BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsi “Qürurlu ol, əsgər anası!” layihəsini həyata keçirir

   

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin professor-müəllim heyəti və tələbə-gəncləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasətini dəstəkləyir, xalqımızın igid övladlarının qəhrəmanlığından, döyüşçülərin  əzmkarlığından qürur duyur. Qeyd edək ki, bu mühüm və məsuliyyətli dövrdə fakültə bir sıra aktual məzmunlu layihələrin təşəbbüskarı kimi çıxış edib. Bu günlərdə fakültə tərəfindən daha bir layihəyə start verilib. “Qürurlu ol, əsgər anası!” layihəsi çərçivəsində fakültənin rəhbərliyi hazırda könüllü kimi cəbhə bölgəsində hərbi xidmətdə olan məzun əsgərlərin analarına baş çəkir, hal-əhval tutur, xeyir-dualarını bildirir, qələbənin bizimlə olacağına  inamlarını ifadə edirlər.

Bu ilin məzunu olan Davud Qasımovun anası və nənəsi ilə görüşüb,xoş arzularını, qələbə ruhunu  bölüşərkən,ailə başçısının da könüllü olaraq ön cəbhəyə getdiyi məlum oldu. Əsgər anası, döyüşçü xanımı olaraq  ananın pozitiv əhvalı, qələbəyə inamı, haqq-ədalət uğrunda gedən savaşda qalib çıxacağımıza əminliyi bizdə sevinc hissi oyatdı.

Fakültənin digər məzunu Fəqan Rəsulzadənin anası da əsl vətəndaş mövqeyindən çıxış edərək  xalqa, dövlətə, Prezidentə daim  dəstək olduğunu dilə gətirdi.

Xalqımız qələbəyə inanır,döyüşçülərimizin əzimkarlığından ruhlanır,tezliklə torpaqlarımızın işgaldan azad olunacağı xəbərini,əzəli yurdumuza  qayıda  biləcəyi günü əminliklə gözləyir.

“Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!” devizi Azərbaycan xalqının qəlbinin, ruhunun nidasına çevrilib.            

BSU-nun Mətbuat Xidməti