Bakı Slavyan Universitetində I tədris ili tələbələri ilə tanışlıq görüşü davam edib

   

   

Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan I tədris ili tələbələri ilə tanışlıq görüşü davam edib. BSU-nun Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 14-də növbəti görüş  Pedaqoji, Tərcümə, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültələrinin I tədris ili tələbələri ilə keçirilib. Görüşdə BSU-nun prorektorları, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, tədris-mədəniyyət mərkəzlərinin müdirləri, müəllimlər, tyutorlar, tələbə ictimai təşkilatlarının üzvləri iştirak ediblər. Qeyd edək ki, tanışlıq görüşü hər bir fakültə üçün əvvəlcədən müəyyən edilmiş vaxt qrafikinə, proqrama, tələbələrin fakültələr üzrə qruplar formasında iştirakına və ölkəmizdə Koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejiminin tələblərinə, o cümlədən tibbi maskadan və əlcəkdən istifadə edilməsi, sosial məsafənin gözlənilməsi və digər vacib tələblərə ciddi əməl edilməklə reallaşıb.

   

   

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü və Azərbaycanın Milli Qəhrəmanları, eləcə də BSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşə önünə əklil və gül dəstələri qoyulub.

BSU-nun Akt zalında keçirilən görüşün əvvəlində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   

Tanışlıq görüşünü giriş sözü ilə açan BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov tələbələrə universitetin rektoru, professor Nurlana Əliyevanın salamlarını çatdırıb, onları ali məktəbə qəbul olunmaları münasibətilə təbrik edib və gələcək təhsillərində yeni-yeni nailiyyətlər arzulayıb. Professor Telman Cəfərov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdikləri məqsədyönlü səmərəli fəaliyyət nəticəsində ölkəmizdə təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Son illər bu sahədə mühüm dövlət proqramları uğurla icra olunur və kompleks tədbirlər həyata keçirilir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.

   

Professor Telman Cəfərov çıxışında qeyd edib ki, BSU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri, mühüm mövqeyi var. BSU slavyan  xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Unikal və çoxprofilli ali təhsil müəssisəsi olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər hazırlanır.  BSU-da yalnız rus dili üzrə deyil, həm də ingilis, fransız, alman, bolqar, yunan, polyak, çex, belarus dilləri üzrə mütəxəssislər hazırlanır. Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində böyük nüfuz sahibi olan görkəmli alim-mütəxəssislərin fəaliyyət göstərdikləri BSU Slavyan dünyası ilə Türk dünyası arasında körpü rolunu oynayır.

   

Hazırda bütün dünya üçün böyük təhlükə yaradan Koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin davam etməsi şəraitində tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və  Təhsil Nazirliyinin müvafiq əmr, qərar, təlimat, göstəriş, tapşırıq və tövsiyələrini əsas tutan BSU-nun kollektivi distant təhsil səmərəli təşkil edir. Sentyabrın 27-dən başlayan ermənilərin yeni hərbi təxribatlarına qarşı qəhrəmancasına döyüşən Azərbaycan Ordusunun sıralarında BSU-nun məzunları da erməni işğalçılarına qarşı igidliklə vuruşurlar. Yaralanan, şəhid olan məzunlarımız var.

   

Pedaqoji fakültənin dekanı, dosent Dilarə Hacıyeva, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən professor Kamran Hacıyev, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin dekanı vəzifəsini icra edən dosent Mehriban Abdullayeva tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, göstərilən diqqət və qayğıya görə universitetin rektoru, professor Nurlana Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüşdə yüksək balla Pedaqoji fakültəyə qəbul olunan Fidan Hüseynovaya və Səadət Əsədovaya, Tərcümə fakültəsinə qəbul olunan Nuray Orucovaya, həmçinin Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinə qəbul olunan Ləman Allahverdiyevaya universitetin rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib.

Pedaqoji fakültənin I tədris ili tələbəsi Fidan Hüseynova göstərilən xoş və qayğıkeş münasibətə, yüksək səviyyədə keçirilən tanışlıq görüşünə görə universitetin rəhbərliyinə təşəkkür edib.

Görüş zamanı BSU-nun himni və milli ruhlu mahnılar səsləndirilib, həmçinin BSU-nun hazırladığı və təqdim etdiyi videoçarxda universitetin elm-təhsil və ictimai-mədəni fəaliyyəti, eləcə də tələbə həyatının maraqlı məqamları öz əksini tapıb.

Görüş zamanı tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli Qəhrəmanları, şəhid məzunları və tələbələri guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin Əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar. Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Boloniya prosesi, kadr hazırlığı aparılan ixtisaslar, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, universitetin yataqxanası, tələbə ictimai təşkilatları və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib. Tanışlıq görüşü tələbələrdə xoş təəssürat yaradıb.

Görüşdə  tələbə-gəncləri  maraqlandıran  suallar  cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti