Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib

Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə Bakı Slavyan Universiteti kollektivinin müraciəti

 

Möhtərəm, əziz cənab Prezidentimiz!

 

Cənab Ali Baş Komandan!

 

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları bütün xalqımız kimi, BSU-nun kollektivini də ürəkdən, qəlbdən sevindirir. Sizin Azərbaycan Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qəbul etdiyiniz qətiyyətli qərarları, atdığınız cəsarətli addımları, hər kəlməsi can məlhəmi olan xalqa müraciətlərinizi, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin müxbirlərinə verdiyiniz heyrətamiz ağıllı, təkzibedilməz məntiqli müsahibələrinizi, universitetimizin kollektivi yekdilliklə dəstəkləyir. Ürəkdən gələn hər fikriniz, hər kəlməniz qəlbimizdən tikanlar çıxarır, bizi səfərbər edir. Sizin dünyanı mat qoyan müdrik siyasətiniz siyasət aləmini ram edir. Siz müstəqil Azərbaycan dövlətinin yeni və parlaq inkişafının memarı, xalqımızın əziz milli lideri, qalib Ordumuzun düşmən gözü çıxardan rəşadətli sərkərdəsisiniz. Siz bu gün ruhu Qarabağ göylərində pərvaz edən unudulmaz ulu öndər Heydər Əliyevin zəkalı, dühalı şagirdisiniz. Bu gün Sizin möhtəşəm siyasətiniz o böyük şəxsiyyətin ən ülvi arzusunu həyata keçirir.

 

Şanlı vətənpərvər oğullarımızın xidmət etdiyi müzəffər Azərbaycan Ordusunun öz missiyasını igidliklə həyata keçirməsi, işğaldan azad olunmuş ərazilərdə müqəddəs üçrəngli, məğrur bayrağımızın zirvələrdə dalğalanması böyük ruh yüksəkliyi ilə tam qələbəyə, arzularımızda yaşayan gələcəyə dərin inam, ümid, güvənc yaradır.Hər gün cəbhədən aldığımız qələbə xəbərləri bizə qol-qanad verir.

 

Möhtərəm Ali Baş Komandan!

 

Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sırasında qəhrəmancasına rəzil düşmənlə vuruşur. Onların sırasında təəssüf ki, yaralananlar, şəhid olanlar da var. Bakı Slavyan Universitetinin kollektivi işğalçı və təcavüzkar Ermənistan üzərində qələbə naminə Azərbaycan Ordusuna bacardığı qədər dəstək verir, həmçinin informasiya müharibəsində və Azərbaycanın mətbuatında fəal mövqe tutur. Bütün Slavyan ölkələrinə onların öz dillərində Azərbaycan həqiqətlərini, düşmənin rəzil, qaniçən xislətini əks etdirən məktublar ünvanlayır.

 

Əziz Prezidentimiz!

 

Siz öz müdrik siyasətinizlə Azərbaycanın müasir tarixinin şanlı və parlaq səhifələrini yazırsınız. Xalqımız Sizi çox sevir, dəstəkləyir, gözünün işığı, ümidlərinin zirvəsi, əziz milli liderini sinəsində ürəyi bilir. Yer üzündə tayı-bərabəri olmayan siyasətçi, xalqı tərəfindən ülvi məhəbbətlə sevilən Prezident və cəsur sərkərdə kimi unikal fəaliyyətinizi yüksək dəyərləndirir. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib. Qürur və iftixarla deyirik ki, Azərbaycan öz tarixində heç bir zaman belə monolit birliyə, səfərbərliyə nail olmayıb. Azərbaycan tarixinin heç bir dönəmində, bu ölkənin heç bir başçısı bu qədər səmimi, möhtəşəm, qarşısıalınmaz məhəbbətlə sevilməyib. Bu, görünməmiş məhəbbət, Azərbaycan cəmiyyətində sarsılmaz siyasi həmrəylik, milli birlik və düşmən üzərində qələbənin təmin edilməsi üçün bir iksir kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün düşmən hansı yolla isə əldə etdiyi silahı başımıza yağış kimi yağdırsa da, hər birimizin gözləri önündə Ana Vətənimizi cənnətə çevirən qüdrətli rəhbərimizin, xalqın əziz, hünərvər oğlunun Azərbaycanımızın üzüyünün qiymətli gövhəri kimi qədir-qiymətini bildiyimiz Qarabağı cənnət kimi gözəlləşdirəcəyinə şübhəmiz yoxdur! Biz elə indidən Qarabağın gözəlliyini, şöhrətini seyr etmək üçün dünyanın hər guşəsindən axıb gələn insanların üzündəki heyrəti görürük. Biz həmin quruculuqda öz əziz, möhtərəm Prezidentimizə dayaq olmağa hazırıq!

 

Yaşasın xalqımızı gələcək nəsillərin qınağından xilas edən, qəlbimizin ülvi arzularını reallaşdıran, möhtəşəm siyasəti ilə Ana Vətənimiz Azərbaycanı bütün dünyada məğrur və yenilməz hörmətə çatdırmış Vətən oğlu!

 

Yaşasın Azərbaycan Ordusunun önündə şücaətli əsgər kimi silahı-qətiyyəti, taktikası, cəsarəti, uzaqgörənliyi, hörməti, zəkası, dühası ilə qalib gələn Ali Baş Komandanımız!

 

Böyük Tanrı nəzərini, sevgisini, dayağını Sizdən əsirgəməsin!

 

Qarabağı düşməndən xilas edən oğul Azərbaycanın ürəyidir!

 

Qarabağ Azərbaycandır!

 

Buna heç kimin şübhəsi yoxdur!

 

Dərin hörmət və ehtiramla

 

BSU-nun kollektivi adından rektor: professor Nurlana Əliyeva