Makronun mövqeyi beynəlxalq hüquqa ziddir

Fransa prezidenti Emmanuel Makron beynəlxalq hüquqa, sağlam məntiqə, siyasi etikaya, ölkəsinin Minsk qrupundakı həmsədrliyinə rəğmən, Azərbaycana qarşı böhtana yol verərək Fransanın işğalçı Ermənistanın yanında olmasını bəyan etdi. Bu cür qərəzli tərəfkeşliyin qədim və yeni tarixdə həkk olunmuş izləri vardır.
Əksər oxucularımız yaxşı xatırlayırlar ki, məhz Fransada 1988-ci ildə Qarabağ münaqişəsinin alovlanmasına səbəb olmuş ilk qığılcım püskürdü. Separatçı meyilli sovet akademiki A.Aqanbekyan Parisdə “Yumanite” qəzetinə müsahibəsində Ermənistanın əzəli Azərbaycan torpaqlarına iddialarını dilə gətirdi və bununla Qarabağ faciəsinə start verildi.
Bundan az öncə, 1985-ci il dekabrın 11-də Fransada erməni dilində nəşr olunan “Qamk” qəzeti “Daşnaksutyun partiyasının siyasi manifesti”ni dərc etdi. Manifestdə sözügedən partiyanın “Sevr müqaviləsi ilə müəyyən edilmiş Naxçıvan, Axalkalaki və Qarabağdan ibarət erməni əraziləri”nin daxil olduğu sərhədlər çərçivəsində “azad və birləşmiş Ermənistan”ın qurulması uğrunda mübarizə aparmaq niyyəti bəyan edildi.
Bu yerdə 1896-cı ilin 14 avqust tarixini xatırlamamaq olmur - həmin gün Osmanlı bankını ələ keçirmiş 25 erməni daşnakı nəinki cəzalandırılmadı, üstəlik, bir neçə gündən sonra terrorçular fransızlara məxsus “Jironda” gəmisində Marselə yola salındı.
Butün bunlar heç də təsadüfi deyil.
Politoloq Vəfa Quluzadə xatırlayırdı ki, müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Fransaya səfəri zamanı ermənilərin işğal etdikləri ərazilərin qeyd edildiyi Azərbaycan xəritəsini Fransua Mitterana göstərərək orada törədilmiş dəhşətli etnik təmizləmələr barədə məlumat vermişdir. F. Mitteran hər şeyi anladığını, lakin “ermənilər Fransaya yaxın xalq olduqları” üçün heç bir tədbir görə bilməyəcəyini etiraf etmişdi.
Onun varisi Jak Şirak Beşinci Respublikanın ermənipərəst simpatiyalarını daha açıq şəkildə Azərbaycan liderinə izah etmişdi: “Biz onları əsrlər boyu tanıyırıq, onlarla dostluq edirik. Sizinlə isə bu yaxınlarda tanış olmuşuq...” Nikola Sarkozi də eyni mövqedən çıxış edirdi. O, 2007-ci ildə prezidentliyə namizəd olarkən “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulunu dəstəkləyəcəyinə dair vəd vermişdi və Fransada “Ermənistan ili” elan olunmuşdu.
Məsələ ondadır ki, fransızların ermənilərə olan kor-koranə sevdasının kökü olduqca dərindir və birinci səlib yürüşləri zamanından qaynaqlanır. Bulyon, de Ritel, Luzinyan kimi zadəgan fransız sülalələrinin şəcərəsində XII əsrdən etibarən erməni qadınlarının hiyləgər izləri görünür. Onlar birinci səlib yürüşündən sonra Levantada, yəni Ön Asiyada yerləşən Şərqi Aralıq dənizi və şimal-qərbi Afrikanın kəsişməsində, Tampliyerlər ordeninin təsis edildiyi yerdə yaradılmış Yerusəlim krallığı hökmdarlarını öz sevgi torlarına sala bilmiş və onların ikinci arvadları olmuşlar.
1113-cü ildə Yerusəlim kralı I Balduin Bulyonlu erməni knyazının qızı Adra ilə evlənərək ikinci nikaha girmişdir. 18 ildən sonra II Balduin dü Burq de Retel ondan nümunə götürərək erməni knyazının qızı Melitenli Morafiya ilə ailə qurmuşdur. Onun qızı Melisenda Anju qrafı V Fulka ərə getmişdir və beləcə krallığın Anju sülaləsi bu qadının nəslindən törəmişdir. 1215-ci ildə dul qalmış Yerusəlim kralı İoann (Jan) de Briyenn Kilikiya knyazı I Levonun qızı Stefaniya ilə evlənmişdir. 1237-ci ildə erməni knyazının qızı Stefaniya Lampron Kipr kralı və Yerusəlim krallığının regenti Kiprli I Henrix Luzinyanın (Luzinyanlar - orta əsrlərdə Qərbi Fransada mövcud olmuş, öz adını Luzinyan qəsrindən almış zadəganlar nəsli) ikinci arvadı olmuşdur.
Kilikiya knyazı Levonun qızı Zabel ilə ailə quran Filipp de Puatye erməni məkrinə fəda oldu. Ona qarşı ermənilərin dini etiqadını qəbul etmək və onların adətlərinə hörmətlə yanaşmaq şərti irəli sürülmüşdü. Lakin öz dininə və adlı-sanlı nəslinin ənənələrinə sadiq olan Filipp vədinə xilaf çıxır. Üç ildən sonra o, Kilikiyanın narazı əyanları tərəfindən zindana atılaraq orada dünyasını dəyişir. Zabel isə başqasına ərə gedir.
Maraqlısı budur ki, erkən orta əsrlərə aid fransız ədəbiyyatında ermənilərə qarşı nifrət və inamsızlıq təsbit olunur. Lakin təəssüf ki, Osmanlı fəthləri nəticəsində müsəlman və xristianlar arasında qarşıdurmanın yaranması bu yanaşmanı dəyişdirmiş və öncə ermənilərdən narazı olan fransız zadəganları xristianlıq çətiri altında onlarla birləşməyə vadar olmuşlar.
Konstantinopolun süqutundan 20-30 il öncə Bizans pravoslav və Roma katolik kilsələri arasında osmanlılara qarşı mübarizə məqsədilə ittifaq yaradılmışdır. 1204-cü ildə dördüncü səlib yürüşü zamanı Konstantinopolu ələ keçirən səliblər Bizansın pravoslav əhalisinin dəstəyindən məhrum edildiklərindən, başqa etnik-mədəni baza axtarmağa məcbur oldular. Həmin dövrdə Yaxın Şərqdə öz müstəqilliyini qoruyub saxlayan yeganə xristian dövləti Rubenilər Kilikiyası olduğundan səliblər erməni knyazları olan Rubenilərə arxalandılar. Həmin dövrdən etibarən fransız-erməni mədəni-siyasi əlaqələrinin inkişafı intensivləşdi və sülalə nikahlarının bağlanması tendensiyası gücləndi.
Konstantinopolun 1453-cü ildə süqutundan və Kilikiyanın sultan II Mehmet tərəfindən fəth edilməsindən sonra xeyli sayda erməni Fransaya köçərək sonralar assimilyasiya olundu. Bununla belə, Fransanın siyasi doktrinasında ermənilər əvvəlki kimi Osmanlı dövlətinə qarşı mübarizədə müttəfiq qismində qəbul edilirdi.
Kilikiya knyazlığının (tarixi ədəbiyyatda onu səhvən çarlıq adlandırırlar) süqutundan sonra Kilikiya knyazı əvvəlcə Venesiyaya, daha sonra Fransaya üz tutur. Orada Fransa kralının vassalı olacağına dair and içir. Bu hadisədən sonra Fransa krallarının tituluna “reksi”, yəni “erməni knyazı, yaxud çarı” titulu əlavə edilir.
Kilikiyanın son hökmdarı IV Levon tənəzzülə uğrayan malikanələrini Kiprin fransalı Luzinyan şahzadələrinə vəsiyyət edərək 1342-ci ildə dünyasını dəyişdi. Beləliklə, XIV əsrdən bu günədək Yerusəlim krallığında hakimiyyətdə olmuş adlı-sanlı fransız sülalələrinin nəsilləri formal “Erməni çarı” tituluna varis oldular.
Göründüyü kimi, “fransız-erməni sevdası”nın tarixi olduqca qədimdir və artıq bu bağlılığı qarşılıqlı maraqlar kontekstindən ayrı təsəvvür etmək çətindir. Aydındır ki, tarixin dərinliklərinə gedib çıxan gizli səbəblər həm siyasi, həm də ictimai-mədəni sahələrdə ermənipərəstliyin yüksək amplitudasını daim təmin edir.
Çoxəsrlik əlaqələrə əsaslanan bağlılıq Fransada Avropanın ilk ermənişünaslıq məktəbinin meydana gəlməsi üçün əlverişli zəmini təmin etdi. Bu məktəbin əsas qayəsini erməni saxtakarlığının tarixi həqiqət libası altında təbliği təşkil edirdi. Bu işi Mxitarçılar ordeninə məxsus olan rahiblər məkrlə icra edirdilər. Mxitarçıların yalançı tezislərini müdafiə edənlərin sırasında nüfuzlu şəxslər xüsusi rol oynayırdı. XIX əsrin 40-cı illərində şərqşünas Qabriel Ayvazovski Parisdə fəaliyyətə başladı. Tanınmış marinist-rəssamın böyük qardaşı olan bu şəxs erməni dilində “Osmanlı dövlətinin tarixinə dair” kitab dərc etdirdi. Antitürk saxtakarlığının aşıb-daşdığı bu əsərin məğzinin nədən ibarət olduğunu anlamaq çətin deyil. XX əsrin əvvəllərində Frederik Makler də ermənişünaslıq məktəbinin nümayəndəsi kimi tanındı. Fransadakı əlverişli mühit ermənipərəst yalançı “dəlil”lərin bütün Avropada geniş yayılmasına imkan verirdi.
XVIII əsrdən “demokratiyanın beşiyi” sayılan Fransa XX əsrin əvvəlində müthiş erməni yalanının “beşiyi”nə çevrildi. Fransalı arxeoloq Jak Jan Mari de Morqan ehtiyac içində olduğu üçün Parisdəki antitürk qruplaşmalarının başçısı jurnalist Arşak Çobanyanın sifarişini yerinə yetirməyə razılıq verərək 1919-cu ildə qondarma “Erməni xalqının tarixini” (“Histoire du peuple armenien”) cızdı. Beləcə, cəmi altı elmi əsası olmayan kitab əsasında yazılmış uydurma “erməni tarixşünaslığının klassikası” meydana gəldi. Morqanla Çobanyanın aşkar olunmuş yazışmasında arxeoloq tarixi faktların çatışmazlığından gileylənərək Aninin süqutuna qədər “Böyük Ermənistan”la bağlı bir dənə də olsun kitab tapmadığını qeyd edir. Buna baxmayaraq, Fransada işə salınmış təbliğat maşını bu yalanı “qədim erməni xalqı”nın tarixinə dair mötəbər mənbə kimi bütün dünyaya təlqin etmişdir.
Antitürk uydurması olan “Andonyanın sənədləri” də Fransa mühitində eyni vəchlə təbliğ edilirdi. 1920-ci ildə heç kimin tanımadığı Aşot Andonyan adlı mühacir erməni guya ermənilərin “soyqırımı” barədə əmrin yazıldığı şifrəli teleqramların surətlərini tapmış və saxta cızma-qaranı fransız və ingilis dillərində geniş yaymışdır. O, “teleqramlar”ın əsl nüsxələrini təqdim edə bilməsə də, “erməni soyqırımı” barədə üstü pərdələnmiş yalan Parisdən həqiqət kimi bütün dünyaya sırıdıldı. Bütün bunlar “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan, ermənipərəst ənənədən qaynaqlanan qanun layihəsinin Fransanın Milli Assambleyası tərəfindən qəbul edilməsinin səbəblərinə işıq salır.
Bu sırada qeyd edək ki, Fransa hakimiyyətinin terrorçu ASALA ilə qeyri-rəsmi əlaqələri də bəllidir. 1981-1983-cü illərdə bütün dünya terrorçuların Parisdəki cinayətlərini müşahidə edirdi - onlar “Orli” hava limanında partlayış törətmiş, Türkiyə səfirliyini ələ keçirmiş, digər qanlı hadisələrə bais olmuşdular. Lakin Fransa hökumətinin himayəsi nəticəsində cinayətkarların bir qismi cəzadan yayındı, digərləri vaxtından əvvəl azadlığa buraxıldılar.
Bir sözlə, fransızların əsrlər boyu ermənilərə bağlılığı onları qeyri-sağlam addımlar atmağa vadar edir. Məsələn, 2013-cü il fevralın 26-da Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə tələbə Vüsal Hüseynovun Fransa parlamentinin binasında döyülməsi, nədənsə Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkədə ermənipərəstliyin dövlət siyasəti səviyyəsində olduğunu sübut etdi. Bununla belə, nə parlamentdə Sumqayıt hadisələrinin ildönümünü qeyd edən erməni icması, nə də dalaşqan parlamentarilər “demokratiya beşiyi”nin imici barədə düşünmədi. Bunlar azmış kimi, parlament zalında Xocalı faciəsi barədə həqiqəti söyləməyə cəhd edən azərbaycanlı fəallara qarşı güc tətbiq edildi. Paris prokurorluğu isə cinayətkarları cəzalandırmadan cinayət işinə xitam verdi.
Parisdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın daimi nümayəndəliyinin fəaliyyət göstərməsi, 2013-cü ildə bir qrup fransız deputat tərəfindən “Artsaxla dostluq dərnəyi”nin yaradılması, həmçinin Fransanın Burq-Le-Valans və Buk-Bel-Erin şəhərləri merlərinin Şuşa və Xankəndini əsarətdə saxlayan separatçı xunta ilə dostluq bəyannaməsini imzalamaları da siyasi məcradan çıxan rəzil davranışın səciyyəsidir.
Beləliklə, rəsmi Parisin mövqeyinə ciddi təsir edən erməni təzyiqi ənənəvi hal almışdır. Və bu amil Fransanın ATƏT-in Minsk qrupundakı həmsədr qismində qalıb-qalmaması məsələsinin gündəmə gətirilməsini sürətləndirir.
Şəlalə Həsənova
Bakı Slavyan Universitetinin
professoru, Əməkdar jurnalist