Bakı Slavyan Universitetində onlayn formada “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində”mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

   

     Dekabrın 24-də Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə bu ali təhsil müəssisəsində onlayn formada “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Məlumat üçün bildiririk ki, bu beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə təşkil olunmasını təmin etmək məqsədilə BSU-nun rektoru, professor Nurlana Əliyeva 3 dekabr 2020-cidə 52 nömrəli əmr imzalayıb. Həmin əmrə əsasən, BSU-da sədri universitetin rektoru, professor Nurlana Əliyeva olan və tərkibinə universitetin prorektorlarının, fakültə dekanlarının,kafedra müdirlərinin və digər müvafiq struktur bölmələrin məsul şəxslərinin daxil olduqları 40 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Əmrə əsasən, Filologiya və xarici dil müəllimliyi fakültəsi beynəlxalq elmi-praktik konfransın hazırlanması və keçirilməsi prosesində əlaqələndirici mərkəz kimi müəyyən edilib. Konfransda bir çox xarici ölkələrin, o cümlədən Rusiya Federasiyasının,Türkiyə Respublikasının,Çin Xalq Respublikasının, Macarıstan Respublikasının, Polşa Respublikasının, İspaniya Respublikasının, Çexiya Respublikasının, Belarus Respublikasının, Moldova Respublikasının, Gürcüstan Respublikasının, Qazaxıstan Respublikasının, Tacikistan Respublikasının, Qırğızıstan Respublikasının tanınmış universitetlərinin, elmi müəssisə və təşkilatlarının, həmçinin respublikamızın ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri, orta ixtisas təhsili müəssisələrinin və orta ümumtəhsil məktəblərinin nümayəndələri,gənc tədqiqatçılar iştirak ediblər.Konfransa “Filologiya elmləri”bölməsinə 114(dil,dilçilik üzrə 54 məqalə, ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi üzrə 60 məqalə) məqalə, “İctimai elmlər”bölməsinə 23 məqalə, “Xarici dillər və onların tədrisi metodikası”bölməsinə 59 məqalə, “Pedaqoji və psixoloji elmlər” bölməsinə 31 məqalə daxil olub. Çap olunacaq topluya salınmış məqalələrin sayı 227-dir.

     “Microsoft Teams”platforması vasitəsilə keçirilən beynəlxalq elmi-praktik konfransın plenar iclasını giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva  konfans iştirakçılarını salamlayıb və onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki,bu gün BSU müasir dövrümüz üçün aktual əhəmiyyət kəsb edən beynəlxalq elmi-praktik konfrans keçirir.  BSU-da bu konfransın yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri aparılıb.Konfransa daxil olmuş məqalələr hərtərəflidir və təhsil sahəsinin bir çox istiqamətlərini əhatə edir.  Fikir və təcrübə mübadiləsi, qabaqcıl beynəlxalq təcrübənin, innovativ metod və üsulların öyrənilib tətbiq edilməsi baxımından bu konfrans mühüm əhəmiyyət kəsb edir. Belə konfranslar inkişafa,tərəqqiyə, gənc nəslin təlim-tərbiyəsinə, gənclərin yüksəkixtisaslı kadrlar və layiqli vətəndaş kimi formalaşmalarına xidmət edir.

     Rektor Nurlana Əliyeva qeyd edib ki, Azərbaycan xalqı bu gün böyük Qələbənin sevincini,qürurunu yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin böyük siyasi iradəsi,qətiyyəti, çevik və dinamik fəaliyyəti, sərkərdəlik məharəti, möhtəşəm diplomatiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təmin edildi. Rektor Nurlana Əliyeva çıxışında bildirib ki, hazırda ölkəmizdə Koronavirus pandemiyası səbəbindən BSU-da distant təhsil tətbiq edilir. Distant təhsil hazırda bütün dünyada ən geniş yayılmış təhsil formasıdır. BSU-da distant təhsilin səmərəli təşkili üçün bütün tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi bu istiqamətdəki fəaliyyətimizə lazımi dəstək verir. Rektor Nurlana Əliyeva çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

     BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun moderatoru olduğu beynəlxalq elmi-praktik konfranda universitetin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, İspaniyanın Valensiya Politexnik Universitetinin professoru Javier Orozko-Messana,Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova, Polşadakı Azərbaycan Evinin rəhbəri, magistr Lalə Zeynalova, BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

     Plenar iclasdan sonra konfans öz işini 4 bölmədə- “ Filologiya elmləri” , “İctimai elmlər”, “Xarici dillər və onların tədrisi metodikası” və “Pedaqoji və psixoloji  elmlər” bölmələrində davam etdirib. Bölmə iclaslarında məruzələr dinlənilib, maraqlı və səmərəli müzakirələr aparılıb , filoloji elmlər sahəsində gələcək əməkdaşlıq perspektivləri ilə bağlı dəyərli fikirlər irəli sürülüb.

     Bölmə iclasları başa çatdıqdan sonra bölmə moderatorlarının hesabatları dinlənilib, konfransın yüksək səviyyədə təşkil edildiyi xüsusi vurğulanıb,eyni zamanda elm və təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir dövrümüzün yeni çağırışlarına uyğun olaraq innovativ tədqiqatların daha da genişləndirilməsi üçün müvafiq qərarlar qəbul edilib.

     Konfransın sonunda iştirakçılar sertifikata layiq görülüblər.Qeyd edək ki, konfransın materialları ayrıca toplu şəklində çap ediləcək və sertifikatlarla birlikdə iştirakçılara göndəriləcək.

BSU-nun Mətbuat və informasiya şöbəsi