomatiyasına keçməsi reallıq idi. Rəşadətli Azərbaycan Ordusu 30 ildə ermənilər haqqında formalaşmış mifi dağıtdı.27 Sentyabr 8 Noyabr Zəfərinə gedən yolun başlanğıcıdır. Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində biz bütövləşmiş Azərbaycanın yeni günlərini yaşayırıq. Qeyd edilməlidir ki, Azərbayanın müharibədə Qələbə qazanması ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsinə və inkişafına əlverişli şərait yaratdı.

Sonra BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının müdiri,tarix üzrə fəlsəfə doktoru,dosent Əsgər Əhməd "Hücum diplomatiyası: diplomatiyanın gücü və gücün diplomatiyası", Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı,hüquq üzrə elmlər doktoru,professor Əmir Əliyev " Vətən müharibəsi beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatlar müstəvisində", BSU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti,tarix üzrə fəlsəfə doktoru Alpay Əhmədov " Cənubi Qafqazda yeni təhlükəsizlik formatının formalaşmasında Vətən müharibəsi" , "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, BSU-nun Jurnalistika kafedrasının professoru,siyasi elmlər doktoru,Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə " İnformasiya müharibəsi müstəvisində üstünlüyün təmin edilməsində Prezident İlham Əliyev" , Beynəlxalq münasibətlər kafedrasının doktorantı İlyas Hüseynov " Şuşa Bəyannaməsi: geosiyasi əhəmiyyəti", Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova "Qarabağın dirçəlişi uğrunda birlik və həmrəyliyin əhəmiyyəti" mövzularında çıxışlar ediblər. 

İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışlarda son 30 ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin genişləndirdiyi hücum diplomatiyasının əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlməsi,bu diplomatiyaya yaradılan maneələr, ölkəmizin balanslaşdırılmış xarici siyasət kursu, BMT, ATƏT və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qətnamələr,Azərbaycanın hücum diplomatiyasında beynəlxalq hüququn normalarına əsaslanması, işğal olunmuş ərazilərin azad edilməsi üçün əks-hücum əməliyyatlarına əlverişli beynəlxalq siyasi vəziyyətdə başlanılması, Azərbaycanın hərbi-siyasi yolla 30 illik Dağlıq Qarabağ münaqişəsini nizamlaması,öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi,münaqişənin keçmişdə qalması, informasiya müharibəsinin hədəf və istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, ölkə Prezidentinin müharibə dövründə dünyanın 30-dan çox aparıcı media strukturlarına müsahibə verərək ermənilərin cinayətkar əməllərini beynəlxalq ictimaiyyətə çatdırması,böyük diplomatik missiyasını uğurla həyata keçirməsi, Şuşa Bəyannaməsinin mühüm tarixi-strateji əhəmiyyəti,ideoloji-mənəvi aspektləri, Türk dünyası üçün açdığı yeni üfüqlər,yeni siyasi konfiqurasiyanın formalaşması,eyni zamanda Qarabağın bərpasının,dirçəlişinin və yenidən qurulmasının sürətlə həyata keçirilməsi xüsusi vurğulanıb.

Tədbirdə iştirak edən BSU-nun fəxri məzunu,Vətən müharibəsi iştirakçısı Elnur Rəhimov keçdiyi döyüş yolu,eləcə də əsgər və zabitlərimizin birliyi,qəhrəmanlığı haqqında danışıb.

Daha sonra tədbir çıxışlar ətrafında fəal və maraqlı müzakirələrlə davam edib.BSU-nun tədris işləri üzrə prorektoru,profesor Telman Cəfərov,elmi işlər üzrə prorektoru,professor Rafiq Novruzov,tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova,Beynəlxalq münasibətlər kafedrasının müdiri,professor Habil Məmmədov,Jurnalistika kafedrasının müdiri,professor Şəlalə Həsənova,Pedaqogika və psixologiya kafedrasının müdiri,dosent Sevinc Axundova,Beynəlxalq münasibətlər kafedrasının dosenti Vüsalə Əliyeva,Azərbaycan multikultiralizmi və ölkəşünaslıq kafedrasının dosenti Sevda Axundova tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkür ediblər və hamını Qarabağın dirçəliş prosesində fəal iştirak etməyə çağırıblar.

                                               BSU-nun Mətbuat və informasiya şöbəsi