Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının Bəyanatı

Bu il sentyabr ayının 27-dən başlayaraq təcavüzkar və işğalçı Ermənistanın silahlı qüvvələri növbəti dəfə hərbi təxribat törədərək Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin yenidən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması nəticəsində Azərbaycanın  mülki vətəndaşları və hərbi qulluqçuları həlak olmuş, yenə də günahsız insanlara ciddi ziyan dəymişdir. Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Xüsusi vurğulamaq istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin müdrik, uzaqgörən, balanslaşdırılmış siyasəti, eyni zamanda, orduya birbaşa qətiyyətli rəhbərliyi, yenilməz iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində işğal altında olan bir sıra yaşayış məntəqələrimiz artıq azad edilib.

Böyük razılıq və şərəflə görürük ki, ordumuzun son uğurlu əks-hücum əməliyyatlarından ruhlanan, qürur duyan Azərbaycan xalqı iftixar hissləri yaşayır. Çox təqdirəlayiq haldır ki, hazırda Azərbaycan cəmiyyətində sarsılmaz milli birlik və vətəndaş həmrəyliyi möhkəm bərqərar olub. Bütün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ictimai birliklər Azərbaycan dövlətinin və Azərbaycan  Ordusunun yanında olduqlarını bildirən bəyanatlarla çıxış edirlər. Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bütün siyasi qüvvələrin, vətəndaş cəmiyyəti nümayəndələrinin eyni amal, eyni məqsəd, vahid mövqe  uğrunda çıxış etmələri mənfur düşmən üzərində tam və qəti qələbəni yaxınlaşdıran əsas amillərdən biridir.

Biz, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının vahid milli ideologiyası kimi müəyyən etdiyi Azərbaycançılıq ideologiyasına, yüksək milli-mənəvi dəyərlərimizə, Xalqa, Vətənə, Dövlətə və dövlətçiliyə sədaqət ruhunda yetişmiş Bakı Slavyan Universitetinin tələbə-gəncləri həmişə olduğu kimi, bu çətin və mürəkkəb günlərdə daha inamla Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müzəffər ordumuzun ən böyük təəssübkeşi olduğumuzu bildirir və düşmən üzərində qələbə naminə hər an bütün fədakarlıqlara hazır olduğumuzu bəyan edirik. Azərbaycanın mübarizəsi haqq mübarizəsidir. Doğma, əziz, müqəddəs Azərbaycanımız uğrunda aparılan bu Vətən müharibəsində zəfər bizimdir! Biz gənclər Vətənimizin hər qarışı uğrunda düşmənə qarşı vuruşa hazırıq! Yaşasın Səadət qapılarını Azərbaycan xalqının üzünə taybatay açan, onu ən ülvi arzularına qovuşduran, Vətən, yurd həsrətinə son qoyan  Dövlətimiz!

Yaşasın  müqəddəs missiyasını uğurla həyata keçirən Azərbaycan Ordusu!

01 oktyabr 2020-ci il