“Qarabağ müharibələri və Azərbaycan xalqının mənəvi dəyərlərinin təzahürü” adlı məqalənin onlayn müzakirəsi keçirilib

   

Aprelin 22 -də Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər  kafedrasının dosenti  Şəhla Nuruzadənin 15 aprel 2021-ci il tarixində “İki sahil” qəzetində dərc olunmuş “Qarabağ müharibələri  və Azərbaycan xalqının mənəvi dəyərlərinin təzahürü” adlı məqaləsinin tələbələrin  və kafedranın müəllimlərinin iştirakı ilə onlayn müzakirəsi keçirilib.

Dosent Şəhla Nuruzadə məqalədə öz əksini tapmış mənəvi dəyərlərin Vətən müharibəsi zamanı Azərbaycan xalqının tarixi Qələbəsində böyük rol oynadığını, torpaq, Vətən, bayraq, igidlik, vətənpərvərlik, dostluq, milli həmrəylik və s. kimi dəyərlərin xalqın dünyagörüşü və mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu,dövlətçilik ənənələrini özündə əks etdirdiyini tələbələrin və müəllimlərin  diqqətinə çatdırıb.

Müharibədə əsgər və zabitlərin igidlik göstərmələrinə və Qələbənin əldə edilməsinə təsir edən amillər – tarixi yaddaş, milli-mənəvi dəyərlərimiz və dövlətçilik ənənələrimiz, Qələbədə ailənin, Azərbaycan qadınının, təhsilin mühüm rol oynadığı qeyd edilib.

Tədbirdə məqalədə adı çəkilmiş hərbçilər  - Ceyhun Nuruzadə, Azad Həsənov, Ənibəy Dadaşov və Elvin Ağazadə haqqında məlumat verilib.

Məqalədə Qələbədə Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin rolunun yüksək olduğu və Ali Baş Komandanın çıxışlarında torpaq, Vətən kimi müqəddəs dəyərlərin öz geniş əksini tapdığı  bildirilib.

Sonra professor Habil Məmmədov, dosent Adil Rəcəbli, dosent Ləman Qarayeva və tələbə Nərmin Quluzadə mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

 

Mətbuat və informasiya şöbəsi