Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı

ABŞ Prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” kəlməsini dilə gətirməklə yol verdiyi tarixi səhv Türkiyədə də, Azərbaycanda da böyük narazılıqlar yaradıb. Bu narazılığa səbəb guya demokratiyanın beşiyi adlanan, özünü bütün dünyada haqq-ədalətin mühafizi qismində təqdim etmək istəyən bir dövlətin rəhbəri səviyyəsində nümayiş etdirilən haqsızlıq, ikili standartlardır.

ABŞ-ın demokratiya, insan haqları kimi dəyərlərə hansı səviyyədə sadiqliyi Baydenin bu məsuliyyətsiz davranışı zamanı bir daha göründü. “Okeanın o tayında” bu prinsiplərin yerini çoxdan saxta dəyərlərin tutduğu növbəti dəfə təsdiqləndi.

Tarix geriyə dönüşü mümkün olmayan keçmişdir. Tarixi öyrənmək, onun dərslərindən bu gün və gələcək üçün müəyyən nəticələr çıxarmaq hər zaman fayda verə bilər. Amma tarixi bugünkü reallıqların alətinə çevirmək ziyanlı yanaşmadır. Çünki istənilən tarix artıq reallıq deyil. O öz dövrünü başa vurub. Keçmişi sənədli faktlar əsasında hər nə qədər dəqiqliklə öyrənməyə çalışsan da, onun ümumi mənzərəsi yenə də natamam qalacaq. Ona görə ki, keçmiş haqqında fikir yürüdən insanlar artıq o reallıqların içərisində deyil. Bu da illər əvvəl baş vermiş hadisə və proseslər haqqında tam obyektiv qənaətə gəlməyə tamamilə nail ola bilməyəcək. Ona görə də tarixə hər kəsin fərdi münasibəti ola bilər və bu da təbiidir. Dünya, tarixi xalqların bir-biri ilə qarşıdurmaları, müxtəlif səbəblərdən kütləvi insan ölümləri, işğallar, xalqların böyük köçləri, əhali yerdəyişməsi faktları ilə zəngindir. Bəşəriyyət inkişaf etdikcə, sənaye inqilabları, iqtisadi tərəqqi, elmin-təhsilin öz hüdudlarını genişləndirməsi nəticəsində insanlar artıq onilliklərdir anlamaqdadırlar ki, xoşbəxtliyin yolu əsla münaqişələrdə deyil. Bütün olub-keçənləri bir kənara qoyub, keçmişi sadəcə elmin maraq dairəsi kimi tarixşünasların öhdəsinə buraxıb, gələcək naminə əl-ələ verməkdədir. Xalqların növbəti faciələri üçün deyil, rifahı üçün çalışmaqdadır. Toplumlar arasında uçurum yarada biləcək münaqişə nöqtələrini tapıb alovlandırmaqda yox, onları ortaq məxrəcə gətirəcək, ümumi hədəflərə doğru birləşdirəcək mənəvi bağları, maraqları tapıb üzə çıxarmaqdadır. 

Belə bir yanaşmanın get-gedə hakim olduğu müasir dünyamızda tarix xüsusunda hansısa qeyri-dəqiq mülahizələrə əsaslanaraq Türkiyə kimi nüfuzlu, planetimiz üçün siyasi, iqtisadi, mədəni baxımdan son dərəcə yüksək əhəmiyyət kəsb edən böyük bir dövləti günahlandırmaq üçün zəmin hazırlamaqdan ziyanlı davranış ola bilməz.

Bildiyimiz qədər, Avropa institutularının tarixşünaslıqla bağlı üzv ölkələrə təklif etdiyi konsepsiyalar, vahid prinsiplər var. Ölkələrin keçmişi, ərazi hüdudları, xalqlar arasında baş vermiş münaqişələr bu prinsiplər çərçivəsində tədqiq edilməli, bu şəkildə öyrənilməli və insanlara da bu cür çatdırılmalıdır. Bunun əksi xalqlar arasında mənasız ərazi iddialarına, yeni insan faciələri doğuran münaqişələrə, qarşılıqlı ədavətə, bəşəriyyətin inkişafı istiqamətində birgə əldə edilmiş nailiyyətlərin itirilməsinə gətirib çıxara bilər. Bu gün Avropa ölkələri arasında hər birimizin heyranlıqla müşahidə etdiyimiz sərhədsiz dünyanı, qarşılıqlı hörmət ruhunu yaradan və qoruyub saxlayan da elə bu cür mövqelərdir.

ABŞ-ın belə ədalətsiz və məsuliyyətsiz davranışları isə dünyada sülhün, sabitliyin pozulmasına xidmət edir və ziyanlı məqsədlərə yol açır. Bayden “erməni soyqırımı” ifadəsini guya kimisə “günahlandırmaq üçün deyil, belə hadisələrin təkrarlanmaması” niyyətilə  dilə gətirdiyini bəyan etsə də, əsl niyyət təbii ki, anlaşılandır. Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil.Əsas səbəbkarlar regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı hazırda siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür.

Ağ Ev uzun illərdir ki, bu ifadədən Türkiyəyə qarşı psixoloji təzyiq mexanizmi kimi istifadə edir. Hər il 24 aprel ərəfəsində ABŞ prezidentinin 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri hansı ifadə ilə adlandırması söhbəti ortaya çıxır. Amma 1978-ci ildə ilk dəfə bu hadisələrlə bağlı çıxış edən ABŞ Prezidenti Cimmi Karterdən üzübəri yalnız bircə dəfə Ronald Reyqan Holokosta həsr olunmuş çıxışlarının birində “erməni soyqırımı” ifadəsini işlədib. Ondan sonrakı ABŞ prezidentləri, adətən,  24 aprel 1915-ci il hadisələrini nəzərdə tutaraq “böyük fəlakət”, yaxud “tarixin qaranlıq dövrü” ifadələrindən istifadə ediblər.Bu məsələdə mümkün qədər ehtiyatlı davranmağı üstün tutublar.

Baydenin məqsədli şəkildə dilə gətirdiyi bu yanlış ifadə isə Türkiyənin son onilliklərdə regionda getdikcə güclənən mövqeyinin doğurduğu təşvişdən irəli gəlir. Türkiyə regionda baş verən proseslərə təsir imkanları ilə, artan nüfuzu ilə, müstəqil mövqeyi ilə Amerikanın strateji planlarını pozmaqdadır. Zəmanəmizin ən parlaq liderlərindən olan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyəti sayəsində qardaş ölkə bu gün sarsılmaz regional gücə çevrilib. Bir zamanlar həm daxili siyasətdə, həm də hərbi, siyasi, iqtisadi baxımdan ABŞ başda olmaqla Qərbdən asılı olan Türkiyə artıq həmin Türkiyə deyil. Azərbaycan və Türkiyə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın  gələcəyə baxışı, sarsılmaz  iradəsi ilə bu gün türk dünyası bu iki dövlət ətrafında bir araya gəlir. Regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşır. Dövlət rəhbərimizin illər əvvəl bəyan etdiyi “Türk əsri”nə doğru tarixi addımlar atılır. Hazırda Pekin-Moskva-Ankara yaxınlaşması, Avrasiya qitəsinin orta xətt nəqliyyat qovşağının bu dövlətlərin idarəçiliyi altına keçidinə start verilməsi təbii ki, ABŞ-da narahatlıqla izlənir və Türkiyənin, ümumən Türk dünyasının böyük bir gələcəyə doğru addımlarının əngəllənməsi üçün ucuz vasitələrə əl atılır. Belə üsullar böyük ənənələri olan ABŞ dövlətçiliyi adına sadəcə utancdır. Bu dövlətin mütəfəkkir qurucularının irsinə, formalaşdırdıqları ənənələrə hörməti olan heç bir dövlət rəhbəri uydurulmuş erməni nağıllarından siyasi məqsədlər naminə istifadəni özünə rəva görməməli idi.

Erməni dövlətçiliyi kimi erməni soyqırımı mifinin də tarixi saxtakarlıqlar üzərində qurulduğu hər kəsə bəllidir. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları bütün dünyanı guya Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədilməsi yalanına inandırmağa çalışıb. Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən həyatını itirmiş erməniləri“soyqırım qurbanları” kimi qələmə verib. Bu zaman eyni vaxtda, eyni səbəblərdən ermənilərdən də çox türkün həlak olması faktı isə nədənsə təhrif edilib, danılıb. Əgər bu iş siyasətçilərə deyil, bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, peşəkar tarixçilərə həvalə edilsə, onlar 1915-ci ildə əslində nələr baş verdiyini asanlıqla müəyyən edə bilərlər. Arxivlər erməni yalanlarını ifşa edən sənədlər, sübutlarla zəngindir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Amma ermənilər və onların havadarları bu təklifləri eşitmək istəmir. Çünki məqsəd həqiqətləri öyrənmək və dünyaya nümayiş etdirmək deyil. Əsas niyyət bu cür saxtakar vasitələrlə Türkiyə qarşısında təzminat tələbləri qaldırmaq, hətta Türkiyə kimi güclü bir dövlətə qarşı ərazi iddiaları irəli sürməkdir. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da eyni cəfəng niyyətlərə xidmət edir. Əlbəttə, Türkiyə kimi güclü bir dövlətlə münaqişəyə girməyin tarixi Azərbaycan torpaqlarında özlərinə saxta dövlət qurmuş ermənilər üçün intihar demək olduğunu aydın düşüncə qabiliyyətinə malik hər kəs yaxşı dərk edir. Amma işğalçı qonşularımızın belə bir düşüncədən məhrum olduqlarını uzun illərdən bəri onların bədnam əməllərindən əziyyət çəkən xalq, cəmiyyət olaraq biz yaxşı bilirik.

Görəsən uzaq 1915-ci ildə hansısa soyqırım izləri axtararkən Baydenin erməni daşnaklarının bundan cəmi üç il sonra bolşeviklərlə birləşərək on minlərlə Azərbaycan türkünü qətlə yetirməsindən xəbəri varmı?! İndi məzlum cildinə girmiş ermənilərin yaxın tariximizdə - 1992-ci ilin 26 fevralında Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım aktını, bəşəriyyətə qarşı bu dəhşətli cinayəti təsəvvür edərkən heç vicdanı sızlayırmı?!

Əfsuslar olsun ki, yenə də böyük dövlətlərin əlində maşaya çevrilmiş ermənilərin, onların bu cür saxta tarixinin üzərində qurulmuş siyasətin ən böyük ziyanı, nə qədər qəribə olsa da, yenə Ermənistana dəyir. ABŞ və başqa-başqa ölkələrdə erməni lobbisi altında dəllallıq fəaliyyəti göstərənlər ola bilsin ki, Baydenin bu açıqlamasından da “diaspor biznesində” nəsə qazansınlar. Amma Ermənistanın bu cür siyasi yanlışlıqlardan çox böyük itkilərə məruz qalacağı şübhəsizdir.

Azərbaycanın 44 günlük Vətən savaşındakı Qələbəsi, ölkəmizin qardaş Türkiyə ilə birgə yaratdığı yeni reallıqlar bölgədə sülh, sabitlik, davamlı inkişaf, rifah üçün geniş üfüqlər açıb. Ermənistan səfalət içərisində bu inkişaf yollarına baxıb özünün çıxış yolunu ondan alət kimi istifadə edənlərin qoltuğuna sığınmaqda görür. Anlamır ki, böyük güclər işğalçı qonşumuzu regionun başağırısı kimi saxlamaqda maraqlıdırlar.  

Azərbaycan və Türkiyə münasibətləri isə hər zaman olduğu kimi yenə də stabildir. Azərbaycan sözügedən məsələdə də qardaş Türkiyənin yanındadır. Təsadüfi deyil ki, Azərbaycan Baydenin bəyanatından sonra Türkiyəyə dəstək verən ilk ölkə oldu. Baydenin açıqlamasından bir qədər sonra Azərbaycan və Türkiyə Prezidentləri telefon danışığı apardılar. Telefon danışığı əsnasında Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı. Azərbaycan Prezidenti bu qərarın yanlış olduğunu qeyd edib, onu tarixi səhv adlandırdı. Dövlət başçısı İlham Əliyev Azərbaycanın bu bəyanatını qəbuledilməz hesab etdiyini vurğuladı, Baydenin açıqlamasının regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi.

Öz növbəsində, Azərbaycanın Xarici İşlər Nazirliyi də Baydenin açıqlaması haqqında ədalətli bəyanat yaydı. Azərbaycan və Türkiyə qardaşlığı bu birliyi sarsıtmağa yönəlmiş bütün fitnəkar əməllərdən daha güclüdür. Heç bir xəbis niyyət bizim gələcəyə doğru qətiyyətli addımlarımıza mane ola bilməz. XXI əsr insanlarının düşüncə tərzini , siyasi baxışlarını, ədalətli mövqelərini dəyişdirmək mümkün deyil. Tarixi saxtalaşdırmaqla keçmiş haqqında nağıllar üzərində oyun quranlar öz nüfuzlarını baltalamaqdan başqa heç nəyə nail olmurlar.

 

Nurlana Əliyeva,

Bakı Slavyan Universitetinin rektoru,

YAP Veteranlar Şurasının üzvü, professor