Görkəmli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.
Qeyd edək ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilib, iyulun 24-də isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqın böyük sevgisini qazanan Ulu Öndər 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə ikinci dəfə Prezident seçilib.
Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev həyatımızın bütün sahələrində Heydər Əliyev siyasətini böyük müvəffəqiyyətlə, müasir dövrün tələb və çağırışlarına uyğun şəkildə davam etdirir. Son 17 ildə Azərbaycan siyasi, iqtisadi, sosial, hərbi və elmi-mədəni sahələrdə böyük nailiyyətlər, sanballı nəticələr əldə edib, ölkəmizin beynəlxalq siyasi nüfuzu xeyli yüksəlib, dünya birliyindəki mövqeyi daha da güclənib. Bu müddət ərzində Azərbaycan qarşısına qoyduğu bütün məqsəd və hədəflərə çatıb.
Xalqımızın ən böyük uğuru isə dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, müdrik siyasəti, birbaşa rəhbərliyi, böyük qətiyyəti, sərkərdəlik məharəti, möhtəşəm diplomatiyası və şanlı, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, şərəfli və müqəddəs Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasıdır. Dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında Vətən müharibəsində qazanılan böyük tarixi Qələbə münasibətilə keçirilən Zəfər Paradı Azərbaycanın iqtisadi və hərbi gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Qeyd edək ki, bu böyük Qələbənin qazanılmasında cənab İlham Əliyevin etibarlı məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var.
Heydər Əliyev suverenliyimiz, müstəqilliyimiz uğrunda ömrünü gilə-gilə əridən, ürəklərdə, könüllərdə, qəlblərdə özünə əbədi heykəl qoyan rəhbər, qüdrətli, ədalətli, dəyanətli dövlət başçısı olmuşdur. Heydər Əliyev seçdiyi yola, ideyalara bütün varlığı ilə inanan, bu ideyaların həyata keçməsi üçün əzmlə, qətiyyətlə, fədakarlıqla mübarizə aparan, həyatı boyu yararlı və dəyərli işlər görən və bununla da adilikdən ayrılan, cismani yoxluğundan sonra da ürəklərdə, beyinlərdə yaşayan qüdrətli bir şəxsiyyətdir.
Xalqımızın, millətimizin fədaisi olmuş Heydər Əliyev bu gün cismən bizim aramızda olmasa da, ruhən, mənən həmişə bizimlədir. Ulu Öndərimizin xatirəsi bizim üçün çox əzizdir. Nə qədər müstəqil Azərbaycan xalqı, Azərbaycan dövləti var, Heydər Əliyev adı da yaşayacaqdır! Milli olduğu qədər də dünyəvi olan Heydər Əliyev öz şərəfli adı, genişmiqyaslı quruculuq fəaliyyəti, böyük tarixi əməlləri, mütərəqqi fikir və idealları ilə xalqımızın və eləcə də bütün bəşəriyyətin yaddaşına əbədi köçmüşdür.
Mətbuat və informasiya şöbəsi