Statusundan asılı olmayaraq hər bir vətəndaş üçün onun yaşadığı ölkənin milli maraqları, ilk növbədə, dövlət təhlükəsizliyi - iqtisadi, siyasi, ideoloji, coğrafi, mədəni, milli, etnik və sosial məsələlər ən vacib şərt olmalıdır.
Əks təqdirdə yaşadığımız müasir dünyada böyük dövlətlərin diktəsinə məruz qalaraq, ölkəmizin gələcəyini planlaşdırmaq, uzunmüddətli dayanaqlı inkişafı təmin etmək, müstəqilliyimizi əbədi yaşatmaq, bir sözlə, doğma Vətənimizdə rahat yaşamağımız mümkün olmaz. Bu üzdən də dövlətin milli maraqlarını qorumaq hər kəsin sanki, öz şəxsi mənafeyini qoruması kimi dərk edilməlidir.
Bu yerdə istər-istəməz Ubuntu – insanpərvərlik və ya “Mən, biz olduğumuz zaman Mənəm” fəlsəfəsi yada düşür. Doğrudur, Ubuntu Cənubi Afrikada başqalarına qarşı mərhəmətli, şəfqətli və xeyirxahlıq kimi insani dəyərlərə söykənən əsas prinsiplərdən biri sayılaraq, aclıqdan kollektiv şəkildə xilas yolu olduğunu düşünmək daha məntiqli olsa da, amma zamana və məkana, həmçinin sosial şəraitə görə fərqli Ubuntu formaları da vardır ki, bu, onların mahiyyətini heç də dəyişmir. Məsələn, Azərbaycanda 44 günlük Vətən müharibəsi zamanı xalqımız elə böyük bir Ubuntu etdi ki, bunun da nəticəsi hər kəsə yaxşı məlumdur. Yeri gəlmişkən, 2011-ci ildə Nobel Sülh Mükafatı almış liberiyalı hüquq müdafiəçisi Roberta Qbovi Ubuntu prinsiplərinin ən dəqiq tərifini verərək, “Mən, biz olduğumuz üçün varam”, - deməsi, məhz şəxsi mənafedən uzaq olaraq bir amal uğrunda birləşməyin nə qədər önəmli olduğunu təsdiq edir.
Əlbəttə, milli maraqların qorunmasını təmin edən əsas vasitələr və resurslar sırasında kütləvi informasiya vasitələrinin hər bir növü – qəzet, jurnal, radio, televiziya və internet mediası başlıca rol oynayır. Bu üzdən Vətən müharibəsindən qalib çıxmağımıza baxmayaraq, informasiya müharibəsinin davam etdiyini nəzərə alaraq, Azərbaycan media sistemində çalışan jurnalistlərin milli mənafedən çıxış etmələri olduqca vacibdir.
Şübhəsiz ki, beynəlxalq jurnalistikanın etik norma və prinsiplərini, eyni zamanda, jurnalist etikasının təməl prinsiplərini – obyektivlik, vicdanlılıq, qərəzsizliyi nəzərə alanda hər bir jurnalistin düzü-düz əyrini-əyri, yazması onun bilavasitə peşə borcudur. Ancaq dünyada və ölkədə baş verən olaylara milli maraqlar, eləcə də təhlükəsizlik bucağından baxanda, gərək milli dövlət mənafeyini qorumağı əsas şərt kimi dəyərləndirməyi bacarasan.
Doğrudur, Azərbaycan jurnalistlərinin əksəriyyəti siyasi, ideoloji və coğrafi, milli maraqlar kontekstində, xüsusən də Qarabağ mövzusunda yazdıqları yazılarda heç bir qeyri-obyektivliyə yol verməyiblər. Çünki beynəlxalq təşkilatların və dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdıqları Dağlıq Qarabağ məsələsi bizim haqq işimiz olduğundan burada hansısa qeyri-obyektivliyə yol verməyə heç ehtiyac da olmayıb. Ancaq təəssüf ki, bizə demokratiyadan dərs verməyə cəhd edən, obyektivlikdən danışan bir sıra aparıcı ölkələrdən olan jurnalistlərin, öz milli maraqları çərçivəsində və ya haqsız tərəfə dəstək olmaq məqsədi ilə beynəlxalq jurnalistikanın etik prinsiplərinə heç məhəl belə qoymadıqlarının dəfələrlə şahidi olmuşuq. Hər halda Vətən müharibəsi zamanı, xalqımızın gərgin vəziyyətdə olduğu bir dönəmdə ölkəmizə gəlmiş çoxsaylı xarici jurnalistlərin bəzilərinin, xüsusən də ABŞ-ın “Fox News”, Almaniyanın ARD, Britaniyanın “BBC News” televiziya kanallarını təmsil edən jurnalistlərinin Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə verdikləri qərəzli və jurnalist etikasına zidd olan məkrli suallarını hər kəs xatırlayır. Maraqlıdır, bəs görəsən bu “beynəlxalq səviyyəli jurnalistlər” nədən heç Ermənistan silahlı qüvvələrinin Cenevrə Konvensiyasına zidd olaraq müharibə bölgəsindən xeyli aralıda yerləşən Azəbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı ballistik raketlərdən, Bərdəyə atılan qadağan olunmuş kassetli bombalardan, burada 27 nəfərin ölməsi və 70 nəfərin yaralanmasından, o günə kimi ölkədə ümumilikdə 92 dinc sakinin qətlə yetirilməsindən, hətta Tərtərdə dəfn mərasimi zamanı insanların qəsdən top atəşinə tutulmalarından bir kəlmə belə söz açmadılar?! Sözsüz ki, belə nümunələr çoxdur və bu sıraya Yaxın Şərqdə baş verən geosiyasi olaylarla bağlı qardaş Türkiyəyə qarşı Qərb, eləcə də Avropa jurnalistlərinin qərəzli yazılarını, Rusiya telekanallarında yayımlanan bəzi proqramlarda bir sıra teleaparıcıların və “ekspertlərin” qeyri-etik münasibətlərini də əlavə etmək olar.
Bütün bunlar o deməkdir ki, müasir dünyada dövlətlərarası münaqişələr zamanı aparıcı ölkələrin yalnız siyasətçiləri öz dövlət mənafelərini eqoistliklə önə çəkərək, ikili standartlardan çıxış etmir, həm də onların ölkələrində fəaliyyət göstərən media qurumları, jurnalistləri də ikiüzlülük edir. Belə olan halda heç şübhəsiz ki, hər bir Azərbaycan jurnalistinin öz milli dövlət maraqlarından çıxış etməsi zəruridir və bu, heç də etik pozuntu sayılmamalıdır. Başqa sözlə desək, mənsub olduğun xalqın, dövlətin milli maraqlarına istər daxildən, istərsə də xaricdən hər hansı bir təhdid olarsa, jurnalist öz ölkəsinin milli maraqlarını və ya dövlət mənafeyini jurnalist etikasından bir pillə üstün tutmalıdır.
Yuxarıda toxunduğumuz milli maraqlar sırasında cəmiyyəti narahat edən sosial məsələlər də vardır ki, ondan heç bir halda yan keçmək olmaz. Bildiyimiz kimi, sosial problemlərin yaranmasına və bu xüsusda milli maraqlara ciddi zərbə vurulmasına əsas səbəb bəzi dövlət məmurlarının öz vəzifələrini layiqincə yerinə yetirə bilməmələridir. Bu isə vətəndaşla dövləti istər-istəməz üz-üzə qoymuş olur ki, nəticədə xarici dövlətlər yaranmış belə vəziyyətdən maksimum yararlanaraq, ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Diqqət edin, ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında Azərbaycanda bütün sahələr üzrə neqativ halların qarşısının alınması üçün ictimai nəzarətin vacibliyindən dəfələrlə danışıb, xalqa, ictimaiyyət nümayəndələrinə öz lazımi tövsiyələrini verib. Ancaq məsələ hələ də bir çox sahələrdə öz həllini tam olaraq tapmır və nəticədə sosial problemlərin həlli toplum halda yalnız ölkə rəhbərinin üstünə atılır. Bəzən ən kiçik problemlə bağlı belə xahişlər və ya şikayətlər onun ünvanına yazılır. Burada az qala bütün məsələlərlə şəxsən Prezident məşğul olmalıdır kimi bir rəy formalaşır ki, bu da ümumilikdə ölkənin milli maraqlarına xələl gətirmiş olur. Əslində isə vətəndaş öz problemi ilə bağlı yalnız müvafiq dövlət qurumlarına müraciət etməlidir və bu qurumlar da süni şəkildə yaratdıqları süründürməçilik hallarına yol vermədən, bir növ “ASAN xidmət” mərkəzi kimi öz funksiyalarını layiqincə yerinə yetirməlidirlər.
Ancaq gəlin bu arada etiraf edək ki, ictimai nəzarət funksiyasını yerinə yetirmək istəyən QHT-lər, KİV və ya ayrı-ayrı fərdlərin neqativ hallara qarşı mübarizədə təsir imkanlarının zəif olması əks effekt verir. Bir çox hallarda isə onlar özləri müxtəlif üsullarla təqibə məruz qalırlar deyə, bu missiyanı sonadək yerinə yetirə bilmirlər.
Bu üzdən də ölkə Prezidentinin səsləndirdiyi ictimai nəzarət funksiyasını sıradan olan ictimaiyyət nümayəndələrindən və qeyri-hökumət təşkilatlarından daha çox, birbaşa olaraq, məhz ölkə jurnalistlərinin, bütövlükdə peşəkar medianın üzərinə konkret vəzifə kimi qoyaraq, həyata keçirilməsinə münbit şərait yaradılması daha səmərəli olar. Çünki ictimai nəzarətin əsas prinsipləri - obyektivlik, qərəzsizlik, qanunçuluq, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməkdir ki, bu da jurnalist etikasının təməl prinsipləri ilə tamamilə üst-üstə düşür.
Belə olduğu təqdirdə media, ilk növbədə, cəmiyyəti ağuşuna almış sosial şəbəkə istifadəçilərinin yerli-yersiz paylaşdıqları natamam – nəticəsi bəlli, səbəbi isə dəqiqləşdirilməmiş “xəbərlərdən” xilas edə bilər. Bununla yanaşı, media istənilən olayı məhz özü peşəkarcasına dəqiq işləyib ictimaiyyətə təqdim etməklə, burada həm cəmiyyətin gözündən düşmüş nüfuzunu bərpa edər, həm dəqiq və operativlik baxımdan rəqabətdə sosial şəbəkəyə qalib gələr, həm də ölkədə sosial milli maraqların qorunmasını yüksək səviyyədə təmin etmiş olar.
Sonda onu qeyd edək ki, Ermənistanla müharibənin qələbə ilə başa çatmasına baxmayaraq, əks tərəf informasiya, o cümlədən diplomatik sahədə müharibəni hələ də davam etdirir. Bu üzdən də hər bir Azərbaycan jurnalisti informasiya müharibəsi şəraitində daim ayıq olmalı və milli maraqların keşiyində dayanmağı özü üçün şərəf saymalıdır. Çünki statusundan asılı olmayaraq hər bir vətəndaş üçün Azərbaycan Respublikasının təhlükəsizliyi, dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, bütövlükdə istənilən sahə üzrə milli maraqların qorunmasının və yüksək səviyyədə təmin edilməsi Vətən qarşısında ən ali borcdur.
Mübariz Əhmədov, BSU-nun jurnalistika kafedrasının dosenti, müstəqil jurnalist