“Zəngəzur nəqliyyat dəhlizi” region xalqlarına rifah gətirə bilər

Məlum olduğu kimi, mayın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Ölkəmizin bü­tün vətənpərvər insanları, ziyalıları kimi, mən də bu nüfuzlu tədbirdə möhtərəm Prezidentimizin parlaq, dərin məzmunlu çıxışını, eləcə də digər natiqlərin fikir və mülahizələrini böyük maraqla izlədim. 

Qeyd etmək istəyirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cənubi Qafqazda dialoq və inkişaf üçün dünya səviyyəli əlverişli bir platformaya çevrilib. Qurum, eyni zamanda, dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvinin sülh, ədalət, tolerantlıq kimi bəşəri, humanist ideyalarını uğurla təbliğ və təşviq edir. Mərkəzin bu dəfə müzakirəyə çıxardığı mövzu xüsusilə aktualdır. Belə ki, bu gün, həqiqətən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. 

Çağdaş dünyanın görkəmli dövlət xadimlərindən olan İlham Əliyevin lideri olduğu Azərbaycan dövləti hazırda faktiki olaraq regionda sülh və təhlükəsizliyin, inkişaf və tərəqqinin lokomotivi rolunda çıxış edir. Dünya bunun fərqindədir və rəsmi Bakının bu istiqamətdəki gərgin səylərini yüksək dəyərləndirir. 

Bu gün regionda yeni reallıqlar yaran­mışdır. Azərbaycan xalqı Qarabağda ədalətli müharibə apararaq, 44 gün ərzində işğal altında olan torpaqlarını Ermənistanın silahlı qüvvələrindən azad etmişdir. Hazırda həmin ərazilərdə böyük tikinti-quruculuq işlərinə başlanmışdır. İkinci Qarabağ müharibəsində xalqımızın haqq işini dəstəkləyən dost dövlətlər bu prosesdə fəal iştirak edirlər. Bölgədə iri infrastruktur layihələrinin, xüsusilə Zəngəzur nəqliyyat dəhlizinin açılması və uğurla fəaliyyət göstərməsi üçün real imkanlar yaranmışdır. 

Dövlətimizin başçısı İlham Əliyev bu barədə demişdir: “Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar. Buna görə də, prinsipcə, düşünürəm ki, erməni siyasətçilərin Ni­zami Mərkəzində təşkil olunan tədbir və müzakirələrdə iştirakları mümkündür. Lakin bir məsələ də aydındır ki, Nizami Mərkəzi, bu nadir beynəlxalq institut eyni dəyərləri paylaşan insanlar sayəsində yaranıb. Niza­mi Mərkəzindəki böyük şəxsiyyətlərin sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərindən meyarları müəyyən edir. Hamınızı əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir. Buna görə də, əgər bəzi erməni siyasətçilərin mərkəzə qatılmalarından söz gedirsə, mən etiraz etmirəm”. 

Ermənistan dövləti sağlam məntiqdən çıxış edərək bölgədə yaranmış yeni reallıqlarla he­sablaşmalı, regionda gedən pozitiv proseslərə mane olmamalıdır. Əgər, rəsmi İrəvan, nəhayət konstruktiv mövqe tutarsa, bu, erməni xalqına da fayda gətirə bilər. Təəssüf ki, bu gün bir çox erməni siyasətçi hələ də revanşist bəyanatlar səsləndirir. Bu, əlbəttə, regionda təhlükəsizliyə və sülh işinə ciddi zərər vurur. Ümid etmək istərdik ki, Ermənistan rəhbərliyi düşmənçilik prinsipindən əl çəkərək, qonşuları ilə normal münasibətlər qurmağa üstünlük verəcək.

 

Mübariz ƏHMƏDOV, Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru