Böyük missiyaya həsr edilmiş ömür

 

Nurlu dünyanın adamı

 

 

 

Peyğəmbərimizin məşhur  kəlamı var: “Cənnət anaların ayaqları altındadır”. Bu kəlamın mahiyyəti əsl Azərbaycan anasının adına layiq ali keyfiyyətləri öz şəxsində təcəssüm etdirən qadının müqəddəs ideallarından, mənəvi gücün qüdrətindən, doğmalarının həyatına bəxş etdiyi işıqdan gəlir.

 

Güclü, müstəqil Azərbaycan amalı uğrunda apardığı haqq mücadiləsində Ulu Öndər Heydər Əliyevin iki əsas mənəvi dayağı vardı. Onlardan biri daim bu böyük dövlət xadiminin dühasına güvənən, taleyini onun müdrik zəkasına etibar edən, ən çətin anlarında Ümummilli Liderinə sarsılmaz bir ümid bəsləyən Azərbaycan xalqı, digəri isə bütün həyatını ona həsr etmiş, vəfalı, etibarlı ömür-gün yoldaşı Zərifə xanım Əliyeva idi.

 

Zərifə xanım mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yolunda apardığı qətiyyətli mübarizədə böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən etibarlı silahdaşı olmuşdur.

 

 

 

Əsl insan haqqında hekayə

 

 

 

Onun ömür yolunun az qala hər addımı əsl insanlıq haqqında bir hekayədir.  Bu mənalı yol həyatını ailəsi, övladları naminə şam kimi əritmiş fədakar bir ananın, əsl Azərbaycan qadınının, xalqını, Vətənini canından artıq sevən gözəl ziyalının, təbabət elminə böyük töhfələr vermiş dünya şöhrətli oftalmoloq-alimin həyat yolu haqqında söhbət açır.

 

Zərifə xanım 1923-cü ilin 28 aprel günü Naxçıvanın Şahtaxtı kəndində, zəmanəsinin görkəmli dövlət xadimlərindən olan Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Onun həyat yolunun ilk günləri tariximizə dəyərli şəxsiyyətlər bəxş etmiş bu uzaq və sakit kənddən başlamışdı. Atası Əziz Əliyev Şahtaxtıya dədə-baba yurdu olan İrəvandan köçmüşdü. 1918-ci ildə erməni vəhşiliyi son həddə çatanda Əziz Əliyev Peterburqda Hərbi-Tibbi Akademiyada oxuyurdu. O, baş verənlər haqqında xəbər tutunca İrəvana qayıtdı. Vəziyyətin son dərəcə ciddi və dözülməz olduğunu görüb ailəsini uzaq qohumlarının yaşadığı Şahtaxtıya köçürdü. Bir müddət burada yaşadılar. Zərifə xanım da Şahtaxtıda dünyaya gəldi.

 

Erməni basqınları səbəbindən tibb təhsilini ikinci kursdan sonra yarımçıq qoymaq məcburiyyətində qalsa da, Əziz Əliyev təhsilini nəyin bahasına olursa-olsun davam etdirmək əzmində idi. 1919-cu ildə Bakıda universitetin fəaliyyətə başlaması onun arzularına qapı açdı. Əziz Əliyev universitetin Tibb fakültəsinin ilk tələbələrindən oldu. 1923-cü ilin mayında ailə həmişəlik Bakıya köçdü. Əziz Əliyev universiteti bitirdikdən sonra aspirantura təhsili alaraq, namizədlik dissertasiyasını müdafiə etdi. O, artıq 1932-ci ildə Azərbaycan səhiyyə komissarının müavini vəzifəsini icra edirdi.

 

Əziz Əliyev sonralar Azərbaycanda tibbi xidmətin təşkilatçılarından biri kimi tanındı, ictimai-siyasi fəaliyyəti ilə cəmiyyətə böyük töhfələr verdi. Atası 1935-ci ildə Azərbaycan Tibb İnstitutunun rektoru təyin olunanda Zərifənin on üç yaşı vardı. Dörd il sonra – 1939-cu ildə isə Əziz müəllim Azərbaycanın səhiyyə komissarı təyin olundu. Bu ocaqda böyüyən uşaqlar gözlərini açandan evlərində insan sağlamlığı, həkimin xalqa xidməti barədə söhbətlər eşitmişdi. Təsadüfi deyil ki, Əziz müəllimin övladlarından üçü Zərifə, Tamerlan və Cəmil məhz onun sənətini – həkimliyi seçdi.

 

Zərifə xanım orta məktəbi bitirəndə 1942-ci il idi. Cəbhədə sovet ordusu dalbadal uğursuzluqlara düçar olurdu. Atası da daim əsgər şinelində idi, evdə onun üzünə həsrət idilər. Dövlət onu haraya yollayırdısa gedirdi, əlindən gələni əsirgəmirdi. Zərifə də yaşadığı zamanın tələblərinə, atasının nurlu əməllərinə layiq olmalı idi. Ağır və mürəkkəb bir dövrdə orta məktəbi uğurla başa vurdu, kifayət qədər bilik toplamağa can atdı. Nəticə də onun zəhmətinə görə oldu: 1942-ci ilin yayında imtahanları uğurla verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil oldu. 1947-ci ildə bu ali təhsil müəssisəsini uğurla başa vuraraq Moskvada Oftalmologiya üzrə Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunda təhsilini davam etdirməyə başladı.

 

 

 

Göz həkimi

 

 

 

Tibb İnstitutunu müalicə həkimi kimi tamamlamış Zərifə xanımın göz həkimliyi ixtisasını seçməsinin ciddi bir səbəbi vardı. O dövrdə Azərbaycanda traxoma xəstəliyi geniş tüğyan edirdi. Gözü zədələyən, əksər hallarda isə ağır nəticəyə, hətta tam korluğa səbəb olan bu xəstəliklə mübarizə işinin düzgün təşkili respublikada ən vacib məsələlərdən birinə çevrilmişdi. Bu xəstəlik insanları görmə qabiliyyətindən məhrum etməklə yanaşı, onların simalarını eybəcərləşdirirdi. Bəzən ailənin iki-üç üzvünü dünya işığına həsrət qoyurdu. Traxoma infeksion bəla idi, hətta milçəklər vasitəsilə də yayılırdı. Tropik iqlimli ölkələrdə yayılan bu xəstəlik bataqlıq zonalarda, Kür və Arazın hər il daşdığı və bataqlıqlar yaratdığı yerlərdə xüsusilə güclü idi. Bu bəlanın kökünü kəsməkdən ötrü ölkədə yüksək peşəkarlığa malik ixtisaslı həkimlərə ehtiyac vardı. Zərifə xanım da məhz bu sahədə peşəkar bilik və bacarıqlara yiyələnməyi qarşısına məqsəd qoymuşdu.

 

Gənc həkim Moskvada böyük inkişaf aləminə düşdü. Faşizm üzərindəki qələbədən sonra insanlarda yüksək həyat eşqi yaranmışdı. Hər tərəfdə tikinti, bərpa işləri gedirdi. Ucsuz-bucaqsız ölkənin hər yerindən gənclər Moskvaya təhsil almağa gəlmişdilər. Ölkədə müasir biliklərin əhəmiyyəti düzgün dərk edilirdi. Moskvada keçirdiyi illər Zərifə xanım üçün də çox böyük məktəb oldu. O, oftalmoloq kimi zəruri nəzəri biliklərə və praktik bacarıqlara yiyələndi. 1949-cu ildə Bakıya qayıdaraq Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda çalışmağa başladı.

 

İnsanların kütləvi sayda traxoma xəstəliyinə yoluxaraq, olmazın əziyyətlər çəkdiyi həmin çətin zamanlarda Zərifə Əliyeva kimi yüksək təhsilə, peşəkarlığa malik göz həkimlərinin, səhiyyə təşkilatçılarının tibbi xidmətə başlaması minlərlə vətəndaşımız üçün böyük bir sərvət idi. O, digər həmkarları ilə birgə traxoma xəstəliyinin geniş yayıldığı Azərbaycan regionlarını qarış-qarış gəzirdi. Gözünün nurunu itirmiş vətəndaşlarımızın müalicəsi ilə məşğul olurdu. Eyni zamanda oftalmoloq-həkimlərin peşəkar inkişafı, xəstəliklə mübarizə işinə düzgün istiqamətlənməsi  məqsədilə onların qarşısında mühazirələr oxuyurdu. Onun əhali ilə apardığı profilaktik iş xüsusilə əhəmiyyətli idi. Zərifə xanım sadə zəhmət adamları ilə görüşür, onlara gözlərini bu xəstəlikdən qorumağın yollarını öyrədir, bunun üçün böyük təbliğat işləri aparırdı. O çətin vaxtlarda Zərifə xanım insanlara ağ xalatlı adi həkimdən, alimdən çox minlərlə soydaşımızın xilaskarı, gözlərdən zülməti qovan nur kimi görünürdü.

 

1950-ci illərdə bu qorxulu infeksiyanın qarşısını Zərifə Əliyevanın fəal iştirak etdiyi həkimlər briqadası aldı. Onlar dörd-beş il müddətində infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə mütəmadi səfərlər edib öz sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə nail oldular.

 

 

 

Fədakar alim

 

 

 

Zərifə xanım praktik həkimlik fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirirdi. Traxomanın müalicəsi ilə bağlı məsələlərin, o cümlədən traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə yollarını yorulmadan tədqiq edirdi. Apardığı genişmiqyaslı araşdırmalar zamanı gəldiyi elmi nəticələr Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsində” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapdı.

 

1968-ci ildən etibarən isə o, professional oftalmologiyanın digər aktual məsələlərini tədqiq etməyə başladı. Praktik həkimlik işindən də uzaqlaşmamışdı: çoxlu cərrahiyyə əməliyyatları həyata keçirir, xəstələri müayinə edir, onların müalicə tarixçəsini izləyirdi. Həm kurslara gələn həkimlərə oftalmologiyanın ən yeni nailiyyətləri, müalicə və cərrahiyyə üsulları barədə mühazirələr oxuyur, həm də cavan kadrlarla, tələbələri ilə elmi iş aparırdı. Ölkə üçün yeni, peşəkar oftalmoloqlar nəslinin yetişdirilməsinə böyük zəhmət sərf edirdi. Öz şəxsi nüfuzundan faydalanaraq əksəri sadə, zəhmətkeş ailələrdən çıxmış istedadlı, köməyə ehtiyac duyan gənclərə dəstək olurdu. Onların tanınmış elmi-tədqiqat institutlarının aspirantura və doktorantura pilləsinə qəbul olmalarına kömək göstərirdi.

 

Alimin şəxsiyyətinə yaxından bələd olanlar, taleyinə Zərifə xanımla birgə çalışmaq, ondan dərs almaq qisməti yazılanlar bu insanı geniş maraq dairəsinə malik əsl elm fədaisi, sadə olduğu qədər də nəcib bir Azərbaycan qadını kimi səciyyələndirirdilər.

 

Bu illərdə o daha mühüm bir problemlə - peşə ilə bağlı göz xəstəlikləri ilə məşğul olmağa başlamışdı. Həyatın tələbi olan bu problem minlərlə insanın görmə qabiliyyətini qorumağa yönəlmişdi. Azərbaycanda sənayenin sürətli inkişafı, istehsal sahələrinin genişlənməsi, xüsusilə kimya sənayesi bu sahələrlə bağlı insanlarda göz xəstəliklərini ciddi problemə çevirmişdi. Zərifə xanımın 1968-ci ildən sonrakı elmi fəaliyyətini professional göz xəstəliklərinə həsr etməsi də bununla əlaqədar idi. Sumqayıtda insanlar bütün ömürləri boyu kimyəvi maddələr istehsalı sahəsində çalışırdılar. Bu isə müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarırdı. Kimyəvi istehsal sahəsi insan orqanizmi üçün ən təhlükəli iş mühitidir. Burada bir sıra digər xəstəliklər də yarana bilir. Amma göz xəstəlikləri bunların bəlkə də ən ağırı idi. Zərifə xanım bunu yaxşı dərk edir və zəhmət adamlarına kömək edən dərmanlar və müalicə üsulları yaratmağa çalışırdı. Bu məqsədlə Bakı və Sumqayıtın bəzi zavodlarında eksperimentlər keçirilirdi. Təcrübi yol kimyəvi maddələrin və zəhərlərin insanın görmə orqanına təsirini əsaslandırmaq üçün zəruri idi. Bu işlərlə bağlı tədqiqatçı tez-tez kimya müəssislərində olur, xəstələri ilə görüşür, patoloji halları izləyirdi.

 

Görkəmli alim çoxillik araşdırmalarını professional göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi isə 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən biri olan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin ildə Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi, Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, bir ildən sonra isə kafedranın rəhbəri oldu.

 

1979-cu ildə SSRİ miqyasında görkəmli oftalmoloq kimi tanınan alimin həyatında yeni əlamətdar hadisə baş verdi. Zərifə xanımın təşəbbüsü ilə Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı və o, bu laboratoriyanın rəhbəri oldu. Əslində bu, dünya şöhrətli alimin elmi məktəbi idi. Bu dövrdə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çıxdı. Alim virus mənşəli göz xəstəlikləri barədə qiymətli əsərlər yazdı. Göz cərrahiyyəsi, həkim etikası, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edir, bu daxili hisslər isə dəyərli əsərlərin yaranması ilə nəticələnirdi. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə o, oftalmologiya aləmində ən yüksək mükafata layiq görüldü.

 

1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Bu, onun elmə verdiyi töhfələrin bir daha təsdiqi idi.

 

Azərbaycanın Əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə xanım Əliyeva dünyanın ən görkəmli tibb tədqiqatçıları tərəfindən nüfuzlu alim kimi qəbul edilirdi. Elmi-praktik yaradıcılıq fəaliyyəti boyu onun 140 elmi əsəri, 10 monoqrafiyası çapdan çıxmış, görkəmli alim məşğul olduğu elm sahəsində 12 səmərəli təklif irəli sürmüşdür. Akademikin bir çox monoqrafiyaları bu gün də oftalmoloqların və profpatoloqların stolüstü kitabıdır.

 

 

 

Ataya layiq övlad

 

 

 

Zərifə xanım elm üçün gözəl tədqiqatçı, Ulu Öndər Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə, cəmiyyətmiz üçün isə əsl insanpərvərlik mücəssiməsi idi.

 

O, əsl mənəviyyat dünyasının adamı idi. Ailəsinə yaxın insanlar onun ədəbiyyata, incəsənətə, xüsusilə musiqiyə dərin sevgisini rəğbətlə xatırlayırlar. Yaşının erkən çağlarından mütaliəyə böyük maraq göstərirdi. Fortepianoda gözəl ifa etməyi bacarırdı. Xalq mahnılarını sevir, klassiklərin, Azərbaycan bəstəkarlarının əsərlərini yüksək qiymətləndirirdi. Bütün bunlar, təbii ki, Zərifə xanımın doğulub böyüdüyü ailə ocağından, tərbiyə aldığı Leyla xanım kimi səbrli, iradəli, yüksək mənəvi keyfiyyətlərə malik bir ananın yaratdığı təsirdən irəli gəlirdi. Zərifə xanımın həyat fəlsəfəsinin kökləri də onun uşaqlıq illərindən, ailəsindəki ali məramlı mühitdən gəlirdi. Sonralar o özü də belə bir fikri tez-tez təkrarlayardı ki, uşaqlıq insanın özünü dərk etməsi üçün ən vacib dövrdür. Məhz uşaqlıqdan insan xeyirxahlığın, humanizmin, başqalarına sevgi hissinin nə olduğunu dərk etməyə başlayır.

 

Zərifə xanımın atası Əziz Əliyevin şəxsiyyətinə cəmiyyət çox yaxşı bələd idi. O, aid olduğu xalq qarşısında ictimai borcunu dərindən dərk edərək insanlara ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb boya-başa çatdırmışdı.

 

Bu ailə, ümumiyyətlə, ziyalı mühitinin inkişafına xidmət edən layiqli ocaq idi. Dövrün görkəmli ziyalıları tez-tez Əziz Əliyevin evində yığışardılar. Süfrə arxasında maraqlı müzakirələr aparılar, Azərbaycan mədəniyyətinin inkişafına xidmət edən yeni ideyalar, təşəbbüslər formalaşardı. Bu mühit, təbii ki, Əziz Əliyvin ailəsində böyüyən övladların da yüksək səviyyədə yetişməsinə mühüm təsir göstərirdi.

 

Mükəmməl ailə tərbiyəsi, sonralar Ulu Öndər Heydər Əliyevlə birgə addımladığı çətin və şərəfli həyat yolu Zərifə Əliyevanı geniş dünyagörüşünə malik kamil bir şəxsiyyət kimi formalaşdırmışdı. Kamilliyə can atmaq düşünən insanın ən mühüm keyfiyyətlərindəndir. Düşüncə kamilliyi isə bir qayda olaraq əxlaqla peşə dünyagörüşünün dialektik vəhdətindən yaranır. Zərifə xanımın yüksək intellektual mövqeyini şərtləndirən ən əsas məqam da elə bundan ibarət idi ki, bu nəcib insan daim tibbi praktikada əxlaqi dəyərlərə böyük üstünlük verir, bu dəyəri gənc yetişdirmələrinə də təlqin edirdi. Zərifə xanım bütün ömrü boyu alim, həkim adının ucalığını, içdiyi Hippokrat andına sadiqliyini qorumuşdu. Onun elmi yaradıcılığının mühüm bir qismini həkim əxlaqı, etikası mövzularına həsr etməsi də əsla təsadüfi deyildi.

 

 

 

Birinci xanım

 

 

 

Zərifə xanım  həm ömür-gün yoldaşı, həm də ana kimi mükəmməllik örnəyi idi. Heydər Əliyevin məşğul olduğu dövlət işləri zaman tələb edən problemlərlə bağlı idi. O, öz işinin məsuliyyətini dərk edir, çalışmaqdan yorulmurdu. Zərifə xanımın da işi az deyildi. Xəstələrin müayinə və müalicəsi, ekspedisiyalar, elmi axtarışlar, dissertasiya üzərində iş...  Amma əsl Azərbaycan qadını kimi onun üçün də ailə qayğıları, həyat yoldaşına kömək hər şeydən öndə gəlirdi. Atasının taleyindən bilirdi ki, dövlət adamlarının əsas dayağı ailədəki sabitlik, xoş, isti, doğma mühitdir. Dövlət işində tez-tez baş verən fırtınalar qarşısında davam gətirmək üçün böyük liderlər ən çox ailənin rahat, hərarətli mühitinə, əzizlərinin sevgisinə ehtiyac duyurlar.

 

1955-ci ildə ilk övladları Sevil dünyaya gəldi. Gənc ailənin sevincinin həddi-hüdudu yox idi. Evdə eşidilən dünyanın ən gözəl musiqi sədası, körpə səsi onların dünyasını fərəhlə doldurmuşdu. 1961-ci ilin dekabrında isə tale bu ailəyə ikinci övladları İlhamı bəxş etdi. Zərifə xanım övladlarının qayğıları və tərbiyəsi ilə özü məşğul olurdu. O, bundan böyük zövq alırdı.

 

Ulu Öndər Heydər Əliyevin də, akademik Zərifə xanım Əliyevanın da əldə etdikləri uğurların təməlində onların bir-birinə qarşılıqlı dəstəyi dururdu. Azərbaycan qadınının cəmiyyət həyatındakı yerini və rolunu daha yüksəklərdə görmək istəyən Heydər Əliyev ailə başçısı kimi də belə bir yanaşma sahibi idi. Ailə həyatının ilk günlərindən o, həyat yoldaşını məişət qayğılarını mümkün qədər məhdudlaşdırıb elmi fəaliyyətini gücləndirməyə həvəsləndirirdi. Ona mənəvi köməyini əsirgəmirdi. Həyat yoldaşının dəstəyi, özünün əzmkarlığı sayəsində Zərifə xanım gənc vaxtlarından alim kimi axtardığı müqəddəs yolu, elmin böyük yolunu, nəhayət ki, tapmışdı.

 

1969-cu ildə Heydər Əliyev respublikanın rəhbəri seçildi. Bu, gənc ailəyə doğma olan bütün insanlar üçün böyük sevinc və təntənə idi. Zərifə xanım isə bu nailiyyətin böyük məsuliyyət hissini də yaxşı dərk edirdi. Çünki ətrafda yüksək vəzifəni başqalarından seçilmək, müxtəlif sosial imtiyazlar qazanmaq, kənara təkəbbür göstərmək kimi başa düşənlər də o zaman kifayət qədər idi. Zərifə xanım isə anlayırdı ki, ailə başçısının yüksək ictimai statusuna baxmayaraq, sadəlikdə, səmimiyyətdə, insanlara xoş münasibətdə, davranışda başqalarına nümunə olmaq, xüsusilə övladlarını heç bir güzəşt olmadan tərbiyə etmək, ən yüksək təhsil vermək gərəkdir. Birinci növbədə isə onlara zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı aşılamaq lazım idi. Bu, ana borcu idi və Zərifə xanım öz borcunu ləyaqətlə və çox böyük məhəbbətlə yerinə yetirirdi.

 

O, Azərbaycan xalqı üçün görkəmli övladlar yetişdirmiş, xarakterindəki nəcib xüsusiyyətləri onlara da ötürmüşdü. Şəxsiyyətinə dərin ehtiram bəsləyən yaxınları Zərifə xanımı övladlarına çox bağlı, gərgin iş rejiminə rəğmən onların tərbiyəsi üçün vaxt və enerji həsr etməyi bacaran fədakar bir ana kimi xatırlayırlar. Övladlarının parlaq, işıqlı, Vətənə bağlı insan kimi tərbiyə olunmasında bu fədakar oftalmoloq-alimin, ziyalının əvəzsiz rolu olmuşdu.

 

O, Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə həmin illər üçün Qərb təcrübəsindən çıxış etsək, ölkənin birinci xanımı missiyasını yerinə yetirirdi. Əlbəttə, həmin dövrdə keçmiş sovet ölkələrinin heç birində belə bir ənənə mövcud deyildi. Ölkə rəhbərlərinin xanımları bu statusu daşımazdılar. Onlar cəmiyyət arasına çıxmaz, konsertlərdə, tamaşalarda isə yarıbağlı lojalarda əyləşərdilər. Bizim respublikamızda da ümumi ənənələrə riayət edilərdi. Bu ənənəni ilk dəfə Ulu Öndər Heydər Əliyev pozdu. Respublikaya rəhbərlik etməyə başladığı zamandan Zərifə xanım onun yanında idi. Bu, başqa rəhbərlərin də bayram tədbirlərinə, tamaşa və konsertlərə xanımları ilə gəlməsinə səbəb oldu. O tədbirlərdə Zərifə xanımı müşahidə edən hər kəs xatırlayır ki, birinci xanımlıq ona çox yaraşırdı. O, eleqant, ziyalı xanım olaraq, həm də hamı ilə mehriban və səmimi idi. Əlbəttə, Zərifə xanımın yüksək pozitiv enerjisi Heydər Əliyevə də müsbət təsir göstərirdi.

 

O illərdə Bakıda çoxsaylı maraqlı yaradıcılıq gecələri, Moskva teatrlarının qastrol tamaşaları, məşhur kollektivlərin və ayrı-ayrı tanınmış incəsənət xadimlərinin konsertləri olurdu. Zərifə xanımın bu mədəniyyət tədbirlərində mütəmadi iştirakı, qonaqlarla səmimi ünsiyyəti daha xoş təəssürat yaradırdı.

 

 

 

O, çox təvazökar idi

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anası Zərifə xanımın böyük lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi bütün işlərdə ona dayaq olduğunu, dəstəklədiyini xatirələrində qeyd edir: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

 

Böyük məhəbbətinə sədaqət hissi Zərifə xanımı yaşadan həyati dəyər idi. Ulu Öndər Heydər Əliyevin onun haqqında çəkilmiş sənədli filmlərdə, müsahibələrində, insanlar qarşısındakı səmimi çıxışlarında ömür-gün yoldaşı haqqında bölüşdüyü xatirələr bu gün də bütün Azərbaycan gəncləri üçün sevginin, sədaqətin, əhdə vəfanın təcəssümüdür. Zərifə xanımın Fəxri xiyabandakı məzarüstü abidəsinin açılışı günü Ulu Öndərin heykəlin önündə duyğulandığı tarixi məqam əsl sevgiyə sədaqət hissinin mənəvi ifadəsi kimi hər dəfə xatırlandıqca insan qəlbini riqqətə gətirir.

 

Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı qəbirüstü abidəsini hazırlamış görkəmli heykəltəraş Ömər Eldarov xatırlayır ki, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərlə yaradıcılıq emalatxanamda görüşdük. Onun vəfalı ömür-gün yoldaşı, mərhum Zərifə xanımın məzarüstü abidəsi üzərində işləyirdim. Abidəyə diqqətlə baxdı. Bir qədər əvvəl sifətində olan xoş duyğulardan əlamət qalmadı. Ürəyimdən keçdi ki, yəqin işi bəyənməyib. Nə biləydim ki, son dərəcə kövrək ürəkli şəxsiyyət ötən illəri, həyat yoldaşı ilə birgə ömür sürdükləri anları xatırlayıbmış. Handan-hana “Sağ ol, Ömər, sən Zərifə xanıma ikinci ömür vermisən” dedi.

 

O, buna layiq idi. Səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işi arasında vəhdət, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına sonsuz məhəbbət və fədakarlıq Zərifə xanım Əliyevanın şəxsiyyətini səciyyələndirən ən əsas xüsusiyyətlərdəndir.

 

 

 

Təfəkkürə və xeyirxahlığa xidmət

 

 

 

Zərifə xanım o dövrdə nüvə fəlakəti ilə üzləşmiş planetimizə sülh, əmin-amanlıq gətirən dünya şöhrətli alimlərin ön cərgəsində addımlayırdı. “Elə şeylər var ki, biz onları tarixin soyuq məhkəməsinə saxlaya bilmərik, onlar haqqında indi danışmalı və qiymət verməliyik”, - deyirdi Zərifə xanım. Əlavə edərdi ki, “Sülh uğrunda mübarizə bizim missiyamız, borcumuzdur. Bu həm də bütün elm və mədəniyyət xadimlərinin və ilk növbədə ziyalıların işidir. Çünki Yer üzündə sülhü qorumaq insanların firavan həyatını, tələbatını təmin etmək və onların xoşbəxt olmaq hüququnu qorumaq deməkdir”.

 

Yaxından tanıyanlar xatırlayırlar ki, o, belə bir aforizmi təkrarlamağı çox sevərdi: “Eyni zamanda təfəkkürə və xeyirxahlığa xidmət etməkdən böyük xoşbəxtlik yoxdur”. Zərifə xanımın bütün həyat və yaradıcılığı bu müdrik fikirdə öz ifadəsini tapmışdı.

 

“Zərifə xanım çox yüksək mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan idi. Nəinki öz peşəsində, eyni zamanda hərtərəfli istedadlı bir insan idi və bəziləri üçün o, necə deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, hər kəsə kömək göstərsin. Tanımadığı adamların xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin böyük əksəriyyəti öz həllini tapırdı. Yəni daim insanlara xidmət etmək, kömək göstərmək arzuları, amalları ilə yaşayırdı” – Azərbaycan Prezidenti anası Zərifə xanımı işıqlı xatirələrlə yada salır. “Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq – bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.

 

...Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi”.

 

Gözünün nuru olan əziz oğlu İlhamın uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma əziz övladının öz xalqının sevimli Prezidenti olduğu bu illəri görmək, bu fərəhi yaşamaq qismət olmadı. Bu gün bu fərəhi bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir. Bu təntənədə ömrünü böyük şəxsiyyətlərin ucalığına həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti var!...

 

Alim-həkim ömrünün ən gözəl, müdrik, səriştəli zamanlarında olan Zərifə xanımın böyük arzu və ümidləri, yeni elmi layihələri vardı. Əfsus ki, tale aman vermədi. Çarəsiz xəstəlik 1985-ci ildə onun ömrünə son qoydu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu itkinin acısını müsahibələrinin birində belə dilə gətirmişdi: “Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır”.

 

Zərifə xanımın xatirəsi cənab İlham Əliyevin Azərbaycan üçün gördüyü tarixi işlərdə, nəcib əməllərində, Mehriban xanımın Vətənə verdiyi töhfələrdə, yaratdığı xeyirxahlıq, humanizm, mərhəmət, insana sevgi nümunələrində də yaşayır, ömür sürür. Bütün ömrünü insanlara nur bəxş etmək üçün yaşamış Zərifə xanım Əliyeva insanlıq üçün işıq və sevgi dolu bir yaddaşdır. O, yaddaşımızda elmlə təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsindədir. Zərifə xanım bu zirvədə qərar tutmuş nur abidəsidir. Nə qədər ki yaddaşımız yaşayır, həmin yaddaşdakı uca şəxsiyyətlərimiz də həyatdadır, bizimlədir, nurlu xatirələri ilə həyat yollarımıza nur paylayırlar.

 

 

 

Nurlana ƏLİYEVA,

 

Bakı Slavyan Universitetinin rektoru, professor,  YAP Veteranlar Şurasının üzvü