Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında ekskursiyada olublar

      

Bakı Slavyan Universitetində (BSU) tələbələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda xalqa,millətə,Vətənə,doğma torpağa sevgi və ehtiram hissini daha da gücləndirmək məqsədilə ardıcıl olaraq müxtəlif tədbirlər,layihələr həyata keçirilir. Belə tədbirlərdən biri də mayın 6-da BSU-nun Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən,dosent Kamran Hacıyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, Tərcümə fakültəsinin fəal tələbələrinin bir qrupu Hərbi Qənimətlər Parkında ekskursiyada olublar. Məlumat üçün bildiririk ki, onlarla birlikdə Tərcümə fakültəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini,dosent Lalə Mikayılzadə və tədris məsləhətçisi Nurəngiz Novruzova Hərbi Qənimətlər Parkında olublar.

Ekskursiya iştirakçıları Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü hərbi texnika və sursatlarla tanış olublar.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Ermənistan Silahlı Qüvvələrinə məxsus olmuş “Qrad” qurğuları, toplar və digər hərbi texnika nümayiş etdirilir.Parkın mühəndis-istehkam sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə olan tank əleyhinə beton dirəklər, alçaq dirəklər üzərində tıkanlı məftillərdən tor, hündür dirəklər üzərində məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələri nümayiş etdirilir.

Təqdim edilən eksponatlar, sığınacaqlar, döyüş postları və əsgər kazarmaları,eləcə də Vətən müharibəsinin gedişi barədə dolğun məlumatlar Azərbaycana böyük tarixi Qələbəni qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Ümumilikdə ekskursiya tələbə-gənclərin böyük marağına səbəb olub və onlarda qürurverici təəssürat yaradıb.

 

Mətbuat və informasiya şöbəsi