Ulu öndər Heydər Əliyev bizlərə tövsiyə edidi ki, azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir. Ümummilli liderin bu müdrik kəlamı bizləri hər zaman biganəliyə, “unutqanlıq” sindromuna yoluxmamağa, son iki yüz ildə xalqımızın yaşadığı acı xatirələri, faciələri qan yaddaşımıza həkk etməyə səsləyir. Milli varlığımızın vacib şərti olan qan yaddaşımız isə xalqımızın dünənin tarixi dərslərindən düzgün nəticə çıxarmağa, sabaha böyük inam və ilhamla irəliləməsinə vəsilə olur.
Tarixin dərslərindən ibrət almaq baxımından ötən əsrin sonlarında baş verən prosesləri zaman-zaman xatırlamaq, tariximizin unudulmaz səhifələrini vərəqləmək müstəsna əhəmiyyətə malikdir. Əslində, o günləri xatırladıqca 44 gün davam etmiş Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun bizə bəxş etdiyi şanlı qələbənin mahiyyətini, dəyərini, əhəmiyyətini daha dərindən və hərtərəfli dərk etmiş olur, böyük qürür hisssi keçiririk.
Hələ Sovet İttifaqı dağılmamışdan öncə etnik separatizm zəminində başlamış, ittifaqın dağılmasının əsas səbəblərindən biri hesab olunan Ermənistan–Azərbaycan münaqişəsi, ittifaq dağıldıqdan sonra silahlı münaqişədən dövlətlərarası müharibə müstəvisinə keçərək daha da kəskinləşmişdir. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi, xüsusilə də əzəli tarixi torpaqlarımız olan Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunmuş, zəbt olunmuş ərazilər etnik təmizlənməyə məruz qalmış, bölgənin bütün azərbaycanlı əhalisi doğma yurdundan didərgin salınmışdır.
Qərbdə uydurulmuş “erməni məsələsi”ndən istifadə etməyə çalışaraq “böyük Ermənistan” yaratmaq xülyası ilə silahlanmış bədnam qonşularımız son iki yüz ildə xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətini mərhələ-mərhələ həyata keçirməyə çalışırdılar. Müstəmləkəçi dövlətlərin böyük dəstəyi ilə XX əsrin əvvəllərində Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmağa müvəffəq olmuş ermənilər Azərbaycandan yeni ərazilər qoparmaq məqsədilə 1987-1988-ci illərdən başlayaraq, süni şəkildə Dağlıq Qarabağda münaqişə ocağı yaratmağa ciddi-cəhdlə girişmişdilər.
1987-ci ilin oktyabrında İrəvanda “Qarabağ komitəsi” adlanan təşkilatın ilk mitinqləri ilə yanaşı, Dağlıq Qarabağda yaşayan ermənilər arasında Ermənistana birləşmək uğrunda “miatsum” (birləşmə) hərəkatı da genişlənməyə başlamışdı. 1988-ci ilin fevralında İrəvanda antitürk şüarlarla mitinqlər keçirilmiş, azərbaycanlıların yaşadıqları kəndlər hücumlara məruz qalmışdı. Xankəndidə isə ermənilərin təşkil etdiyi kütləvi mitinqlərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etmişdi. Respublikanın suveren hüquqlarının tapdalanmasının, ermənilərin belə özbaşınalığının qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən heç bir təsirli addımın atılmadığını görən Azərbaycan xalqı böyük həyəcan içində kortəbii şəkildə olsa da etiraz aksiyalarına qoşulurdu. Səbr kasası dolmuş xalqın etiraz dalğası böyüyərək xalq hərəkatına çevrilmiş və 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatı milli dirçəlişimizin birinci mərhələsini təşkil etmişdi. Rəsmi Moskvanın təyin etdiyi respublika rəhbərlərinə inamını tamamilə itirmiş xalq onun mənafeyini yalnız özünün hakimiyyətə gətirəcəyi milli liderin müdafiə edə biləcəyini anlayırdı.
DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 12 yanvar 1989-cu il tarixli qərarı ilə birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsinin (XİK) təşkili Dağlıq Qarabağın Azərbaycanla bütün əlaqələrinin kəsilməsinə, azərbaycanlı əhalinin buradan qovulmasına, ermənilərdən ibarət silahlı quldur dəstələrinin yaradılmasına gətirib çıxardı. Ardınca da SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarılmış, Sovet Ordusuna məxsus hissələrin köməyilə erməni silahlıları Xankəndidən bütün azərbaycanlıları qovub çıxarmışdılar.
Mərkəzi hakimiyyətin yürütdüyü siyasətin ermənipərəst mahiyyətini tədricən dərk edən xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyalarında respublikanın suveren hüquqları ilə bağlı bir sıra mühüm qərarlar, o cümlədən sentyabrın 23-də “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul olunmuşdur. Azərbaycan xalqının tələbi ilə 1989-cu il noyabrın 28-də SSRİ Ali Soveti Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etmiş, DQMV-nın idarə olunması xüsusi komissiyanın nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırılmışdı. Buna cavab olaraq, Ermənistan SSR Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” konstitusiyaya zidd qərar qəbul etmişdi.
Moskvadan təyin olunmuş respublika rəhbərliyinin fəaliyyətsizliyindən narazı qalan xalq kütlələrinin 1989-cu ilin dekabrından sonra daha da fəallaşması, bölgələrdə kortəbii “xalq hakimiyyətlərinin”, müvəqqəti təşkilat komitələri və milli müdafiə şuralarının yaradılması, İranla dövlət sərhəddində sərhəd qurğularının dağıdılması nəticəsində SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1990-cı il yanvarın 15-də DQMV və ətraf rayonlarda fövqəladə vəziyyət elan etmişdi. Mərkəzi hakimiyyət milli mücadiləyə qalxmış xalqa divan tutmağa hazırlaşırdı. Azərbaycan Xalq Cəbhəsində radikal qüvvələrin aktivləşməsi və Bakıda məqsədli şəkildə təşkil olunmuş hüquqazidd əməllər mərkəzi hakimiyyəti respublikanın daxili işlərinə kobud müdaxilə etməyə, haqsızlıqlara qarşı çıxan xalqa divan tutmağa sövq etdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” gizlin fərman verərək qoşun hissələrini Bakıya yeritmişdi. SSRİ müdafiə naziri Dmitri Yazovun şəxsən rəhbərlik etdiyi “Bakı əməliyyatı” zamanı 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Bakıda fövqəladə vəziyyət və komendant saatının tətbiq edilməsinə baxmayaraq, milyondan çox insan azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərini onların adını əbədi yaşadacaq xiyabanda dəfn etdi. Beləliklə, respublikada demokratik qüvvələrə sarsıdıcı zərbə endirilmiş, onların seçki yolu ilə hakimiyyətə gəlməsinin qarşısı alınmış, rəhbərlikdəki xəyanətkarların yerinə isə yenə də Moskvanın təyin etdiyi komanda gətirilmişdi.
Qanlı Yanvar hadisələrindən ciddi sarsıntı keçirmiş, ümidsizliyə qapılmış və eyni zamanda, sahibsiz, rəhbərsiz qalmış xalqın dərin yarasına xalqımızın böyük oğlunun yandırdığı ümid qığılcımları məlhəm oldu. Belə ağır gündə bütün təhlükələrə və maneələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz xalqını müdafiə edən görkəmli dövlət xadimi Heydər Əliyev 20 Yanvar hadisəsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi bütün dünyaya bəyan etdi. Azərbaycan xalqı öz liderinin Vətənə qayıtmasını böyük səbirsizliklə gözləyirdi. Lakin iqtidarlı müxalifətli hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ümummilli liderin Bakıya gəlməsinə, daha sonra burada qalmasına mane olmaq üçün əllərindən gələni əsirgəmirdilər.
1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpası son dərəcə mürəkkəb beynəlxalq və daxili siyasi şəraitdə baş verirdi. Son günlərini yaşayan Sovet İttifaqının saxlanmasında maraqlı olan qüvvələr yeni formatda icra strukturlarının yaradılmasına can atır, müttəfiq respublikalarda isə demokratik qüvvələr bir-birinin ardınca müstəqilliyini elan edirdi. Analoji proses Azərbaycandan da yan ötməmiş, ittifaqa sadiq qalan iqtidarla müstəqillik tərəfdarları arasında hakimiyyət uğrunda mübarizə qızışmış, üstəlik, xaricdən güclü dəstək alan bədnam qonşularımızın ölkəmizə qarşı separatçılıq və işğalçılıq əməlləri genişlənmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırılmış, AXC-nin bayrağı dövlət bayrağı kimi təsdiq olunmuşdu. Buna baxmayaraq, Azərbaycanda iqtidarda olan qüvvələrin müstəqillik məsələsində qeyri-ardıcıl mövqe sərgiləməsi və ittifaq tərəfdarları ilə əməkdaşlıq etməsi əhali arasında ciddi narazılığa səbəb olmuşdu. Xalqın təkidli tələbi ilə 1991-ci il sentyabrın 1-də Naxçıvan MR Ali Məclisin Sədri seçilmiş ümummilli liderin fəal müdaxiləsi ilə keçid dövrü ittifaq orqanlarında Azərbaycan Respublikasının iştirakının qarşısı alındı. Sentyabrda keçirilən və demokratik qüvvələrin qatılmadığı ilk prezident seçkiləri saxtalaşdırılmış, ardınca da Azərbaycan Kommunist Partiyasının buraxıldığı elan olunmuşdu. Nəhayət, oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpası xalq tərəfindən böyük sevinclə qarşılandı. Lakin mövcud iqtidarın müstəqilliyimizin möhkəmləndirilməsi, dönməzliyi və əbədi olması üçün zəruri tədbirlər görməməsi, bir-birinin ardınca baş verən uğursuzluqların, faciələrin, daxili qarşıdurmaların qarşısını ala bilməməsi dövlət müstəqilliyimizin gələcəyini şübhə altında qoyurdu.
Digər tərəfdən, xarici hərbi müdaxilə və separatçılıq meyllərinin artması da yeni dövlətin əsaslarını sarsıdırdı. 1988-1991-ci illərdə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası prosesi başa çatdırılmış, bu müddətdə 185 azərbaycanlı kəndindən və digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər azərbaycanlı qovulmuş, 225 nəfər öldürülmüş, 1154 nəfər yaralanmışdı. Separatizm vasitəsilə Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq, xalqın təşkilatlanmasını və müqavimət gücünü zəiflətmək üçün Azərbaycanda sabitliyi pozmaq məqsədilə dövlət səviyyəsində terroru dəstəkləyən ermənilər 1988-ci ildən başlayaraq, 373 terror aktı törətmiş, böyük əksəriyyəti qadın, uşaq və qocalar olmaqla 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır.
Noyabrın 20-də dövlət katibi, daxili işlər naziri, baş prokuror, eləcə də SSRİ Müdafiə Nazirliyinin nümayəndələri, Rusiya və Qazaxıstan müşahidəçiləri daxil olmaqla yüksək rütbəli məmurların olduğu vertolyotun Qarabağ səmasında vurulması Azərbaycanda növbəti siyasi böhranın yaranmasına səbəb oldu.
Tezliklə Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edilməsi fonunda ermənilər dekabrın 6-da qondarma “Dağlıq Qarabağ respublikası” elan etmiş, iki gün sonra isə dekabrın 8-də SSRİ-nin beynəlxalq hüquq subyekti kimi mövcudluğuna son qoyulmuşdu. Dağlıq Qarabağda vəziyyətin günü-gündən gərginləşməsi şəraitində milli ordunun təşkilinə diqqət yetirilmirdi. Xüsusi təyinatlı milis və özünümüdafiə dəstələri təcavüzün qarşısını almaqda böyük çətinliklərlə üzləşirdi. Sovet qoşun hissələrinin də dəstəyini alan erməni silahlı dəstələri hərbi üstünlükdən istifadə edərək azərbaycanlılar yaşayan kəndlərə hücumlarını genişləndirirdilər. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, Xocalı və Şuşa mühasirəyə alındı. 1992-ci il fevralın 26-na keçən gecə ermənilər mühasirədə qalan Xocalı şəhərinə hücüma keçdilər. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Xocalı faciəsi xalqın səbr kasasını doldurdu, ölkədə siyasi gərginlik pik həddinə çatdı. Xalqın mənafeyinə zidd siyasət yürüdən iqtidar istefa verməyə məcbur oldu.
Ölkədəki qeyri-sabit durumdan, torpaqların müdafiəsi ilə məşğul olmalı bəzi silahlı dəstələrin siyasi oyunlara cəlb olunmasından maksimum faydalanmağa çalışan erməni silahlı qüvvələri hücumlarını artıraraq Şuşa və Laçını ələ keçirdilər. Qarabağın incisi Şuşanın itirilməsi Azərbaycanın müdafiə sisteminin çökməsinə və hərbi üstünlüyün tamamilə ermənilərin tərəfinə keçməsinə, Laçının itirilməsi isə Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantının yaranmasına gətirib çıxarmışdır. Sadə vətənsevər insanların bütün səylərinə rəğmən cəbhədəki məğlubiyyətlər və uğursuzluqlardan bezmiş xalq mövcud səlahiyyət sahiblərini fəaliyyətsizlikdə günahlandırır və çıxış yolunu hakimiyyətdə təmsil olunan siyasi qüvvənin digəri ilə əvəzlənməsində görürdü.
1992-ci ilin iyununda baş tutan prezident seçkisi nəticəsində AXC hakimiyyətə yiyələnsə də nəinki ölkədə, hətta iqtidarda və təşkilat daxilində parçalanmanın qarşısını ala bilmədi. AXC-Müsavat hakimiyyəti dövründə, əsasən, təcrübəsiz və qeyri-peşəkar kadrların önə çəkilməsi nəticəsində ölkədə siyasi-iqtisadi böhran daha da dərinləşmişdi. Cəbhədə isə alınmaz təbii qala – Kəlbəcər ermənilərin işğalına məruz qalmışdı. Xarici siyasət sahəsində qeyri-peşəkarların yarıtmaz fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzuna ciddi zərbə vurmuş, regional və beynəlxalq güc mərkəzləri ilə münasibətlər kəskinləşmişdi. Hərbi təcavüzlə üzləşmiş ölkə təklənmişdi.
Müstəqilliyin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin baş qaldırması dövlətin gələcəyini şübhə altına qoymuşdu. 1993-cü ilin may-iyun aylarında siyasi böhranın daha da güclənməsi nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qalmışdı.
Müstəqilliyi qorumağın onu əldə etməkdən daha çətin olduğunu gözəl anlayan xalqımız o ağır günlərdə böyük dövlət xadimi Heydər Əliyevə müraciət edərək özünün, ölkənin və dövlətçiliyimizin taleyini ona etibar etdi.
Şirinbəy ƏLİYEV,
Bakı Slavyan Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru