Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncama əsasən,Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsində həyatlarını itirən şəhidlərin xatirəsi anılır. Anım Günü Vətən müharibəsinin başlandığı gün-sentyabrın 27-də keçirilir.
Bu münasibətlə sentyabrın 27-də Bakı Slavyan Universitetində (BSU) ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.BSU-nun rektoru səlahiyyətlərini icra edən,siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev deyib: “Dövlət başçımız,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə 30 illik işğala son qoyaraq Qarabağı azad etdi.Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü təmin etdi.8 Noyabr xalqımızın müasir tarixinə Zəfər Günü kimi daxil oldu. Qarabağı işğaldan azad edən milli ruhlu,vətənpərvər gənclik cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə formalaşdı.Bu gənclyin yetişməsində təhsil işçilərinin də mühüm xidmətləri var.Azərbaycanın Vətən müharibəsində böyük Qələbə qazanması nəticəsində Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşdı”.
Sonra isə başda rektor səlahiyyətlərini icra edən,Anar Nağıyev olmaqla,prorektorlar,dekanlar,professor-müəllim heyətinin, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının universitet üzrə ərazi partiya təşkilatının Gənclər Birliyinin, Tələbə Gənclər Təşkilatının və Ölkəşünaslıq Klubunun nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Vətən müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.Eyni zamanda 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun və polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin xatirəsi ehtiramla yad edilib,məzarları önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. BSU-nun 3 məzunu-Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun rəhbərliyi və kollektivi daim onların xatirəsini əziz tutur. BSU-da şəhid soydaşlarımızla bağlı yaradılmış guşə də bu hörmət və ehtiramın əyani sübutudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!
BSU-nun Mətbuat və informasiya şöbəsi