Bakı Slavyan Universitetində “Qürurlu ol, əsgər anası!” layihəsi davam edir

İşğalçı və təcavüzkar Ermənistanın sentyabr ayının 27-dən başlayan və bu gün də davam edən yeni hərbi təxribatlarına və humanitar atəşkəs rejimi haqqında razılaşmanın tələblərini kobud şəkildə pozmasına cavab olaraq Azərbaycan Ordusunun  uğurla əks-hücum əməliyyatları davam edir. Şanlı və rəşadətli ordumuzun işğal altında olan yaşayış məntəqələrimizi bir-birinin ardınca düşməndən azad etməsi xalqımızda böyük sevinc hissi, ruh yüksəkliyi yaradıb.

Azərbaycan  Respublikasının  Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev demişdir: “Azərbaycanın mübarizəsi haqq mübarizəsidir. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!” Azərbaycan  Respublikasının  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın dediyi kimi: “Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı  olmayıb, heç zaman insanlığa  qarşı cinayət törətməyib.  Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq  basmayıb, o doğma torpağını qoruyur və onun uğrunda döyüşür”.

 

Vətəni qoruyan, onun uğrunda döyüşən oğulların arasında Bakı Slavyan Universitetinin  (BSU) məzunları da var. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor Nurlana  Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  “Qürurlu ol, əsgər anası!” layihəsi  övladlarını hərbi xidmətə yola salıb gözü yolda, qulağı qələbə xəbərində olan məğrur, cəfakeş, fədakar, eyni zamanda  qürurlu  əsgər analarına-Azərbaycan anasına mənəvi dəstək olmaq məqsədi  daşıyır.

Bu layihənin davamı olaraq BSU-nun Pedaqoji fakültəsinin dekanı, dosent Dilarə Hacıyeva, dekan müavinləri dosent Nailə Xəndan, dosent Lalə Mikayılzadə universitetin məzunları, hazırda hərbi xidmətdə olan İlkin Salayevin və Mahmud Atamalıyevin ailələrini ziyarət ediblər.

Əsgər İlkin Salayevin anası Ruhiyyə Salayeva, nənəsi Həqiqət xanım, əsgər Mahmud Atamalıyevin anası Rəxşəndə Atamalıyeva, bacısı  Ruqiyyə Atamalıyeva, qardaşı  Məhəmməd  Atamalıyev əzizlərinin təhsil  aldığı  universitetin müəllimlərinin  gəlişindən  çox  təsirlənib, məmnunluqlarını bildiriblər. Əsgər anaları Vətən torpaqlarının işğaldan azad olunmasında övladlarının iştirakından qürur duyduqlarını bildirməklə yanaşı, torpaqlarımızın tezliklə işğaldan azad olunmasını, bütün əsgərlərimizin sağ-salamat dönəcəkləri günü səbirsizliklə gözlədiklərini vurğulayıblar.

Qeyd edək ki, Pedaqoji fakültənin tələbəsi Nübar Adişovanın qardaşı Qüdrət Adişov Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Fakültənin rəhbərliyi şəhidin ailəsini ziyarət edərək, onlara  mənəvi dəstək olub.

Fakültənin müəllimləri Azərbaycan anasının dəyanətini, güclü  iradəsini şəhid Qüdrət Adişovun yas mərasimində iştirak edərkən Yaqut ananın simasında görüblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BSU-nun Mətbuat Xidməti