Bakı Slavyan Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn formada tədbir keçirilib

Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Ölkəşünaslıq Klubu İdarə Heyəti üzvlərinin fəal iştirakı ilə onlayn formada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. "Microsoft Teams" platforması vasitəsilə keçirilən tədbirdə BSU-nun rəhbərliyi, bu ali məktəbdə fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının nümayəndələri və fəal tələbələr iştirak ediblər.  Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 29 il keçir. 29 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyıqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir.

Rektor Nurlana Əliyeva maraqlı və geniş çıxışında xüsusi vurğulayıb ki, xalqımızın digər milli faciələri kimi, Xocalı soqırımına da siyasi–hüquqi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra verildi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində uğurla həyata keçirilir.

Rektor Nurlana Əliyeva qeyd edib ki, bu gün Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə yaşayır. Ötən il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən, çox müdrik, qətiyyətli siyasəti, yenilməz iradəsi, sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində xalqımızın böyük tarixi Qələbəsi ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyuldu. Bu gün bütün dünya üçün böyük təhlükə sayılan Koronavirus pandemiyası da xalqımızın möhtəşəm Qələbədən duyduğu sevinc, qürur hissini azalda bilmir. Biz bütün dünyada yenilməz, qalib xalq, güclü, qüdrətli dövlət kimi tanınırıq və hər birimiz bundan böyük məmnunluq, fəxr duyuruq. Biz bu böyük Qələbənin qazanılmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə çox minnətdarıq. Bütün xalqımız ürəkdən inanır ki, Qarabağ yaxın vaxtlarda dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında cənnət məkana çevriləcək. Siz tələbə-gənclər milli ruhlu, təəssübkeş və vətənpərvər olmalı, dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət etməlisiniz.

Rektor Nurlana Əliyeva çıxışının  sonunda  bildirib ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.

BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova qeyd edib ki, xalqımız dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında və rəşadətli, şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımının intiqamını aldı. BSU-nun rəhbərliyi və  kollektivi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdə həmişə  fəal iştirak edib və bu vacib, müqəddəs vəzifəsini bu gün də uğurla davam etdirir. BSU tərəfindən dünyanın 12 dilində Xocalı soyqırımını konkret faktlarla əks etdirən kitablar çap edilərək dünya ictimaiyyətinə çatdırılıb. Eyni zamanda universitetin müəllim və tələbələri Xocalı soyqırımı ilə bağlı keçirilən müxtəlif layihələrdə, petisiyalarda yaxından iştirak edirlər. Vətən müharibəsində BSU-nun 3 məzunu qəhrəmancasına şəhid olub. Hərbi əməliyyatların aparıldığı 44 gün ərzində universitetimizin kollektivi ölkə rəhbərliyinə, Azərbaycan Ordusuna hərtərəfli dəstək verib. Xalqımızın Qarabağ uğrunda apardığı və Qələbə ilə başa çatan ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsi müasir dünyanın hərb tarixinə yazıldı. Dünyanın tanınmış və nüfuzlu hərbi ekspertləri, siyasi xadimləri, jurnalistləri bu müharibənin təcrübəsinin öyrənilməsi və dərsliklərə salınması fikrini irəli sürüblər.

BSU-nun tələbələri : şəhid ailəsinin üzvü Nizami Xəlilov, Günel Məmmədova, Samirə Fərəcova, Zəhra Haqverdiyeva, Gülər Həmidova çıxış edərək Xocalı soyqırımı və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilə bağlı fikirlərini bölüşüblər, Ayşən Heydərova isə “Can, Xocalı!” şeirini səsləndirib.

 Tədbirin sonunda BSU-nun Gənc Yaradıcılar Klubunun hazırladığı "Biz qayıtdıq, Xocalı!"adlı videoçarx təqdim edilib.

 

BSU-nun Mətbuat və informasiya şöbəsi