Hər şeydən keçilər, Vətəndən keçilməz!

Nurlana Əliyeva,

YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri,
Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor

Koronavirus pandemiyası bütün  dünyanı  sarsıtdığı bir zamanda   Azərbaycan dövləti elə bir  çeviklik və  siyasətlə virusa qarşı mübarizəyə keçdi ki,  səfərbərliyimiz  möhkəm, iradəmiz yenilməz, itkimiz az oldu. Çünki 30  ilə qədərdir ki, Azərbaycan   daha qəddar, daha rəzil, daha riyakar bir virusa qarşı-erməni aqressiyasına qalib gəlmək üçün ciddi addımlar atır. Ölkə Prezidenti  cənab İlham Əliyev bütün  dünyada  dövlətinin, millətinin haqqını, ölkəsinin mütərəqqi ruhunu, xalqının həyat eşqini, iradəsini, məqsədini, tərəqqi arzularını və bütün bunlardan  daha qüdrətli olan Vətən, torpaq sevgisini müdrik,  orijinal siyasəti, yüksək qabiliyyəti,  diplomatik gedişləri ilə nümayiş etdirir,   bu virusa qarşı mübarizədə  böyük bir  təcrübə qazandı, dünyaya  səs saldı.  Ən nüfuzlu  qurumlar,  siyasi ustalığı ilə  tanınan dövlət rəhbərləri  bu təcrübənin təqdimatında Azərbaycanın həqiqətlərinə inanmaya bilmədi, bu reallıqlarda  ehtiva olunan ədaləti rədd etməyi bacarmadılar. Çünki   küçələrdən hakimiyyətə  gəlmiş erməni rəhbərliyi  ilə   Azərbaycanın  müdrik  siyasət ustadının müqayisəsində həqiqətlər üzə çıxdı.  Uzun  illər  Azərbaycanın ev sahibliyi etdiyi  onlarla yüksək məramlı, hər dövlətə müyəssər olmayan ustalıqla  təşkil olunmuş müxtəlif istiqamətli  tədbirlərdə xüsusi məqamlara, zənginliyə, müasirliyə, zövqə, dərin mənaya, gözəlliyə, millətə məxsus istedada, qonaqpərvərliyə  və bunların fövqündə sarsılmaz  vətənpərvərliyə nəinki xalqlar, hətta  dövlət rəhbərlərinin  özləri də şəxsən şahid oldular.  Bu tərəqqi Azərbaycanın bütün  sahələrində, həm də ən böyük prinsipiallıqla Azərbaycan Ordusunun müasir quruculuğunda özünü göstərdi. Azərbaycan bütün məqsədləri, sürətli inkişafı ilə sanki zamanı qabaqlamaq iddiasını təqdim edirdi.  Bir zamanlar  əlçatmaz xəyal kimi görünən ən möhtəşəm layihələr  tez bir zamanda real həyata vəsiqə aldı.

Müxtəlifyönümlü sammitlər, dialoqlar, humanitar  beynəlxalq forumlar, idman yarışları, müsabiqələr Azərbaycanın hansı  imkanlara, heyranedici cəhətlərə  mailk olduğunu əyani göstərdi.  Belə bir ölkənin bu yüksəkliyini yaradana, qurana qədər  rəhbərin,  onun xalqının hansı  meyarlardan uğurla keçdiyini əyani olaraq isbat  etdi.  Bu  yüksəlişdə  hərb həvəsi, müharibə arzusu,  məhv etmək, yıxmaq,  talamaq,  başqalarının tarixi nemətlərinə,  bir qarış torpağına sahib  çıxmaq həvəsi duyulmadı. Bütün  bunlar  öz torpağında  əks-hücuma  keçən Azərbaycan  Ordusunun  düşmən üzərində  qələbə çalmaq kimi sönməz, yenilməz missiyasını həyata  keçirmək naminə  dünya dövlətlərinin  razılığını almaq istəyi ilə, humanist,  müasir, ədalətli hərbə başlamaq planı ilə bağlı idi.

Bu gün  bu  arzumuza qovuşmuşuq.  28 ildir ki,  hər birimizin ürəyindən  düşmənə  atəşlər  açılır.  Bu gün  yurd həsrəti olan  ürəklərimiz, nəhayət ki, yüngülləşir. Övladlarımız  igid bir xalqın  cəsarətli  oğulları  kimi cəbhədə vuruşduqca qürur duyuruq. «Hər şeydən  keçilər Vətəndən  keçilməz» deyirik. Azərbaycan, onun övladları Vətən müharibəsi aparır, Vətən uğrunda şəhid olur.     

Son günlərdə cəbhə xəttindən gələn qələbə xəbərləri hər birimizdə  sevinc, qürur, fərəh hissləri doğurur. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha  işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirir. Biz müharibə istəmirik, amma torpaqlarımızı işğaldan azad etmək qeyrəti, niyyəti bir an da bizi tərk etməyib.  30 ildən artıqdır dövlətimizin uğurlu siyasəti, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı  nəticəsində dünya  ermənilərin əsl simasını, onların  beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadan  öz riyakarlığını davam etdirdiyinin şahididir.

Möhtərəm Prezidentimiz İlham Əliyev bu günlərdə  “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli televiziyalara  müsahibəsində, həmçinin  BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini,  yalana söykənən əsassız təbliğatını   ifşa etməklə yanaşı, dünyaya bu reallığı da çatdırdı ki, Ermənistan açıq təxribatları ilə yenidən müharibəyə hazırlaşır. Həmçinin  dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən fevral ayındakı görüşdən bu günə regionun   təhlükəli  bir məkana çevrildiyini önə çəkərək  diqqəti  Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına yönəltmiş və bildirmişdir ki, onlar Azərbaycana  hücum edə, dövlət sərhədini keçə və yeni əraziləri işğal edə biləcəklərini düşünürlər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir.

Göründüyü kimi, Azərbaycan dövləti Ermənistanın törətdiyi təxribatların məqsədini ən yüksək səviyyələrdə bəyan edərək   və beynəlxalq təşkilatlardan işğalçı dövlətə bunun qarşısını almaq üçün təsir  göstərilməsini tələb edir, lakin nədənsə  dünya biganəliyi ilə  cəbhə xəttində  hərbi təxribatların törədilməsinə açıq-aşkar rəvac verir. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin  üzərinə düşür.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən  müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək  yaşayış məntəqələrimizi,  hərbi mövqelərimizi atəşə tutdu. Bunun nəticəsində  mülki əhali və hərbçilərimiz arasında  itkilər və yaralananlar var. Bu, bir daha onu göstərir ki,  Ermənistanın  Azərbaycana qarşı işğalçılıq siyasəti  davam edir və bu siyasət işğalçı dövlətin  faşist mahiyyətini  bütün dünyaya nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də xalqa müraciətində, eyni zamanda,  Təhlükəsizlik Şurasının iclasında bir daha törədilən təxribatların mahiyyətini açıqlayaraq bildirmişdir ki, dinc əhaliyə qarşı qəddarlıq  faşist dövlətlərə aid olan bir siyasətdir. 1992-ci ildə törədilən, tarixə XX  əsrin ən dəhşətli soyqırımı kimi  yazılan Xocalı faciəsi erməni vəhşiliyinin tarixdən  heç zaman silinməyən  göstəricisidir. Bu faciə erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmiş qaniçən bir millətin  sərhəddi  görünməyən  vəhşiliyi idi.  

Ermənilərin döyüş meydanlarında məğlubiyyətdən sonra növbəti dəfələrdə mülki şəxslərə, yaşayış məntəqələrinə hücum etmələri  məlum olaylardandır. Azərbaycan Ordusu bu hərbi təxribatların qarşısını qətiyyətlə alır. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirmişdir: “Mən Ermənistana Tovuz hadisələrindən sonra  bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar çirkin əməllərindən əl  çəkməsələr  peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu onlar üçün  dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.” Cənab İlham Əliyev bu bəyanatı da səsləndirmişdir ki, biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında  gözümüz yoxdur. Amma öz torpağımızı hec kimə verən deyilik.  Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında  ikinci erməni dövləti yaradılsın. Bugünkü hadisələr bunu bir daha göstərir.

Diplomatik mübarizədə qələbə qazanan Azərbaycan döyüş meydanında da qalibdir. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrdə, əsasən ordu quruculuğu istiqamətində mühüm addımların atılmasını şərtləndirir. Eyni zamanda, dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri əsas yer tutur. Bu da təbiidir. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli Ordunun olması vacib amillərdəndir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev vaxtilə  bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordunun olması vacibdir. Azərbaycanın  ordu quruculuğu istiqamətində atdığı addımlar,   müdafiə xərclərinin artırılması hər zaman işğalçı Ermənistanı narahat edir. Ermənistan hakimiyyəti bunu hər zaman  beynəlxalq ictimaiyyətə Azərbaycanın sülh danışıqlarında maraqlı olmaması kimi təqdim etməyə çalışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan etmişdir ki, Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməsi onun suveren hüququdur, bunun sülh danışıqlarından imtina etməyə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, Azərbaycan artan maliyyə imkanlarını  müdafiə ilə yanaşı, digər istiqamətlərə də yönəldir.

Bu gün  ermənilər öz naqis xislətlərinə, qorxaq təbiətlərinə bələd olduqları üçün Azərbaycan ilə  döyüşə  xarici ölkələrdən muzdlu əsgərlər gətiriblər.  Burada da səriştəsiz, dünyanın sirlərindən xəbərsiz bir mövqe tutdular. Heç bir muzdlu əsgər öz Vətəni, torpağı, bayrağı, anası uğrunda cəbhələrə atılan müzəffər əsgərə qalib gələ bilməz! Muzdlu əsgərin qəlbində Vətən eşqi, dizində, biləyində xalqının  gücü, belində qeyrətin təpəri, cəsarəti, rəşadəti ola bilməz! Ölümün gözünə dik baxa bilməz!

Azərbaycan Ordusunun gücü, qüdrəti, döyüş hazırlığı  Azərbaycan Silahlı Qüvvələri Günündə kecirilən paradlarda hər zaman   nümayiş olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, ordu quruculuğu mənim fəaliyyətimdə birinci yerdədir: “Hərbçilər də, Azərbaycan xalqı da bunu  bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz  müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.”

Son hadisələr Prezident-xalq-ordu birliyini bir daha nümayiş etdirir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən  əks-hücum əməliyyatları otuz ildən artıq davam edən   işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq!   Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda  Vətənə bağlılığı, illərdən  bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi deməkdir.  Möhtərəm Prezidentimiz daim bəyan edir ki, Azərbaycan gəncliyi vətənpərvərlik  ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji  fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir.  

Təbii ki,  bu hisslərin formalaşması kiçik dövlət olan ailədən, təhsilin əsasını təşkil edən məktəblərdən başlayır.  Hər bir ana övladını ölkəsi üçün gərəkli, vətənpərvər vətəndaş kimi yetişdirməyə çalışır. Onlara hələ uşaq yaşlarından  tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə, ədəbiyyatımıza bağlılıq aşılanır.  İllər keçdikcə yad təsirlərdən qoruyaraq sağlam əqidəli, sadiq, ədalətli, vətənpərvər, hərtərəfli şəxsiyyət kimi yetişdirmək naminə ömürlərini bu müqəddəs məqsədə həsr edirlər. Bu gün hər bir ana  öz övladını  müstəqilliyimizin daimiliyinin, Vətənin   ərazi bütövlüyünün  qorunması naminə göstərdiyi qəhrəmanlıqlardan qürur hissi keçirir. Vətən, torpaq uğrunda öz həyatlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə ucalırlar. Şəhid verən xalq yenilməzdir. Şəhidlərimizin həyat yolu gənclərimiz üçün vətənpərvərlik məktəbidir. Bu gün bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan gəncliyi yüksək əhval-ruhiyyə ilə ordu sıralarına daxil olur, əsgərlik xidmətlərini sevə-sevə yerinə yetirirlər. Yeganə amal, məqsəd işğal altında olan torpaqlarımızın azad olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, həyatımızın bütün sferalarında inkişafın dinamikliyinin təmin olunması, Azərbaycanımızın daha da qüdrətlənməsi, inkişaf etməsidir. “Bizim mübarizəmiz  haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır: “Otuz ilə yaxın öz doğma  torpaqlarına  qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza  qaytaraq.”

Bir mühüm məqamı da böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı İlham Əliyevin çağırışına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü  müraciət edənlərin sayı onminlərlədir. Vətənpərvərlik hissinin göstəricisi kimi qəbul edilən bu statistika, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin  Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasında  vətəndaşlarımızın böyük  ruh yüksəkliyi ilə iştirak edəcəklərinin təsdiqidir. Xalq-dövlət, xalq-ordu birliyi qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün stimulverici amil rolunu oynayır. Orduya dəstək hər bir vətəndaşın borcudur. Vətəndaşlarımızın vətənpərvərliyi, onların səfərbərlik elan olunmasına dəstəkləri, ordu sıralarında qulluq etmək niyyətləri sevindirici və qürurverici haldır.  

Bugünkü hadisələr bizləri müstəqilliyimizin ilk illərində yaşananları bir daha xatırlamağı bir zərurətə çevirir. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları bütün sahələrdə, o cümlədən Orduda uğursuzluqlara yol açmışdır. O dövrdə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda özbaşınalıqlar, xaos hərbi xidmətdən yayınmalara, fərariliyin baş alıb getməsinə səbəb olurdu. Torpaqlarımızin biri-birinin ardınca işğalı xalqın sabaha ümidlərinin tamamilə itməsinə səbəb olan inkaredilməz amillər idi. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bu məqama da xüsusi diqqət göstərmişdir. “Qarabağ torpaqlarının itirilməsinin səbəbkarları Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində  biz bu torpaqları itirmişik” söyləyən cənab İlham Əliyev bildirmişdir ki,  mən həmişə deyirdim ki,  biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq: “Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda  gedən mübarizənin  nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.”

AXC-Müsavat dövrünün reallıqlarına diqqət yetirməyimiz  səbəbsiz deyil. Qeyd etdiyimiz kimi, bugünkü hadisələr, cəbhə xəttində yaşananlar, işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində böyük şücaətlər göstərən Ordumuza dəstək dövlət-xalq-ordu birliyinin nə qədər sarsılmaz olduğunu nümayiş etdirir. Bir neçə yaşayış məntəqəmizin işğalçılardan azad edilməsi, bir neçə strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, harada yaşamasından asılı olmayaraq,  hər bir Azərbaycan vətəndaşında sabahımıza böyük inam yaradır, torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığına inandırır.  

2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Dağlıq Qarabağ problemi ümummilli məsələ olaraq hər bir vətəndaşdan münaqişənin həlli istiqamətində atılan addımlara dəstək göstərməyə, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırışdır. 50 siyasi partiyanın cənab İlham Əliyevin ətrafında sıx birləşərək  göstərilən qətiyyətli addımlara dəstək verməsi də  ölkəmizdə vətəndaş həmrəyliyinin göstəricisidir. Diqqət çəkən məqam bu birliyə, dəstəyə torpaqlarımızın itirilməsinin səbəbkarları olan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının qatılmamasıdır.  Onlar bu addımları ilə bir daha erməni sevgilərini, onlarla işbirliklərini ortaya qoydular. Azərbaycan dövlətinin, xalqının bugünkü  çətin, eyni zamanda, qələbə sevincli,    qürurverici günlərində kənarda dayanan belə ünsürlərin ancaq və ancaq bir adı var-Xəyanətkarlar. Təbii ki, bu ünsürlər dövlətimizin qətiyyəti, Ordumuzun gücü nəticəsində qazandığımız qələbəni qəbul  etmək şüuruna malik  deyillər. Çünki onlar Dağlıq Qarabağ problemindən hakimiyyətə qarşı bir təzyiq, ictimai fikri çaşdırmaq üçün bir vasitə kimi istifadə edirlər. Daim dövlətimizin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımların əhəmiyyətini azaltmaq, ictimaiyyətdə çaşqınlıq yaratmaq üçün belə fikirlər gündəmə gətirirdilər ki, guya hakimiyyətin bu addımları Dağlıq Qarabağ münaqişəsini unutdurmaq məqsədi daşıyır. Lakin möhtərəm Prezidentimiz İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman  çıxışlarında bildirirlər ki,  atılan addımlar müvəqqəti xarakter daşıyır, tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.  Mehriban xanım  Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımı da qürurvericidir. Paylaşımda deyilir ki, Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir: «Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!»

Ermənilərin bu təxribatı da dünyadan, xüsusilə dost, qardaş Türkiyədən Azərbaycana olan dəstəyi bir daha nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün  dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Azərbaycanla bir olduqlarını bildirdilər.  Hər iki dövlət istər çətin, istərsə də xoş anlarda daim bir-birinin yanındadırlar. Türkiyə Prezidenti  dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dəfələrlə dünyaya bu çağırışı edir ki, işğalçı Ermənistana «dur» demək zamanıdır. Son təxribatla bağlı bəyanatlarında da bu fikirlər öz əksini tapır. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən dost Türkiyənin hər bir məsələdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, dünyaya nümunə olan birlik kimi səciyyələndirilir.

Bugünümüzün reallığı budur ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını davam etdirərək işğal altında olan torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın  ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, işğala son qoyulmalıdır və  Azərbaycan xalqının ən ülvi arzusu məhz budur.

İşğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin  qanının yerdə qalmayacağını bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bəlkə indiyədək  Azərbaycan dilində  özünəməxsus  missiyası olan  nida işarəsi  heç bir zaman  belə  qətiyyətli görünməyib. Çünki Qarabağ Azərbaycandır! hökmü ölkə rəhbərinin dilində israrla, qətiyyətlə, inamla təsdiq edilir!

Cəbhə bölgələrimizdən  gələn qələbə xəbərləri işğalçı dövlətin, onlara havadarlıq edən dövlətlərin məyusluğunun aydın mənzərəsini yaradır ki, bu mənzərə Ordumuzun döyüş ruhunu daha da artırır, sabah, biri gün Qarabağı işğaldan azad edəcəyimizə,  dünyanın müxtəlif ölkələrinə səpələnmiş  50 milyondan artıq   azərbaycanlılara  qələbə sevincini yaşadacaqlarına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına  əminliyi artırır. Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir. Biz birlikdə güclüyük!  Tarixi faktlara, real həqiqətlərə əsaslanan Azərbaycanın deməyə sözü var. Ən nüfuzlu təşkilatların tribunasından işğalçı Ermənistana və dünya birliyinə çatdıracaq mesajları, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçmək üçün güvəndiyi Ordusu var! Dünya dövlətləri, beynəlxalq təşkilatlar artıq  kağız üzərində qalan bəyanatlarından real addımlara keçməyin fərqində olmalıdırlar. Sözün bitdiyi məqam artıq gəlib çatdı. Azərbaycanın tam haqqı var ki,  işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin  Ali  Baş Komandanı cənab İlham Əliyev  özünün qətiyyətli mövqeyini ortaya qoydu, xalqımız dəstəklədi, güclü siyasi iradəyə əsaslanan qüdrətli  Azərbaycan Ordusu  öz vəzifəsini uğurla yerinə yetirir. Möhtərəm  Prezidentimiz İlham Əliyevə ünvanlanan çoxsaylı  təbrik və minnətdarlıq məktublarında da bildirilir ki, Sizin  uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində  bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xoş xəbərlər  Sizin xalqımıza verdiyiniz  vədlərə sadiqliyinizin bariz nümunəsidir.  Azərbaycan  xalqı Prezidentinə,  Dövlətinə, Ordusuna güvənir. Hər  bir Azərbaycan  vətəndaşı silaha sarılıb  işğal altında  olan torpaqlarımızı azad etmək üçün  səfərbər olmağa hazırdır. Torpaqlarımızın işğaldan azad olacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır! Uzun illər bu qələbənin intizarı, həsrəti ilə yaşayan və öz ülvi arzusuna çatmaq  ərəfəsində olan xalqımız xoşbəxtdir!

Bu gün doğma Azərbaycanımızın  düşmənimizdə olmayan üç möhtəşəm, sarsılmaz silahı var: Dünyada apardığı ideoloji  müharibədə  ağlı, nadir, müdrik siyasəti, təkzibedilməz məntiqi, qətiyyəti, elmi, biliyi, təfəkkürü ilə zəfər qapılarını öz xalqının üzünə taybatay açan Prezidentimiz;  ən müasir texnika ilə silahlanmış, dünyanın ən yeni təlimlərini keçmiş, damarlarında qeyrət, namus, təəssübkeşlik qanı axan əsgərlərimiz, zabitlərimiz; üçüncüsü isə Vətən uğrunda  şəhidlik zirvəsinə ucalmış igidlər yetişdirən Azərbaycan anası!        

Eşq olsun Azərbaycan dövlətinə! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə! Qələbə bizimlədir!