Aprelin 23-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən təşkil olunmuş “Ortaq keçmiş və onun müasir interpretasiyası” adlı silsilə onlayn seminarın növbəti qonağı professor Fatima Festiç olub. Professor F.Festiç “Milli dillərin formalaşmasında identiklik və indentifikasiyalar: Xorvatiya və Bosniya-Herseqovina (Yusoslaviya öncəsi və sonrası) mədəniyyət kontekstində müqayisələr” adlı məruzə ilə çıxış edib. Professor F. Festiç etnik dilin formalaşmasında tarixi aspektdən- Habsburq, Osmanlı və Sosialist Yuqoslaviyası fonunda müqayisələr aparıb. Professor xalqın formalaşması və etnik dilin bərqərar olmasında dilin qarşılıqlı təhrikedici iki proses olduğunu vurğulayıb.
Son 25 ildə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da yaşayan professor F. Festiç Bosniya-Herseqovina və Xorvatiyanı böyüməyində, təhsilində, vətəndaş kimi formalaşmasında, özünü mədəni ifadə üçün başlanğıc zəmin hesab edir. Bu ölkələrin tarixləri, coğrafiyaları, siyasi və imperiya konfiqurasiyaları, mədəni dairələri, dilləri ilə sıx şəkildə hələ bir-birinə bağlı olduğunu deyən professor Qərbi Avropa katolik Xristianlığının, Osmanlı-din-millət modelinin ərazidə yaşayan xalqların dil amilinə təsiri haqqında da məlumat verib.
Professor F. Festiç eyni zamanda, dilin ayrı-ayrı statuslarını və xüsusiyyətlərini itirmədən ünsiyyət axınlarında etnik icmaların və dövlətlərin yaşaması üçün tarixən zəruri olduğunu sübut edən gücə sahib olduğunu bildirib.
Onlayn tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin moderatoru, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva iştirakçılara minnətdarlığını bildirib.
Mətbuat və informasiya şöbəsi