Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Məmmədov Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafiyasının təqdimatı

   

     Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində səfir Serjan Abdukərimovun təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) professoru, filologiya elmləri doktoru Nizami Məmmədov Tağısoyun “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafiyasının təqdimat mərasimi keçirilib.Qeyd edək ki, təqdimat mərasimi xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla reallaşıb.

     Səfir təqdimata dəvət olunanları salamlayıb, professor Nizami Tağısoyun bu araşdırmasının Azərbaycan-qazax ədəbi əlaqələrinin inkişafına mühüm təsirindən danışmaqla, müəllifə minnətdarlığını bildirib və sözü təqdimatın aparıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyliyə verib. Akademik İsa Həbibbəyli Muxtar Auezov yaradıcılığının Azərbaycanda populyarlığını, qazax ədəbiyyatının flaqmanına və onun rəngarəng bədii nümunələrinə verilən dəyəri qeyd etməklə, həm də Nizami Tağısoyun tük xalqları ədəbiyyatları, qazax ədəbiyyatı, o cümlədən ədəbi türkologiyada və ədəbiyyatşünaslıqda əzmlə tədqiqatlar aparmasından bəhs etdikdən sonra məruzə üçün sözü AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova verib. Akademik Muxtar İmanov professor Nizami Tağısoyun Azərbaycan ədəbiyyatşünaslığı və türk xalqları ədəbiyyatlarındakı davamlı və konsepsiyalaşdırılmış tədqiqatlarından, monoqrafik araşdırmalarının keyfiyyətindən və aktuallığından danışmaqla, onun məhsuldar və məsuliyyətli alim olduğunu tədbirdə iştirak edənlərin diqqətinə çatdırıb.

     Təqdimat mərasimində professorlar Yaqub Babayev və Firuzə Ağayeva, dosentlər Heydər Cəfərov və Fərrux Məmmədov, Heydər Əliyev adına Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın Nizami Tağısoyun ədəbiyyatşünaslıqda qazandığı uğurlardan danışıblar.

     Sonda tədbirin  təşkilatçısı, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov məruzəçi və çıxış edənlərə minnətdarlığını bildirib, professor Nizami Tağısoya “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” monoqrafik araşdırmasına görə ürəkdən təşəkkür edib.

     Təqdimat zamanı M.Auezovun oğlu, professor Murad Auezovun  Almatıdan etdiyi videomüraciət nümayiş etdirilib. O, qazax-Azərbaycan ədəbi əlaqələrindən, M.Auezovun Səməd Vurğunla olan dostluq münasibətlərindən danışıb və kitab müəllifinə uğurlar diləyib.

 

 

BSU-nun Mətbuat və informasiya şöbəsi