Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsinə bulaq istifadəyə verilib-FOTOLAR

      

      

      

      

      

      

      

      

      

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Biləsuvar rayonunun Əsgərabad kəndində Vətən müharibəsi şəhidi Kənan Yalçın oğlu Rüstəmliin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhidin adını daşıyan abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

 
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Kənan Rüstəmli Bakı Slavyan Universitetinin (BSU) 2020-ci il məzunu olub. Abidə-bulaq kompleksinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) məsul şəxsləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin əməkdaşları, tanınmış incəsənət və mədəniyyət xadimləri,ziyalılar, rayon sakinləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin müdiri Aygün Kərimova, professor-müəllim heyətinin nümayəndələri,o cümlədən şəhid Kənan Rüstəmlinin müəllimi olmuş Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Nərmin Elyasova, xoreoqraf Əli Natiqoglu və universitetin tələbə-gəncləri də iştirak ediblər.
 
Açılış mərasimində Biləsuvar rayonundan Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Bəhruz Məhərrəmov və digər şəxslər çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində xalqımızın Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasından qürur hissi ilə danışıblar. Çıxışlarda qeyd edilib ki, xalqımızın Vətən müharibəsində Böyük Qələbə qazanmasında Kənan Rüstəmli kimi igid,cəsur, vətənpərvər oğullarımızın əvəzsiz xidmətləri var.
 
Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova şəhid Kənan Rüstəmli ilə bağlı xatirələrini bölüşüb,onun təhsildə və universitetin sosial-mədəni həyatında fərqlənən, yüksək mədəni səviyyəyə malik, milli-mənəvi dəyərlərimizə sadiq bir gənc olduğunu vurğulayıb.
 
Tədbirdə şəhid Kənan Rüstəmlinin ali təhsil diplomunun əlavəsi valideynlərinə təqdim edilib.
 
Şəhid Kənan Rüstəmlinin atası Yalçın Rüstəmli şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.
 
Sonra BSU-nun nümayəndələri şəhid Kənan Rüstəmlinin məzarını ziyarət edərək məzarı önünə əklil qoyublar və şəhidin ruhuna dualar oxuyublar.
 
Daha sonra isə BSU-nun təmsilçiləri şəhid Kənan Rüstəmlinin evində olaraq ailə üzvləri ilə görüşüblər. Görüş zamanı onlar belə igid və vətənpərvər övlad böyütdüklərinə görə şəhid Kənan Rüstəmlinin valideynlərinə təşəkkür edərək həmişə onlarla həmrəy olacaqlarını bildiriblər.
 
Şəhidlər ölməz,Vətən bölünməz!
 
Qarabağ Azərbaycandır!
 
 
Mətbuat və informasiya şöbəsi