Bakı Slavyan Universitetinin rəhbərliyi və professor-müəllim heyəti Şuşanın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev Şəhidlər Xiyabanından xalqımıza müraciət edərək tarixi yurd yerimiz olan Şuşanın mənfur erməni işğalından azad edilməsi xəbərini verdi. 2020-ci il noyabr ayının 8-i Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Çoxdan həsrətində olduğumuz bu şad xəbər bütün xalqımız kimi,Bakı Slavyan Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə,ümumilikdə bütün kollektivə böyük sevinc və qürur hissi yaşadır. Xüsusi qeyd etmək istəyirik ki,separatçılıgı və terrorçuluğu öz dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmiş Ermənistan Respublikasının silahlı qüvvələrinin sentyabr ayının 27-dən başlayan növbəti hərbi təxribatına,eləcə də humanitar atəşkəs rejimi haqqında 3 razılaşmanın tələblərini kobud şəkildə pozmasına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi,siyasi iradəsi,yenilməz qətiyyətli və yüksək sərkərdəlik məharəti sayəsində şanlı,rəşadətli Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərində həyata keçirdiyi genişmiqyaslı hərbi əks-hücum əməliyyatları nəticəsində qısa müddət ərzində çoxlu sayda yaşayış məntəqələrimiz düşmən işğalından azad edildi. Azərbaycanın müqəddəs üçrəngli dövlət bayrağı əzəli torpaqlarımızda dalğalandırıldı. Qəhrəman Azərbaycan Ordusunun igid,cəsur, vətənpərvər əsgər və zabitləri qarşısında müqavimət göstərə bilməyən Ermənistanın miskin,aciz silahlı qüvvələri döyüş meydanlarından qaçmağa məcbur oldular. Böyük qürur hissi ilə vurğulamaq istəyirik ki,dövlət başçımız, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş,ardıcıl və məntiqi siyasəti, çoxşaxəli səmərəli fəaliyyəti nəticəsində dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu düşmən ordusuna sarsıdıcı zərbələr vuraraq onu geri çəkilməyə,öz döyüş mövqelərini qoyub qaçmağa vadar etdi.
Qeyd etmək lazımdır ki, digər yaşayış məntəqələrimizdən sonra noyabrın 8-də Şuşanı işğaldan azad edən qəhrəman Azərbaycan Ordusu bu qələbəsi ilə düşmənə növbəti sarsıdıcı zərbə vurdu. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli və müqəddəs Vətən müharibəsində böyük siyasi və hərbi-strateji əhəmiyyət kəsb edir. Belə ki, Şuşanın azad edilməsi işğal altında olan digər rayonlarımızın da azad edilməsi üçün Azərbaycan Ordusuna böyük üstünlük, əlverişli şərait yaradır. Şuşa uğrunda döyüşlər Azərbaycan üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı,həm də milli qürur, milli şərəf məsələsi idi və Azərbaycan bu taleyüklü vəzifənin öhdəsindən layiqincə, uğurla gəldi. Bir tarixi faktı da xüsusi qeyd etmək istəyirik ki, Azərbaycan son 500 ildə ilk dəfədir ki,öz tarixi ərazilərini düşmən işğalından azad edir. Bu böyük qələbəyə isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, uğurla həyata keçirdiyi ordu quruculuğu və möhtəşəm diplomatiyası nəticəsində nail olundu. Sonsuz sevinc və fərəh hissi ilə deyə bilərik ki,artıq üçrəngli dövlət bayrağımız “Azərbaycanın musiqi beşiyi” ,”Şərqin konservatoriyası” adlanan doğma,əziz, müqəddəs Şuşamızda dalğalanır. Bu böyük və sonsuz sevinci, yüksək qələbə əhvali-ruhiyyəsini bizə yaşatdığına görə dövlət başçımız, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə ürəkdən, bütün varlığımızla təşəkkür edirik!
Gözümüz aydın, Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!
Eşq olsun yenilməz,igid, qəhrəman, rəşadətli, şanlı Azərbaycan Ordusuna!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır! “
Mətbuat və informasiya şöbəsi