Bakı Slavyan Universitetində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

   

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabr ayının 3-də Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilməsi öz əksini tapıb. Dövlət başçısımızın bu Sərəncamına əsasən, Bakı Slavyan Universitetində (BSU) də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     BSU-da bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva bildirib ki, şəhidlər xalqımızın qəhrəmanlıq rəmzi, qeyrət salnaməsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,çox hörmətli Mehriban xanım Əliyeva həmişə şəhid adını uca tutur,onların xatirələrinə dərin hörmətlə yanaşır, şəhid ailələrinə böyük diqqət və qayğı göstərirlər. Azərbaycan xalqının Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasında şəhidlərimizin müstəsna rolu var. Xalqımızın qəhrəman şəhid övladlarının canı, qanı bahasına,eləcə də igid,cəsur əsgər və zabitlərinin cəsarəti,mərdliyi,hünərı sayəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edildi. Vətən müharibəsinin şəhidləri öz adlarını xalqımızın tarixinə əbədi yazdılar. Onların xatirəsi həmişə bizim üçün əzizdir, ucadır, yüksəkdir.
     Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçularla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
     Qeyd edək ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. BSU-nun 3 məzunu-Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun kollektivi həmişə onların xatirəsini əziz tutacaqdır.
     Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı hərbi qulluqçularımıza isə şəfa diləyirik!
     Qarabağ Azərbaycandır!
 
Mətbuat və informasiya şöbəsi

Mətbuat və informasiya şöbəsi