Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir

“Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”

İlham Əliyev

       Azərbaycan 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən müharibəyə cəlb edilmiş və müstəqilliyinin ilk illərində qonşu dövlətin işğalı, mənfur düşmənin genosid, etnosid və ekosid siyasətinin acı nəticələri ilə üz-üzə qaldı. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi, ordu quruculuğu, beynəlxalq imicinin formalaşması sahəsində səylərini artırmaq olmuşdur. Bu məqsədə çatmaq üçün hakimiyyətin üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Qarşıya qoyulan vəzifələrin bir hissəsi ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə, digərləri onun layiqli davamçısı, Vətən müharibəsində Zəfərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilmişdir.

         Heydər Əliyev siyasətini uğurla davam etdirən, 30 il işğal altında olan torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Prezidenti İlham Əliyev ən yeni tariximizin şanlı səhifəsini yazaraq son yüzilliklərdə nail olmadığımız uğurlara imza atmışdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət prioritetlərinə sadiq qalan müzəffər Prezidentimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü, gərgin və prinsipial siyasi- diplomatik fəaliyyəti təqdirəlayiqdir. Prezident İlham Əliyev daim beynəlxalq tribunalarda, panellərdə və debatlarda haqlı mövqeyimizi tarixi, siyasi, hüquqi arqumentlərlə əsaslandıraraq Ermənistanın təcavüzkar dövlət kimi tanınması yolunda ardıcıl siyasətini davam etdirmişdir. İşğal edilmiş torpaqlarımızın azad olunması yolunda beynəlxalq mexanizmlərdə, xüsusən də ATƏT-in Minsk Qrupu və ikitərəfli formatlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi üçün ardıcıl siyasətini davam etdirən İlham Əliyev son illərdə  Ermənistanın təxribatlarının artması, xaricdə yaşayan ermənilərin işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılması və açıq şəkildə ərazilərimizin istismar olunmasına qarşı dəfələrlə çıxış etmişdir. Lakin müasir beynəlxalq  münasibətlərdə diplomatiyanın öz klassik görkəmində qeyri-effektiv olması və torpaqlarımızın sülh yolu ilə qaytarılmasının qeyri-mümkünlüyü münaqişənin hərbi yoldan başqa həlli yolu olmadığı reallığını ortaya çıxardı. Vətən müharibəsinə Azərbaycanı təhrik edən Ermənistanın təxribatlarının qarşısı dəfələrlə (misal olaraq 2016-cı ilin aprelini və 2020-ci ilin iyulunu göstərmək olar) alınsa da, 2020-ci ilin sentyabrında düşmən Azərbaycan Ordusunun “Dəmir yumruğu”nu gördü. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ilə Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri yazıldı. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Güclü və rəşadətli Ordumuzun qələbəsi Azərbaycanın iqtisadi və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

       Son prezident seçkilərində İlham Əliyev Azərbaycan xarici siyasətinin yaxın perspektivdə hədəflərini qeyd edərək onları reallaşdırmaq istiqamətində səylərini artıracağını bildirdi. Keçən dövr ərzində iqtidar verdiyi vədlərə sadiq olduğunu bir daha təsdiqlədi. Əgər xatırlasaq, 2018-ci il 18 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimindəki nitqində 15 illik iqtidarı dövründə bir çox sahələrdə dövlətimizin əldə etdiyi uğurlara diqqət çəkərək  iqtidarı dövründə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən bəhs etmişdi. Çıxışında davamlı inkişaf proqramını genişləndirmək və icra etmək əzmində olduğunu qeyd edən Prezident İlham Əliyev keçən dövr ərzində daxili siyasətlə yanaşı, xarici siyasət məsələlərində yeritdiyi siyasi kursun düzgün və səmərəli olduğunu sübuta yetirdi. İqtidarının əsas vəzifəsinin işğal edilmiş ərazilərin azad olunması və bu istiqamətdə prinsipial xarici siyasətin yeridilməsi olduğunu bəyan etmişdi. Andiçmə mərasimində çıxışından sonrakı 3 il ərzində siyasi-diplomatik sahədə ardıcıl siyasətini davam etdirən İlham Əliyev bir sıra uğurlara imza atdı. İkitərəfli danışıqlarla yanaşı, beynəlxalq forumlarda da mahir diplomatik bacarığını nümayiş etdirdi. Misal olaraq, İlham Əliyevin siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərinin diskussiya forumuna çevrilən Münhen Təhlükəsizlik Konfransında Ermənistan baş naziri Nikol Paşinyanla debatını göstərə bilərik. 2019-cu il fevralın 15-də 56-cı Münhen Təhlükəsizlik Konfransı zamanı İlham Əliyev və Nikol Paşinyanın  iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr böyük marağa səbəb olmuş və çoxsaylı media qruplarının, siyasətçilərin diqqətini çəkmişdi. Ermənistan baş naziri ilə debat zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi-siyasi gerçəkləri faktoloji və hüquqi cəhətdən əsaslandıraraq Ermənistanın Azərbaycan torpaqlarına iddialarının əsassız, tarixi-mədəni abidələrin və mədəni irsin məhv edilməsinin qəbuledilməz, mövcud status-kvonun yolverilməz olduğunu bildirdi. Mahir diplomatik bacarığa malik İlham Əliyev Paşinyanın mifik erməni tarixi və münaqişə ilə bağlı arqumentlərini alt-üst etdi. Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevin debatdakı çıxışı və sualları cavablandırması keçmişə nəzərlə yanaşı, gələcəyə hesablanmış bir çıxış idi.

          Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda iqtidar ilk olaraq xalq-iqtidar birliyinə,  daxili sabitliyə nail olmağa çalışdı. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı milli ideologiya, Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar oldu, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib çox uğurlu inkişaf yolu keçdi. Hazırda Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakterə malikdir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır. Keçən dövr ərzində ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olunmuşdur. İllərdir dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiq qalıb nümunəvi multikultural bir cəmiyyət modeli  formalaşdırmışdır. Buna bariz nümunə kimi Vətən müharibəsi dövründə dini, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda aparılan hərbi əməliyyatlarda iştirak etməsini, bütün milli və dini icmaların vahid bir cəbhədə birləşərək həm ön cəbhədə, həm də arxa cəbhədə birgə mübarizəsinin şahidi olduq. Erməni lobbi təşkilatlarının bizə qarşı apardığı kampaniyalar, Azərbaycanda vətəndaş qarşıdurmasına, dini və etnik dözümsüzlük şəraitini yaratmağa yönəlmiş səyləri boşa çıxdı. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etmək məqsədilə aparılan “Dəmir yumruq” əməliyyatı - 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun sıralarında bütün xalqların nümayəndələri çiyin-çiyinə, qələbəyədək vuruşması iqtidarın milli siyasətinin böyük uğuru idi.

        Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşdırılması, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin və həqiqətlərinin tanıdılması sahəsində təbliğata xüsusi önəm vermiş Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev iqtidarı dövründə müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan “yumşaq güc”dən (soft power) uğurla istifadə edilir. Bu gün Azərbaycanın xarici siyasi, iqtisadi, mədəni və humanitar sahədə beynəlxalq əlaqələri genişşaxəli olub yüksələn xətt üzrə inkişaf edir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi (2012), I Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017) və digər beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan tarixinin, mədəniyyətinin və həqiqətlərinin tanıdılması və işgüzar əlaqələrinin genişləndirilməsinə mühüm təsir göstərmişdir.

           Azərbaycan son 18 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Fəal diplomatik fəaliyyət, əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Bunun bariz nümunəsi Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Bu, gənc, müstəqil dövlət üçün çox böyük nailiyyət olub, dünyadakı mövqelərimizin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik, qalib bir ölkədir.

        Azərbaycan son 18 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qurmağa nail olaraq ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldıra bilmişdir. Vətən müharibəsi dövründə Gürcüstanın Ermənistanla sərhədlərini bağlaması, Rusiya və İranın mövqeyi bunu deməyə əsas verir. Qonşu dövlətlərlə bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və bu regional sabitliyə, təhlükəsizliyə müsbət təsir göstərir.

               Prezident İlham Əliyev iqtidarının 18 ili ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak edib. Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyib Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr və sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğu vurğulanmışdır. BMT-nin Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Vətən müharibəsi ərzində beynəlxalq təşkilatların bu mövqeyi dəyişmədi, bu iqtidarın aktiv və səmərəli xarici siyasət kursu izləməsinin nəticəsi idi.

        Prezident İlham Əliyev andiçmə nitqində həmçinin qeyd edirdi: “Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir. Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacayıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.  Prezidentin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi Azərbaycan xalqı tərəfindən dəstəkləndi və Zəfər əldə etməyimizi təmin etdi. Bu gün Prezident İlham Əliyevin tapşırığı və dəstəyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş torpaqlarımızda dağıdılmış şəhər, qəsəbə və kəndlərimizin, məhv edilmiş tarixi-mədəni abidələrimizin bərpa edilməsi istiqamətində çalışmalara start verilmişdir. İşğaldan azad edilmiş mədəni paytaxtımız Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərəsinin, Qarabağ xanı Pənahəli Xanın sarayının, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinin, məscidlərin və s. tarixi abidələrimizin təmir-bərpa işlərinə başlanılmışdır.

      Mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən bölgənin ən güclü iqtisadiyyatına və ordusuna malik dövlətin lideri olaraq İlham Əliyev dəfələrlə sülh yolu ilə torpaqlarımızı azad etməyin mümkün olmadığı halda gücdən istifadənin mümkünlüyünü də qeyd etmişdir. Prezidentin 18 aprel 2018-ci il nitqində oxşar fikri izləyirik: “..... bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”. Bu reallığı nəzərə alan Azərbaycan hakimiyyətinin ordu quruculuğu ilə bağlı apardığı siyasət düzgün olub, keçən dövr ərzində bu proses sürətlə və uğurla aparıldı. Ordunun texniki təchizatı və kadr resursları yaxşılaşdırıldı. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında, təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından qabaqcıl ordulardan olduğunu Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qarşı apardığı hərbi əməliyyatlarda  göstərdi. Beynəlxalq ictimaiyyət hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi və döyüş ruhunun çox yüksək olduğunu Vətən müharibəsində  əyani olaraq gördü. Bir sözlə, Azərbaycanın müdafiəyə ayırdığı xərclər özünü doğrultdu. Qeyd etmək lazımdır ki, ABŞ-ın müstəqil “Qlobal Firepower” təşkilatının 2020-ci il hesabatına görə, Azərbaycan Silahlı Qüvvələri 64 ən güclü (Ermənistan isə 112-ci yer), Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.

        İlham Əliyev iqtidarının ordu quruculuğu və müdafiə sənayesinin inkişafına ayırdığı diqqət nəticəsində Azərbaycan silah istehsal edən dövlətə çevrildi. 2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Azərbaycanda istehsal olunan silahlar və hərbi məhsullardan “İstiqlal” və “Yalquzaq” snayper tüfənglərini, “Qaya” qumbaraatanı, “Gürzə” patrul maşını, “Xəzri” avtomatı və “Zərbə” PUA-nı qeyd etmək olar. Azərbaycan 2020-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə büdcə xərclərinin 15,3%-ni və ya 3 milyard 954 milyon manat (2 milyard 326 milyon ABŞ dolları) ayırmışdı. Ermənistan ordusunu məhv edib, onun maddi-texniki bazasını sıradan çıxaran şanlı Ordumuz əldə etdiyi tarixi Zəfərini, regionda gücünü  qoruyub saxlamalı, müdafiə xərclərini artırmalıdır. Ordumuzun hücum və müdafiə potensialını gücləndirmək iqtidarın əsas vəzifəsi olaraq qalmaqdadır.

           Prezident İlham Əliyevin iqtidarı dövründə Azərbaycan intellektual məhsulun ixracatçısına çevrildi. Həmçinin yeni texnologiyalara böyük diqqət ayrıldı. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Bizim indi iki peykimiz var. Azərbaycan bu sahədə də regionda liderlik nümayiş etdirir. Ən müasir texnologiyaları Azərbaycanda tətbiq etmək üçün hazırlıqlı kadr potensialı olmalıdır və bu istiqamətdə bundan lazımi işlər görülür. Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir. Agentlik 2013-cü il 8 fevralda kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb. Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur. Dəyəri 190 milyon ABŞ dolları olan, Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edən Azerspace-2 peyki 25 sentyabr 2018-ci ildə orbitə buraxıldı. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.

          İlham Əliyevin Prezidentliyi dövründə bir sıra böyük regional layihələrə başlanıldı. Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün Cənub Qaz Dəhlizinin icrası layihəsi həyata keçirilir. İqtisadi və texniki cəhətdən maliyyə tutumlu layihə olan Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Dünyada mövcud olan iqtisadi böhran şəraitində bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirməyi hədəfləyən Azərbaycan bundan sonrakı illər ərzində Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcəkdir. Bundan əlavə, nəqliyyat infrastrukturunun yeniləşməsi, yaradılması, eyni zamanda, qonşularla əməkdaşlıq edərək regional infrastruktur da yaradıldı. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyət idi. İstifadəyə verilən bu tarixi yol bizim geosiyasi mövqeymizi möhkəmləndirir. Hazırda Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulur. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir.

         Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda sürətlə inkişaf edən, əlverişli  geostrateji mövqeyə, mühüm infrastruktur layihələrini icra edən güclü iqtisadiyyata və orduya malik bir dövlətə çevrilmişdir. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın hərtərəfli bərpa edilməsi və siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı konkret proqramları olan, xalqın dəstəyini qazanan güclü iqtidarı var. Vətən müharibəsində əldə olunan Zəfər İlham Əliyevin güclü siyasi iradəsi, mahir diplomatik bacarığı və iqtidarı boyunca qarşısına qoyduğu məqsəd və vəzifələrə çatmaq üçün yürütdüyü ardıcıl siyasəti nəticəsində qazanıldı. Azərbaycanın müstəqilliyi bizim ən böyük sərvətimiz və nemətimiz, Vətən müharibəsində əldə etdiyimiz Qələbə ən böyük uğurumuz və qürur mənbəyimizdir. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsi yazıldı. Prezidentimiz haqlı olaraq: “Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!” demişdir.

         Bu gün biz Azərbaycanımızın vahidliyi, işğaldan azad olunmuş torpaqlarımızın bərpa olunub məskunlaşması üçün və inteqrasiyası prosesini uğurla başa çatdırmaq naminə bir yumruq olmalı, xalq-iqtidar birliyini qoruyub saxlamalı, malik olduğumuz dəyərlərimizi hifz etməliyik. Vahid, müstəqil, güclü Azərbaycan üçün, dövlətimizin hərtərəfli inkişafı naminə bir cəbhədə yer almalı, Zəfərimizin bizə verdiyi qüruru qorumalıyıq.

 

Zümrüd Məlikova,

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər

kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru