Bakı Slavyan Universitetində 31Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 31Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan onlayn formada  elmi konfrans keçirilib. Elmi konfransda BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər müvafiq struktur bölmələrin məsul şəxsləri, magistrantlar, doktorantlar, tələbələr iştirak ediblər. Elmi konfransın əvvəlində 31 Mart soyqrımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Microsoft Teams" platforması vasitəsilə keçirilən elmi konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, ermənilərin 1918-ci ilin mart ayında xalqımıza qarşı törətdikləri soyqırımı aktından 103 il ötür. Bu günlər Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 31Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha erməni vəhşiliyinə yönəltməkdir. Bizim bu gün BSU-da keçirdiyimiz bu elmi konfrans da məhz bu vacib məqsədə xidmət edir.

Rektor Nurlana Əliyeva qeyd edib ki, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri deportasiya,soyqırımı və terror siyasəti 200 ildən çoxdur ki,davam edir. Ermənilərin törətdikləri soyqırımı aktları arasında 1918-ci ilin Mart soyqırımı öz miqyasına və amansızlıgına görə xüsusi seçilir. 1918-ci ilin Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Rektor Nurlana Əliyeva çıxışında bildirib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndər Heydər Əliyevin həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır.

Xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində  Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə erməni soyqırımlarına verilən ən layiqli cavabdır. Biz bu böyük tarixi Qələbəyə görə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə minnətdarıq.  Biz bir xalq,millət olaraq doğma Vətənimiz Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi naminə əzmlə,məsuliyyətlə, fədakarlıqla çalışmalı,bu müqəddəs amal uğrunda var gücümüzlə fəaliyyət göstərməliyik.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov ermənilərin öz havadarlarının köməyi ilə xalqımıza qarşı 1918-ci ilin mart ayında törətdikləri böyük və dəhşətli soyqırımın baş verdiyi tarixi-siyasi şəraiti    geniş təhlil edib və tələbə-gənclərin tariximizi dərindən öyrənmələrinin onların milli ruhda və əsl vətəndaş kimi formalaşmalarında mühüm rol oynadığını bildirib.

Sonra elmi konfransda Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadənin "1918-ci il Mart soyqrımı: tarixi araşdırma" mövzusunda, II tədris ili magistrantı  Nəcəf Manafovun " Qanlı martın pərdəarxası" mövzusunda, Beynəlxalq münasibətlər kafedrasının dosenti Ləman Qarayevanın "Erməni terrorizmi" mövzusunda,  Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Kəmalə Nəsirovanın "Beynəlxalq hüquqda soyqırımı aktı" mövzusunda məruzələri dinlənilib. Məruzələrdə 1918-ci ilin Mart soyqrımı,ermənilərin tarix boyu yürütdükləri terror siyasəti konkret elmi-tarixi faktlar əsasında, həmçinin beynəlxalq hüquqda soyqırımı aktının şərhi öz dolğun əksini tapıb. Məruzələrdə 1918-ci il martın 31-də Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir, Naxçıvan, İrəvan və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımından tarixi faktlar və sənədlər əsasında geniş danışılıb,bu soyqırımının ideoloqlarına,təşkilatçılarına və icraçılarına dərin nifrət hissi ifadə edilib.

Daha sonra məruzələr ətrafında çıxışlar edilib. Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent  Sadir Məmmədov və başqaları çıxış edərək məruzələrin yüksək səviyyəyə malik olduğunu vurğulayıblar.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi