Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında ekskursiyada olublar

    

Mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi  fakültəsinin fəal tələbələrinin bir qrupu və  təlim-tərbiyə işləri üzrə dekan müavini, dosent Sevinc Musayeva Hərbi Qənimətlər Parkında ekskursiyada olublar.

Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı Qələbəyə həsr olunub. Tələbələr Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü  Ermənistan Silahlı Qüvvələrinə məxsus tank, "Qrad" qurğuları, top və digər hərbi texnika və sursatlarla tanış olublar.  Parkın ərazisində tank əleyhinə beton dirəklər, alçaq dirəklər üzərində tıkanlı məftillərdən tor, hündür dirəklər üzərində məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələri nümayiş etdirilir. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir. Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələrinin mum manikenləri nümayiş etdirilir. Hazırda fakültənin  IV tədris ili tələbəsi Aytac Məmmədova Hərbi Qənimətlər Parkında könüllü kimi fəaliyyət göstərir.

Ekskursiya tələbələrin böyük  marağına səbəb oldu.

 

Mətbuat və informasiya şöbəsi