Siyasi dialoqdan milli həmrəyliyə aparan yol

   

 

Azərbaycan ən qüdrətli zamanını yaşayır

 

     Biz tək torpağımızı qazanmadıq. Yenilməzliyimizi, özgüvənimizi və cəsurluğumuzu təsdiqlədik. Vətən müharibəsində qazandığımız şanlı qələbə ləyaqətimizi qorudu və ən əsası, bizi gələcək nəsillərin qınağından hifz etdi. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etdi. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Məhz bu siyasi qələbə ilə Azərbaycan döyüş meydanına qədəm basdı və hərbi qələbə qazandı! 

     Hər zaman yeni düşüncə önündə gedən ölkə başçısı genişmiqyaslı islahatlara başlayarkən ilk növbədə, siyasi plüralizmin, demokratik institutlarının inkişafı üçün səy göstərmiş və hakim partiyanın sədri kimi bütün siyasi partiyaları təmsil edən deputatların altıncı çağırış Milli Məclis komitələrinin rəhbər heyətinə daxil olunmalarına dair şəxsən tövsiyyə vermişdir. Xatırladaq ki, bu gün Milli Məclisdə 11 siyasi partiya təmsil olunur: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Birlik Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunurlar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər. 

     Beləliklə, yeni parlament formalaşdıqdan dərhal sonra siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər nəzərə çarpmağa başladı. 

     Hələ parlament seçkilərindən öncə prezident İlham Əliyev öz çıxışlarında xüsusi vurğulamışdır ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar mütləq həyata keçirilməli və bunun üçün partiyalararası geniş dialoq aparılmalıdır. 

     Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşləri siyasi islahatların ilk mərhələsi oldu. Konstruktiv dialoq formatında 50 dən artıq belə görüşlər keçirildi və məlum oldu ki, islahatlar ərəfəsində ləğv edilmiş ideoloji şöbənin rəhbərliyinin yaramaz fəaliyyəti nəticəsində iqtidarla bir çox partiyalar arasında gərgin inamsızlıq yaradılmışdır. 

     29 noyabr 2019-cu il tarixində Prezident Administrasiyasında bu şöbənin yaradılması faktı özü-özlüyündə köklü siyasi və kadr islahatlarından xəbər verir. Göz önündədir ki, Prezident islahatları administrasiyaya yeni komandanın gəlməsi ilə özünün inkişaf trendini təqdim etdi. Siyasi partiyalar və qanunvericilik üzrə şöbənin yeni rəhbəri öz islahatçı yanaşmaları və baxışları ilə vəziyyəti donmuş nöqtədən çıxartdı. İlham Əliyevin bu sözləri yeni yaradılmış strukturun əhəmiyyətini göstərir: “Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”. 

     17 fevral 2020-ci il tarixindən 12 mart 2020-ci il tarixinədək 24 gün ərzində şöbə rəhbərliyi 42 siyasi partiya sərdi ilə görüşmüşdür. Daha sonra görüşlər intensivləşmiş və ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si ilə şöbə müdiri görüşlər keçirmişdir. Zaman məhdudiyyəti qoyulmadan keçirilən görüşlərdə dövlətin təməl prinsipləri: suverenlik, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, milli həmrəylik, müstəqilliyin qorunması, həmçinin iqtidar-müxalifət dialoqu, korrupsiyaya qarşı mübarizə, koronavirus pandemiyası mövzusunda fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, səsləndirilən fikir və təkliflərin hər biri üzrə araşdırma və təhlil aparılmış, müvafiq addımların atılması təmin edilmişdir. 

      Bu fonda Azərbaycan Xalq Cəbhəsi Partiyası olduqca çaşqın və təcrid olunmuş görünür. Əli Kərimlinin şöhrətpərəst və azğın ambisiyaları ucbatından partiya Azərbaycanda çoxpartiyalı sistemin inkişafı istiqamətində başlanmış siyasi proseslərdən kənarda qaldı. Ə.Kərimlinin özünü təcrid və Prezident Administrasiyasının məsul şəxsi ilə görüşdən imtina etməsi onun tam perspektivsizliyinə dəlalət edir. Prezidentin dəqiq qeyd etdiyi kimi, “bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. Hər halda, uduzan biz olmayacağıq”. 

     Ümumilikdə isə ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulmuş, yeni siyasi konfiqurasiya yaradılmışdır. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. 

     Siyasi partiyaların dövlət qeydiyyatı, fəaliyyətinin təmin edilməsi, partiya nümayəndələrinin məhkəmə işlərinin müsbət həlli, sədrlərin fəaliyyətinin təşviqi Prezidentin müstəqil demokratik dövlət manifestinin parlaq təzahürüdür. 

     Təsis edilmiş yeni siyasi partiyalar, eləcə də bir sıra siyasi partiyaların keçirdiyi qurultaylarının nəticələri uzun illər dövlət qeydiyyatına alınmamışdır. Şöbə 15-20 illik boşluğu yarım il ərzində doldurdu. Altı yeni siyasi partiya dövlət qeydiyyatına alındı. Bunlar Yeni Zaman Partiyası, Azad DemokratlarPartiyası, Müstəqil Xalq Partiyası, Cümhuriyyət Xalq Partiyası, ReAL Partiyası və Milli Cəbhə Partiyasıdır. Bununla yanaşı, Bakı şəhərində siyasi partiyaların Qurultaylarının keçirilməsi üçün yerlər ayrılmışdır. Sədrlərin səlahiyyət müddəti bitmiş 11 siyasi partiyanın qurultayları keçirilmiş və nəticələri dövlət qeydiyyatına alınmışdır. 

     Siyasi partiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə, eləcə də onların Şöbəyə etdikləri müraciətləri nəzərə alınaraq partiyaların ofislə təmin edilməsi istiqamətində işlər aparılır.

      Вütün bunlar müxalifət partiyalarına dövlətçiliyin möhkəmləndirilməsi və ümummilli məsələlərin həlli prosesində vahid siyasi qüvvə şəklində birləşmək imkanı verdi. 

      Öncül nailiyyətlər sırasında Azərbaycanın məhkəmə-hüquq tarixində ilk dəfə baş vermiş hadisəni xüsusi qeyd etmək lazımdır. Bu Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarın milli qanunvericilik səviyyəsində həll edilməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədov və İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində bəraət hökmü çıxarmış və onlara təzminat ödənilmişdir. 

     Beləliklə, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hakimiyyətin siyasi partiyalara və vətəndaş cəmiyyətinə münasibətdə atdığı addımlar islahatçılıq kursunun mütərəqqiliyini əks etdirir. Artıq Azərbaycanın bütün siyasi partiyaları ölkənin gələcəyinə münasibətdə öz mövqelərini müəyyən edə bilərlər. 

      İlham Əliyevin önəmli prinsiplərindən biri verdiyi sözə sadiqliyidir. 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti seçiləndən sonra o, “dünya görəcək ki, Azərbaycanda hansı demokratik dəyişikliklər olacaq” kimi bəyanat vermişdir. Siyasi partiyaların 2020-ci ilin iyul, sentyabr, oktyabr bəyanatları milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin yüksək səviyyəsinin şahidi oldu. 

      15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiya ümummilli məsələlərdə, dövlətçiliyimizin qorunmasında həmrəylik nümayiş etdirmiş, ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. 

     27 sentyabr 2020-ci il tarixində dünya gördü ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanınölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Bununla son 32 ildə ilk dəfə olaraq yüksək siyasi həmrəylik, milli birlik, nümayiş edilmişdir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. 

     Bunlar Prezidentin siyasi iradəsini, çoxpartiyalı siyasi sistemin və demokratik cəmiyyətin inkişafını əks etdirən, siyasi islahatların dərinləşməsinin əsasını təşkil edən, dövlətçiliyin təməl prinsiplərinin möhkəmlənməsini təmin edən əhəmiyyətli hadisələrdir. 

     Rəşadətli Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Artıq Azərbaycan yeni dövrə qədəm qoyur. Bu da xalqımızı Qələbədən geniş perspektivlərə boylanmağa sövq edir ki, zəfərimiz dayanaqlı və mükəmməl olsun. Ölkə başçısının dəmir yumruqla birləşdirilmiş milli-siyasi birlik, xalq-iqtidar həmrəyliyi gözəl rifah dövləti olan Azərbaycanı ilhamlı gələcəkdə bəxtiyar edəcək.

 

Şəlalə Həsənova,Bakı Slavyan Universitetinin professoru,

Əməkdar Jurnalist