“Dostoyevski. Təlatümlü həyatın səhifələri…” adlı ədəbi oxular

   

     Dekabrın 7-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Yubilyar yazıçı və kitablar” layihəsi çərçivəsində “Dostoyevski. Təlatümlü həyatın səhifələri…” adlı ədəbi oxular keçirilib. Qeyd edək ki, oxular F.M. Dostoyevskinin 200 illik yubileyinə və ”Karamazov qardaşları” romanının  140 illiyinə həsr olunub.

     Müxtəlif  universitetlərin magistrant və tələbələri, Azərbaycan Rus İcmasının Nərimanov rayonu üzrə üzvlərinin də iştirak etdikləri gecədə Bakı Slavyan Universitetinin (BSU) dosenti Kəmalə Umudova məruzə ilə çıxış edib. Məruzədə rus və dünya ədəbiyyatının böyük simalarından biri olan Dostoyevskinin romanlarının janr xüsusiyyətlərindən, onun bədii yaradıcılıq metodu, yaradıcılığının aksioloji dəyərləri barədə geniş söhbət açılıb.

     Ədəbi oxularda və mövzu ətrafında müzakirələrdə BSU-nun 203-cü və 204-cü  qrup magistrantları Nigar Qədirli və Almaz Atakişibəyli, Pedaqoji fakültənin  402-ci qrupunun tələbəsi Səma Aksoyoğlu fəal iştirak ediblər.  Müzakirələrdən sonra yazıçının həyat yolunu əks etdirən film nümayiş etdirilib.

     Yekun sözü ilə çıxış edən RİMM-nin təhsil proqramları üzrə koordinatoru, Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina mühazirəçi və dinləyicilərə dərin təşəkkürünü bildirib, onlarla uğurlar arzulayıb.

     Tədbirin sonunda iştirakçılara kitab hədiyyə olunub.

Mətbuat və informasiya şöbəsi