Azərbaycanda vətənpərvər gənc nəsil yetişib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyət  respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların  himayədarı kimi çıxış etdi.

 

Ölkəmiz  artıq dövlət  müstəqilliyinin yenidən bərpa olunmasının 29 ilini arxada qoyur. Bu gün hər birimiz böyük fəxr hissi ilə qeyd edirik ki, günbəgün güclənən, qüdrətlənən, dünya birliyində layiqli yer tutan   Azərbaycan  qürür mənbəyimizdir. Bu uğurlarımızı önə çəkərkən, təbii ki, onların böyük səylərin, qətiyyətin sayəsində qazanıldığını  unutmamalıyıq. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat  inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Gənclərin Azərbaycanın  müstəqillik yolunun  nə qədər ağır dövrdən keçməsindən xəbəri yoxdur. Bunun üçün onları düzgün məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas tələblərdəndir. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər ruhlu gənclərin yetişdirilməsi vacibdir.

 

Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Gənclərin I Forumunun keçirildiyi tarix-yəni 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi. Gənclər onlara göstərilən etimadı fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

 

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır.

 

Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni- Zəfər Gününü yazdı.  Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər.

 

Azərbaycan  zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, tariximiz  şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləmələridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə  hakimiyyətə qayıdışı digər sahələr kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  istiqamətində də uğurlu yolun əsasını qoydu. Hər bir ölkənin dünyada öz təsdiqini tapmasında həqiqətlərinin düzgün təbliği vacib rol oynayır.  Milli maraqlar hər şeydən öndə dayanmalıdır. Tariximizin, mədəniyyətimizin, həqiqətlərimizin təbliğinə, vətənpərvərlik hissinin aşılanmasına xidmət edən  tədbirlərin miqyasının genişləndirilməsi mütləqdir.

 

44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

 

Hər bir dövlət  onda güclü olur ki, onun qüdrətli  iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi.  Gənclərimizin bu gün dövlət başçısı  İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də  onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Xatırladaq ki, müstəqilliyimizin ilk illərində digər sahələr kimi, orduda da vəziyyət acınacaqlı idi.  Hərbi çağırışdan yayınma halları geniş vüsət almışdır. Amma ulu öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. «Vətən mənə oğul desə, nə dərdim» prinsipi gənclərimizin fəaliyyətinin əsasına çevrildi. 1993-cü ildən başlayaraq gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər çağırış gənclərin böyük vətənpərvərlik çoşquları ilə qarşılanır.

 

Gənclərimiz bu gün  Azərbaycanın  xarici ölkələrdə təbliğatçılarıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği  prioritet istiqamətlərdəndir. Leyla Əliyevanın  təşəbbüsü ilə keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyası çərçivəsində bütün dünya xalqlarına  bəyan edilir  ki, genosidə  məruz qaldıqlarını saxta fakt və iddialarla sübuta yetirməyə çalışan ermənilər tərəfindən əsl soyqırıma məruz qalan  Azərbaycan xalqıdır.

 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 44 günlük İkinci  Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı.  Mübaligəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardı. Onlar yetişdi, onlar vətənpərvərlik  və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Gənclər bükülmüş belimizi dikəltdilər,mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, qəhrəman və professional gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır! İnanırıq ki, vətənpərvər gənclərimiz mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də,  burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər!

 

 

 

Habil Məmmədov,

Bakı Slavyan Universiteti, tarix üzrə elmlər doktoru, professor