“Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” adlı virtual tədqiqat seminarı keçirilib

Bakı Slavyan Universitetinin bir qrup əməkdaşı Xəzər Universitetinin Təlim və Tədris Mərkəzinin təşkil etdiyi Erasmus + PETRA layihəsi çərçivəsində magistr və doktorantlar, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarında iştirak edib. Seminarın qonağı olan İspaniya Krallığının Valensiya Politexnik Universitetinin əməkdaşı Elena de la Poza “Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” mövzusunda təqdimatla çıxış edib.

Məlumat üçün bildiririk ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər tərəfindən universal fəaliyyət çağırışı olaraq qəbul edilən “Davamlı inkişaf məqsədləri-2030” təsdiqləndikdən sonra ali təhsil müəssisələrində davamlılıq məsələləri ilə bağlı narahatlıq artmaqdadır. Ali təhsil müəssisələrində davamlı inkişaf məqsədlərinə nail olmaq üçün müxtəlif səylər göstərilir, həmçinin universitetlərin fəaliyyətinin qiymətləndirilməsi aparılır.

Elena de la Poza qatıldığı tədqiqat qrupu ilə birlikdə ali təhsil müəssisələrində davamlı inkişaf məqsədlərinə dair görülmüş işlərlə bağlı apardığı tədqiqatlar və onların nəticələri barədə seminar iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, bu tədqiqatlar dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən universitetlərdə aparılıb.

Seminar iştirakçıların mövzu ətrafında maraqlı müzakirəsi ilə davam edib.

 

Mətbuat və informasiya şöbəsi