Bakı Slavyan Universitetinin əməkdaşları Vətən müharibəsi şəhidi Nicat Şükürlünün büstünün açılış mərasimində iştirak ediblər

 

   

İyunun 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının  Bakı Slavyan Universiteti (BSU) ərazi ilk partiya təşkilatının (YAP) sədri, Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov və universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Həsənov Səbail rayonunun 49 nömrəli tam orta  məktəbinin məzunu, Vətən müharibəsi şəhidi Nicat Ayaz oğlu Şükürlünün büstünün açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, Vətən müharibəsi şəhidi Nicat Şükürlü həm də BSU-nun məzunu olub.

YAP-ın Nəsimi rayon təşkilatının BSU  ərazi ilk partiya təşkilatının sədri,Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova tədbir iştirakçılarını ürəkdən salamlayıb və BSU-nun rektoru, professor Nurlana  Əliyeva başda olmaqla, universitetin  professor-müəllim və tələbə heyəti adından Nicat Şükürlünün ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib və şəhidimizə   Allahdan rəhmət diləyib.Dosent Sevinc Axundova çıxışında deyib:”O dövlətlər, o xalqlar xoşbəxtdir ki, onların uğrunda  canını fəda edən Vətən övladları var. Şəhidlik zirvəsinə heç də hər bir Allah bəndəsi yüksələ bilmir. O məqama o insanlar ucalırlar ki, onlar Vətən, dövlət,millət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinə dik baxa bilirlər. Qərinələr, əsrlər keçməsinə baxmayaraq, şəhidlər heç vaxt xalq tərəfindən unudulmur”.

Daha  sonra dosent  Sevinc Axundova Nicat Şükürlünün universitetdə təhsil aldığı illərdə şəxsi keyfiyyətləri ilə sayılıb-seçilən tələbələrdən biri olduğunu, onun mərdliyinin, Vətənə olan sevgisinin göstərdiyi şücaət və qəhrəmanlıq sayəsində əsrlər boyu yaddaşlarda qalacağını vurğulayıb.

 

Mətbuat və informasiya şöbəsi