Slavyanşünaslığa mühüm töhfə

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Habil Məmmədovun “Slavyan ölkələri tarixi (uzaq keçmişdən XX əsrin 20-ci illərinədək)” adlı dərs vəsaiti (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2020, 676 səhifə) çap edilib. Respublikamızda ilk dəfə nəşr edilən və elmi-metodiki tələblərə uyğun hazırlanmış bu dərs vəsaitində şərqi (Rusiya, Ukrayna, Belarus), qərbi (Polşa, Çexiya, Slovakiya) və cənubi (Bolqarıstan, Serbiya, Xorvatiya, Makedoniya, Sloveniya, Monteneqro, Bosniya və Herseqovina) slavyan ölkələrinin keçmiş zamanlardan Birinci Dünya müharibəsinin sonlarınadək olan siyasi, sosial-iqtisadi, etnik, mədəni və xarici siyasət tarixi ən son ədəbiyyat əsasında müfəssəl şəkildə şərh olunur.

Qeyd edək ki, bu dərs vəsaitindən elmi-metodiki baxımdan tarix ixtisasında tədris edilən “Slavyan ölkələrinin tarixi”, regionşünaslıq ixtisasında ayrı-ayrı slavyan ölkələrinin tarixinə aid “İxtisas (region) ölkəsinin tarixi”, “İxtisas (region) ölkəsinin etnoqrafiyası”, “İxtisas (region) ölkəsinin xarici siyasəti”, beynəlxalq münasibətlər ixtisasında ”Beynəlxalq münasibətlər tarixi” fənlərinin tədrisi prosesində hərtərəfli faydalanmaq olar.

 Ümumiyyətlə, dərs vəsaiti slavyan ölkələrinin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi