Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də tarixi torpağı olan Qarabağ uğrunda başladığı Vətən müharibəsində qazandığı böyük Qələbə müasir tariximizə şərəfli və parlaq bir səhifə kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində tam və qəti Qələbə çaldı. 8 Noyabr-Zəfər Günü xalqımızın tarixində mühüm əhəmiyyət kəsb edən bir günə çevrildi. Qeyd etmək lazımdır ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində xalqımızın igid, cəsur,milli ruhlu vərənpərvər övladları misilsiz rol oynadılar. Onlardan biri də Bakı Slavyan Universitetinin (BSU) fəxri məzunu Elnur Nurəddin oğlu Rəhimovdur.
Elnur Rəhimov 1995-ci ildə Bərdə rayonunda anadan olub. 2002-2013-cü illərdə Bərdə rayonunda fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Məktəb-Liseydə orta təhsil alıb. 2013-2017-ci illərdə BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsində jurnalistika ixtisası üzrə ali təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Elnur Rəhimov 2020-ci ilin mart ayından zabit kimi fəaliyyət göstərməyə başlayıb. Vətən müharibəsinin ilk günündən düşmənə qarşı aparılan şürətli və uğurlu əks-hücum əməliyyatlarında fəal iştirak edən Elnur Rəhimov Cəbrayıl, Qubadlı və Laçın rayonlarında gedən döyüşlərin iştirakçısı olub. Oktyabrın 28-də Laçın rayonunun Arpagəlik kəndində gedən döyüşlər zamanı yaralanıb. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüşçü yoldaşlarının yanına qayıdıb və hazırda hərbi xidmətini davam etdirir.
Elnur Rəhimov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə dövlət başçımız cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. O dogma Qarabağın düşməndən azad edilməsində iştirak etməsindən böyük sevinc və qürur hissi keçirir.Sentyabrın 28-də dogma universitetində olan Elnur Rəhimov şəhidlər guşəsini ziyarət edib və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib.
Biz də BSU-nun qəhrəman məzunu Elnur Rəhimova ən xoş arzu və diləklərimizi çatdırır,ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və hərbi xidmətində uğurlar arzulayırıq.
Mətbuat və informasiya şöbəsi