Bakı Slavyan Universitetinin əməkdaşı Nurlan Məmmədov erməni hakerlərinin hücumuna məruz qalan Fedai.az saytının fəaliyyətini bərpa etdi

   

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən verilən məlumata görə, bu ali təhsil müəssisəsinin Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisi, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nurlan Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fedai.az saytını erməni hakerlərinin kiberhücumundan sonra dərhal bərpa edib və informasiya müharibəsi şəraitində Qarabağ həqiqətlərini, Azərbaycanın haqq səsini dünyaya operativ çatdırmaqla daim düşmən hədəfində qalan bu saytın təhlükəsiz və fasiləsiz fəaliyyətini uğurla mühafizə etməyə nail olub. Buna görə N. Məmmədov 67 mindən çox üzvü olan AVMVİB-nin sədri Füzuli Rzaquliyev tərəfindən Birliyin təsis etdiyi “Milli Ordu — 100” yubiley medalı ilə təltif edilib.

Məlumat üçün qeyd edək ki, N. Məmmədov bu il oktyabr ayının 3-də “Google” korporasiyasının İnformasiya Texnologiyaları (İT) üzrə beynəxalq sertifikatını alıb. O, “Google” tərəfindən keçirilən “İT üzrə texniki dəstəyin əsasları” kursunu tam həcmdə, 98.78% bal ilə yüksək nəticə göstərərək informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, əsas şifrələnmə alqoritmləri və verilənlərin mühafizəsi mövzularında nəzəri və praktik tapşırıqları müvəffəqiyyətlə başa vurub. N.Məmmədov bundan əvvəl isə Toronto Universitetinin və Corciya Texnologiyalar İnstitutunun da müvafiq sertifikatlarına layiq görülüb. Hazırda o, dünyanın top reytinqində ilk sıralarda qərarlaşan Harvard Universitetinin “Python və JavaScript ilə Veb proqramlaşdırma” modulu üzrə distant təhsi alır. İnanırıq ki, N. Məmmədov qazandığı bilik və bacarıqlarını hazırda  uğurlu əks-hücum əməliyyatları ilə yanaşı, informasiya müharibəsi də aparan Azərbaycanın rəqəmsal mühitinin kibertəhlükəsizlik şəraitində fəaliyyətinə yönəltməklə bu işə öz töhfəsini verəcəkdir.

BSU-nun Mətbuat Xidməti