Ümumi orta müvəffəqiyyət göstəricisi yuxarı olan tələbələr kredit faizi verməyəcək

AZƏRTAC

 

Sosial təhsil tələbə krediti alan ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) tələbəyə həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq.

Standart təhsil tələbə kreditində isə ümumi orta müvəffəqiyyət göstəricisi 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) tələbə həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz verməyəcək.

AZƏRTAC xəbər verir ki, bu, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditin qaytarılması, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələlər tənzimlənir.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev 2021-ci il iyunun 17-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.