Baş Prokurorluqdan Dürdanə Əliyeva ilə bağlı açıqlama: Cinayət işi başlanılıb?

Baş Prokurorluq Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva haqqında məlumata aydınlıq gətirib.

 

Qurumdan Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb:

 

“Baş Prokurorluq tərəfindən bildirilir ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcəkdir”.

 

Qeyd edək ki, ölkə mətbuatında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılması ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilib ki, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır.

 

Bahar Rüstəmli