Bakı Slavyan Universitetinin tələbələri Beynəlxalq Mədəni-Tədris Gənclər Forumunda sertifikatla təltif ediliblər

   

     Rusiya Federasiyasının Moskva şəhərində Qırğızıstan Respublikasının Rusiyadakı Səfirliyinin dəstəyi, Moskva Dövlət  Linqvistik Universitetinin, Rusiya Kimya-Texnologiya Universitetinin, Bişkek Dövlət Universitetinin, “Manas” və  Çingiz Aytmatov Milli Akademiyasının birgə təşkilatçılığı ilə “Çingiz Aytmatov və XXI əsr gəncliyi” mövzusunda Beynəlxalq Mədəni-Tədris Gənclər Forumu keçirilib. Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Bella Musayevanın təşəbbüsü ilə Azərbaycan filologiyası fakültəsinin və Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri də forumda iştirak ediblər. Tələbələr forumdan öncə Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuş ədəbi-musiqili kompozisiya hazırlayıblar. Həmin kompozisiyanın videogörüntüsünü Moskvaya göndərərək yaradıcılıq müsabiqəsinə qatılıblar. BSU-nun tələbələri yaradıcılıq müsabiqəsində qalib gələrək sertifikatla təltif ediliblər.

    Beynəlxalq Mədəni-Tədris Gənclər Forumunda çıxış edən professor  Bella Musayeva təbrik nitqi səsləndirib. Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi Zarina Əhmədova görkəmli yazıçı Çingiz Aytmatovun “Cəmilə” povestində yer alan məhəbbət mövzusu barədə maraqlı  məruzə ilə çıxış edib.

     Qeyd edək ki, Beynəlxalq Mədəni-Tədris Gənclər Forumu “Культура мира и мир культуры в творчестве Чингиза Айтматова”, “Чингиз Айтматов и современные вызовы техногенной цивилизации”, “Чингиз Айтматов – писатель, гуманист, гражданин мира” bölmələrindən ibarət olub.

BSU-nun Mətbuat və informasiya şöbəsi