Bakı Slavyan Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

   

Mayın 20-də Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının onlayn formada növbəti iclası keçirilib. "Microsoft Teams" platforması vasitəsilə keçirilən iclasda BSU-nun rektoru,Elmi Şuranın sədri, professor Nurlana Əliyeva BSU-nun qarşıdan gələn 75 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı barədə geniş məlumat verib və bu istiqamətdə həyata keçiriləcək fəaliyyət çərçivəsində görüləcək işləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

Rektor Nurlana Əliyeva Elmi Şuranın iclasında həmçinin 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrindən irəli gələn vəzifələr barədə çıxış edib və bu əmrin layiqincə icra edilməsi üçün öz tapşırıq və tövsiyələrini verib. Rektor Nurlana Əliyeva qeyd edib ki, biz distant formada keçiriləcək yaz semestrinin imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etmək üçün var gücümüzlə çalışmalıyıq.

Elmi Şuranın iclasında rektor Nurlana Əliyeva Əlavə və qiyabi təhsil şöbəsində yenidənhazırlanma proqramı üzrə diplom ala bilməyən tələbələrə təkrar ali təhsil proqramı üzrə təhsilalma şəraitinin yaradılması üçün uyğunlaşdırılmış tədris planlarının tərtibi və təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması, tələbələrin müraciətləri əsasında bu şöbə üzrə təhsil haqqının ödənişlərinin qrafikinə dəyişikliyin edilməsi barədə məlumat verib.

Elmi Şuranın iclasında Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərova universitetin kafedralarının fəaliyyətinin monitorinqi ilə bağlı komissiyanın işi barədə, Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri,Elm və təhsil komissiyasının üzvü, dosent Nigar Soltanova kafedranın illik hesabatı barədə, Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilov,Tələbə Elmi Cəmiyyətinin sədr müavini Mirpaşa İlyasov,Magistrantlar Şurasının sədri Almaz Atakişibəyli təmsil etdikləri tələbə təşkilatlarının  illik hesabatları barədə çıxış ediblər.

İclasda habelə Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov sonuncu tədris ili tələbələrinin pedaqoji və istehsalat təcrübəsi üzrə attestasiya qaydalarına dəyişikliklər edilməsi məqsədilə yeni Əsasnamənin tətbiq edilməsinin vacibliyi barədə təkliflər irəli sürüblər.

Cari məsələlərin müzakirəsi zamanı elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov aprel-may aylarında universitetdə onlayn formada təşkil edilmiş elmi konfranslar, videogörüşlər barədə,eləcə də yeni nəşrlər, dissertasiya mövzularının təsdiqi və çapa tövsiyə haqqında məlumat verib.

İclasda Elmi katib, dosent Dürdanə Hümbətova Ümumi dilçilik kafedrası üzrə Xalidə Babaşovaya dosent elmi adının, Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası üzrə Səmayə Kərimovaya dosent elmi adının, Rus ədəbiyyatı tarixi kafedrası üzrə Şahnaz Seyidovaya dosent elmi adının, Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası üzrə Sevil Bağırovaya dosent elmi adının verilməsi haqqında çıxış edib.

Elmi Şuranın iclasında müzakirə olunan bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və qarşıda duran vəzifələrin uğurla reallaşması üçün səmərəli təkliflər səsləndirilib.

 

                                                     Mətbuat və informasiya şöbəsi