Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı

AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə pandemiya ilə bağlı vəziyyət barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi COVID-19 pandemiyası davam etməkdədir. Epidemioloji vəziyyətin getdikcə gərginləşməsi bir sıra ölkələrdə, eləcə də Azərbaycanda sərt karantin tədbirlərinin yenidən tətbiq olunmasını şərtləndirə bilər.

Pandemiyadan yeganə çıxış yolu əhalidə virusa qarşı kollektiv immunitetin formalaşmasıdır. Kollektiv immunitetin qısa müddətdə və təhlükəsiz yolla formalaşması yalnız vaksinasiya ilə mümkündür.

Ölkədə kollektiv immunitetin formalaşması istiqamətində artıq bir sıra tədbirlər görülmüşdür. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasında olmuşdur. Həmçinin, COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19 pasportuna malik olması, habelə toy mərasimləri keçirilən məkanlara və idman obyektlərinə daxil olmaq istəyən şəxslərin sözügedən pasporta sahib olması mütləq tələb kimi müəyyən edilmişdir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, ölkə əhalisinin sağlamlığının qorunması və vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Qərara əsasən 2021-ci il 1 sentyabr tarixindən etibarən:

dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

- çalışan işçi heyətin potensial xəstələrlə daimi təmasda olduqları nəzərə alınaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- əyani dərslərin davamlı və təhlükəsiz bərpası məqsədilə mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

- insanların sıx toplaşması və yoluxma riskinin yüksək olması nəzərə alınaraq, siyahısı müvafiq Qərarla təsdiq olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr.

Ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan şəxslər əyani dərslərə yalnız COVID-19 pasportuna malik olduqları halda buraxılacaqlar. Əlavə olaraq, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin qapalı məkanlarında göstərilən xidmətlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

COVID-19 pasportlarının operativ verifikasiyasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən müvafiq tətbiqetmə artıq yaradılmış və qısa müddətdə istifadəyə veriləcək.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər”.