Bakı Slavyan Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

Aprelin 21-də Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının onlayn formada növbəti iclası keçirilib. BSU-nun rektoru,Elmi Şuranın sədri, professor Nurlana Əliyeva əvvəlcə iclasda Filologiya və xarici dil müəllimliyi fakültəsinin Alman filologiyası kafedrasının dosenti Telman Kazımovu 75 illik yubileyi münasibətilə təbrik edib,ona möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində böyük nailiyyətlər arzulayıb.

Məlumat üçün bildiririk ki,dosent Telman Kazımov 75 illik yubileyi və BSU-da uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiyinə görə bu ali təhsil müəssisəsinin Təşəkkürnaməsi və Həmkarlar İttifaqı Komitəsinin mükafatı ilə təltif edilib.

Dosent Telman Kazımov göstərilən diqqət və qayğıya görə BSU-nun rəhbərliyinə təşəkkür edib.

Sonra Elmi Şuranın gündəliyinə daxil olan məsələlər müzakirə edilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva və  elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov  ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan tədbirlər planı barədə,eləcə də bu tədbirlər planı çərçivəsində keçiriləcək “Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq onlayn elmi konfransın təşkilati məsələləri barədə məlumat veriblər.

Rektor Nurlana Əliyeva və prorektorlar Elmi Şuranın iclasında həmçinin kafedraların fəaliyyətinin monitorinqi barədə çıxış ediblər. Onların çıxışlarında reytinq cədvəlinə uyğun olaraq professsor-müəllim heyətinin əmək haqlarının ödənişinə keçid məqsədilə müvafiq ixtisaslar üzrə tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin yazılması, beynəlxalq indeksli(impakt faktorlu) jurnallarda məqalələrin nəşri, beynəlxalq elmi konfranslarda iştirak, açıq dərslər və təqdimatlar, tələbələrin elmi işlərinə rəhbərlik ( müştərək məqalələrin dərci), ideoloji və tərbiyəvi iş, universitetin və fakültənin fəaliyyəti haqqında, ayrı-ayrı ixtisasların reklamı istiqamətində mətbuatda, sosial şəbəkələrdə, sərgilərdə çıxışlar və digər vacib məqamlar geniş əksini tapıb.

Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov 2020-2021-ci tədris ilində BSU-da doktorantura və dissertanturaya qəbulun nəticələri,dissertasiya mövzularının təsdiqi,habelə təhsil naziri ilə rektorların videogörüşündə impakt faktorlu jurnallarda nəşr məsələləri ilə  bağlı qaldırılan problemlər və BSU-da hazırlanmış tədris vəsaitlərinin çapa tövsiyəsi barədə çıxış edib.

Elmi Şuranın iclasında gizli səsvermə yolu ilə keçirilən müsabiqə nəticəsində Xanım Sultanovaya, Gültəkin Əliyevaya, Şahkərəm Məmmədova, Fidanə Musayevaya, Saraxanım Rəhmanovaya, Ülviyyə Mehrəliyevaya dosent elmi adı verilib.

Cari məsələlərin müzakirəsi zamanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva BSU-nun MDLU-dakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri, professor Zemfira Rüstəmovanın ezamiyyə müddətinin bitməsi ilə bağlı növbəti tədris ilinə yeni müəllimin  təyin edilməsi barədə MDLU rektoru, professor İ.A. Krayevanın məktubuna münasibət, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova əyani tədrisin bərpa olunması məqsədilə universitet əməkdaşlarının vaksinasiya prosesinə cəlb edilməsi istiqamətindəa həyata keçirilən tədbirlər, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov, fakültə dekanları,şöbə müdirləri pedaqoji və istehsalat təcrübəsinin gedişi və bəzi təşkilati məsələlər, baş mühasib Zemfira Aslanova, Magistratura şöbəsinin müdiri, dosent Sevinc Abışova, Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Suğra Mərdanova təhsil haqlarının ödənişi qrafikinin yerinə yetirilməsi vəziyyəti,tələbələrlə bağlanılmış müqavilələrə uyğun olaraq təhsil haqlarının ödənilməsi məqsədilə daxili nəzarət sisteminin yaradılması barədə çıxış ediblər.

Elmi Şuranın iclasında Filologiya və xarici dil müəllimliyi fakültəsinin Roman filologiyası kafedrasının müdiri,dosent İnnara Tarzumanlının BSU-nun MDLU-dakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri təyin edilməsi barədə qərar qəbul edilib.

Dosent İnnara Tarzumanlı çıxış edərək ona göstərilən etimadı layiqincə doğruldacağını bildirib.

İclasın gündəliyinə daxil olan bütün məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Bununla da Elmi Şuranın iclası başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi