Bakı Slavyan Universitetində şəhid məzun Kənan Rüstəmlinin ailə üzvləri ilə görüş keçirilib

       

      

Martın 31-də Bakı Slavyan Universitetində (BSU) Vətən müharibəsinin şəhidi, BSU-nun Tərcümə fakültəsinin məzunu Kənan Rüstəmlinin atası Yalçın Rüstəmli və şəhidin dayısı Elimxan Səlimovla  görüş keçirilib. Görüşdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, Beynəlxalq münasibətlər, regionşünaslıq  və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılov iştirak ediblər.

Görüşün əvvəlində Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova şəhid Kənan Rüstəmlinin atası Yalçın Rüstəmliyə dərin hüznlə başsağlığı verərək  şəhidin universitetlə bağlı xatirələrindən söz açıb. Dosent X. Sultanova Kənan Rüstəmlinin BSU-nun tərbiyəsinə və biliyinə görə seçilən məzunlarından olduğunu, universitetin ictimai həyatında fəal iştirak etdiyini vurğulayıb. Dosent Xanım Sultanova Vətən müharibəsində BSU-nun Kənan Rüstəmli ilə yanaşı şəhid olan məzunları şəhid Nicat Ayaz oğlu Şükürlü və şəhid Elnur Əli oğlu Allahverdizadəninin xatirəsini də ürəkağrısı ilə yad edib. Dosent X.Sultanova həm də bildirib ki, yaxın vaxtlarda BSU-da “Xarıbülbül” guşəsi yaradılacaq və həmin guşədə Vətən müharibəsi şəhidlərinin fotoları əks olunacaq.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov şəhid Kənan Rüstəmlinin diplomunu atasına təqdim edib. Professor Rafiq Novruzov bildirib ki, yaxın günlərdə şəhidin universitetin ictimai həyatında iştirak etdiyi tədbirlərin görüntülərindən ibarət videoçarx hazırlanacaq.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov çıxışında  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusu düşmən üzərində şanlı, parlaq Qələbə qazandı. Biz bu Qələbəni Vətən uğrunda canından keçən igidlərimizə borcluyuq.     

BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq  və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılov şəhid Kənan Rüstəmlinin atasına dərin hüznlə başsağlığı verərək bildiriblər ki, Qarabağın düşməndən azad olunmasına görə Kənan Rüstəmli kimi igid oğullara minnətdarıq.

Sonda çıxış edən şəhidin atası Yalçın Rüstəmli şəhid məzunlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib. Şəhidin atası deyib: “Mən Qarabağ müharibəsi qazisiyəm. Mənim qismətimdə qazilik, oğlum Kənanın qismətində şəhid olmaq var imiş!”

Qeyd edək ki, Kənan Rüstəmli BSU-nu 2020-ci ildə bitirib. Həqiqi hərbi xidmətə yollanan Kənan Rüstəmli Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə düşmənə qarşı igidliklə vuruşub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz,Vətən bölünməz!

Qarabağ Azərbaycandır!

 

Mətbuat və informasiya şöbəsi