Bakı Slavyan Universiteti Elmi Şurasının onlayn formada iclası keçirilib

   

Fevralın 10-da Bakı Slavyan Universiteti (BSU) Elmi Şurasının onlayn formada iclası keçirilib. BSU-nun rektoru,  Elmi Şuranın sədri, professor Nurlana Əliyeva iclasda əvvəlcə Rus ədəbiyyatı kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Məmməd Qocayevi 80 illik yubileyi, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanı 60 illik yubileyi, İnsan resursları mərkəzinin müdiri İmadəddin Əbdüləzizovu 70 illik yubileyi, Rus dili və mədəniyyətlərarası  kommunikasiya kafedrasının müəllimi Səmayə Qələndərovanı 70 illik yubileyi münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Məlumat üçün bildiririk ki, adları çəkilən əməkdaşlar yubileyləri münasibətilə və universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiklərinə görə BSU-nun təşəkkürnaməsi və Həmkarlar İttifaqı Komitəsinin mükafatı ilə təltif ediliblər.

Rektor Nurlana Əliyeva Elmi Şuranın iclasında 2020-2021-ci tədris ilinin yaz semestrinin distant formada təşkil edilməsi üçün fakültələr, kafedralar və şöbələr qarşısında duran vəzifələr haqqında, 2019-2020-ci tədris ilində akkreditasiya qiymətləndirilməsi həyata keçirilmiş ali təhsil müəssisələri, o cümlədən BSU-nun akkreditasiyadan keçməsi haqqında Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarı barədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı universitetdə keçiriləcək tədbirlər planının hazırlanması barədə geniş çıxış edib və bu vəzifələrin uğurla həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetdə 2020-ci ildə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və nəticələri barədə çıxış edib.

İclasda payız semestrinin imtahan sessiyasının nəticələri barədə tədris işləri üzrə prorektor, professor Telman Cəfərovun, İmtahan Qərargahı və Apelyasiya Komissiyası rəhbərlərinin  hesabatları, fakültə dekanlarının, Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərovanın məlumatları dinlənilib.

Qeyd etdiklərimizlə yanaşı, Elmi Şuranın iclasında universitetdə tədris olunan Slavyan və Avropa dillərinin tədrisinin keyfiyyətinin artırılması məqsədilə xarici mütəxəssislərin cəlb edilmələri və tələbələrin tərəfdaş universitetlərdə Slavyan dilləri üzrə təşkil edilən onlayn kurslara qoşulmaq imkanları barədə tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev və Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, dosent Dilarə Hacıyeva təkliflərlə çıxış ediblər.

Cari məsələlərin müzakirəsi zamanı tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Vətən müharibəsi şəhidlərinin və müharibədə yaralanmış şəxslərin təhsil haqqından azad olunmaları barədə, Tədrisin təşkili və tədris resursları şöbəsinin müdiri, dosent Səbinə Tarverdiyeva xüsusi karantin rejimi şəraitində və Vətən müharibəsi zamanı tədris prosesində yaranan fasilələrlə bağlı yerinə yetirilməmiş tədris saatları barədə, UNESCO kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva kafedranın qeydiyyatı ilə bağlı işlərin gedişi haqqında, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov sonuncu tədris ili bakalavrların və magistrantların təcrübəsinin təşkili barədə, Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Suğra  Mərdanova sözügedən şöbədə imtahan sessiyasının gedişi barədə, Maliyyə şöbəsinin müdiri Zemfira Aslanova təhsil haqlarının ödəniş qrafikinin yerinə yetirilməsi vəziyyəti barədə məlumat veriblər.

Bununla da Elmi Şuranın iclası başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi