Bakı Slavyan Universitetinin tələbəsi Murad Hüseynli "Diplomatiya həftəsi"ndə iştirak edib-FOTOLAR

          

Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin ll tədris ili tələbəsi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Murad Hüseynli iyulun 12-29-da Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən “Diplomatiya həftəsi”ndə iştirak edib. 

 

Layihənin birinci günündə baş tutan rəsmi açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək iştirakçıları salamlayıb. Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

 

Layihənin ikinci günündə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun mühazirəsi və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının çıxışı dinlənilib. Bununla yanaşı, layihənin ikinci günündə Müdafiə Nazirliyinin(MN) nəzdində fəaliyyət göstərən Azərbaycan Hərb Tarixi Muzeyinə səfər təşkil olunub. Səfər çərçivəsində “Diplomatiya həftəsi”nin iştirakçıları muzeydə Azərbaycan Silahlı Qüvvələrinə məxsus və müxtəlif dövrləri əks etdirən eksponatlarla tanış olub, MN rəsmilərinin və Vətən müharibəsi iştirakçılarının çıxışlarını dinləyiblər. İştirakçılar MN tərəfindən hazırlanan və Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan qısa filmi izləyiblər.

 

Layihənin üçüncü günündə iştirakçılar mədəniyyət naziri Anar Kərimovla görüşüblər. Növbəti görüş Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevlə onlayn qaydada təşkil olunub.

 

Layihənin dördüncü günündə xarici işlər nazirinin müavini Elnur Məmmədovla, Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayevlə görüşlər keçirilib.

 

Layihənin beşinci günündə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevin və Bakı Media Mərkəzinin ssenaristi və redaktoru Müsəllim Həsənovun çıxışları dinlənilib. Daha sonra Bakı Media Mərkəzinin rəhbərliyi və əməkdaşları ilə birgə Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəz tərəfindən hazırlanan və Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” filmi nümayiş olunub.

 

Layihənin altıncı günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovla görüş keçirilib. Həmin gün çərçivəsində həmçinin Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovla görüş olub.

 

Layihənin yeddinci günündə iştirakçılar XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva və CBC TV-nin baş direktoru Vüqar Xəlilovla görüşüb və media ilə əməkdaşlıq, xüsusilə də Vətən müharibəsi zamanı xarici mətbuatla iş məsələlərini müzakirə ediblər.

 

Layihənin səkkizinci günündə Milli Məclisin deputatı Kamal Cəfərovla görüşən tədbir iştirakçıları Azərbaycanın parlament diplomatiyası barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda iştirakçıların Milli Məclisə səfəri baş tutub. Milli Məclisin nəzdində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub və Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayevin çıxışı dinlənilib.

 

Layihənin doqquzuncu günündə layihə iştirakçıları Fəxri xiyabanı ziyarət edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər. Eyni zamanda iştirakçılar Şəhidlər xiyabanını, Türk şəhidliyini və İkinci Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmətlə anıblar.

 

Layihənin onuncu günündə XİN-in Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyevin, həmçinin Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun iştirakçılarla görüşü keçirilib. İştirakçı gənclər Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması, Latın Amerikası ölkələri ilə münasibətlərimiz barədə məlumatlanıblar. Eyni zamanda iştirakçılar məşhur fotojurnalist Reza Deqati ilə görüşüblər.

 

Layihənin on birinci günündə tədbir iştirakçıları XİN-ə səfər ediblər, nazirlikdə Konsulluq İdarəsinin rəisi Emil Səfərovla, habelə Mətbuat Xidməti İdarəsinin rəis müavini İlahə Novruzovla görüşlər keçiriblər.

 

Ertəsi gün “Diplomatiya həftəsi”nin bağlanış mərasimi keçirilib. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər. “Diplomatiya həftəsi”nin gedişi barədə videoçarx nümayiş olunub, iştirakçılara sertifikatların təqdim olunması mərasimi keçirilib və diplomatiya həftəsinin 40-a yaxın iştirakçısı sertifikatla təltif olunub.

 

Biz də növbəti uğuru münasibətilə Murad Hüseynlini təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. 

 

Mətbuat və informasiya şöbəsi